Bazar , Fevral 23 2020
Home / Cəmiyyət / Azərbaycan boyakarlığında realizmin əsasını qoyan rəssam

Azərbaycan boyakarlığında realizmin əsasını qoyan rəssam

Qədim Naxçıvan torpağı zaman-zaman Azərbaycan xalqına görkəmli şəxsiyyətlər bəxş edib. Belə şəxsiyyətlərdən biri də milli rəssamlığın inkişafında özünəməxsus rol oynayan, Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən, ilk realist fırça ustası Bəhruz Kəngərlidir. Bu gün Bəhruz Kəngərlinin anadan olmasının 128-ci ildönümüdür.

30 il ömür, əsrlərə bərabər yaradıcılıq nümunəsi

Bəhruz Şirəlibəy oğlu Kəngərli 1892-ci il yanvarın 22-də Naxçıvanda doğulub. Çox qısa ömür yaşamasına baxmayaraq, onun hər bir əsəri Azərbaycan incəsənət tarixində xüsusi yer tutub. Yurdunu sevən rəssam Bəhruz Kəngərli ömrünün sonunadək Naxçıvanda yaşayıb və incəsənətimizin inkişafı naminə yorulmadan çalışıb.
Sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb və maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib. Bəhruz Kəngərli 1922-ci ilin fevral ayında dünyasını dəyişib.
Böyük rəssam vaxtilə Cənubi Qafqazın inzibati və mədəni mərkəzlərindən biri olan Tiflis şəhərində təşkil olunmuş “İncəsənəti təşviq cəmiyyəti” və ya digər mənbələrdəki adı ilə desək, “Rəssamları həvəsləndirən cəmiyyət”in nəzdindəki rəssamlıq məktəbini bitirən ilk azərbaycanlıdır. Yüksək istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan incəsənətində realizmin əsasını qoyan və öz yaradıcılığında qabaqcıl ideyaları əks etdirən sənətkarlardan biri olub. Rəssam sənətkarlığın əsas vasitələri olan rəsm, kompozisiya, rəng bacarığına böyük diqqət yetirib. Təsviri incəsənətin müxtəlif növlərində yaradıcılıqla məşğul olan Bəhruz Kəngərli həm boyakarlıq, qrafika, həm də teatr rəssamlığı sahəsində böyük müvəffəqiyyətlər qazanıb.

Ana təbiət, tarixi abidələr və vətənpərvərlik…

Tanınmış rəssamın əsərlərində təbiət, tarixi abidələr və vətənpərvərlik mövzusu əsas yerlərdən birini tutur. O, dövrünün görkəmli şəxslərinin rəsmlərini çəkib, portret janrında dəyərli əsərlər yaradıb. Azərbaycanlıların başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir.
Qısa, lakin mənalı ömür yaşamış Bəhruz Kəngərli Azərbaycan boyakarlığında realizmin əsasını qoymaqla həm də onu yeni ictimai məzmun, yeni janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirmiş görkəmli sənətkar olub. Ulu öndər Heydər Əliyev Bəhruz Kəngərlinin yaradıcılığını yüksək qiymətləndirərək deyib: “Bəhruz Kəngərli nadir istedada malik olan bir insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindəndir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olub. Hesab edirəm ki, Azərbaycanda, o cümlədən Naxçıvanda sənətşünaslar, tədqiqatçılar Bəhruz Kəngərlinin yaradıcılığını daha professional səviyyədə tədqiq etməli, əsərlər yazmalıdırlar”.

Böyük dövlət qayğısı

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən daim diqqətdə saxlanılan Bəhruz Kəngərli irsinə hər zaman qayğı göstərilib. Ali Məclisin Sədri 2001-ci il fevralın 15-də “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Bəhruz Kəngərlinin Naxçıvan şəhərindəki məzarüstü abidəsi bərpa edilib, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sərgi salonu Bəhruz Kəngərli adına Sərgi Salonu adlandırılıb. 2002-ci ilin yanvarında istedadlı rəssam Bəhruz Kəngərlinin anadan olmasının 110 illiyi təntənəli şəkildə qeyd olunub. Həmin il Bəhruz Kəngərli irsinin daha geniş öyrənilməsi məqsədilə Bəhruz Kəngərli Muzeyi yaradılıb. Hazırda bu mədəniyyət müəssisəsinin fondunda 1250-dən çox eksponat vardır ki, bunlardan 388-i ekspozisiyada sərgilənir. Bəhruz Kəngərli Muzeyinin ekspozisiyasının zənginləşdirilməsi məqsədilə görkəmli rəssamın 200-dən çox əsəri Azərbaycan Milli İncəsənət Muzeyindən gətirilərək bu mədəniyyət müəssisəsinə təqdim edilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” 2012-ci il 12 yanvar tarixli Sərəncamı Bəhruz Kəngərlinin yaradıcılıq irsinə göstərilən böyük diqqət və qayğıdır. 2016-cı ildə isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, görkəmli rəssamın abidəsi ucaldılıb.

Həmçinin oxuyun

Əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı altında muzeylərə ekskursiyası təşkil olunub-FOTO

19 fevral 2020-ci il tarixdə ali təhsil müəssisələrində təhsil alan əcnəbi tələbələrin “Welcome to Nakhchivan” adı …