Cümə axşamı , Noyabr 19 2020
Home / Cəmiyyət / Bələdiyyə fəaliyyəti ilə bağlı Ordubad rayonunda seminar keçirilib

Bələdiyyə fəaliyyəti ilə bağlı Ordubad rayonunda seminar keçirilib

Ədliyyə Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi və qanunçuluğun təmin edilməsi” mövzusunda Ordubad rayonunda bələdiyyə sədrlərinin iştirakı ilə seminar keçirilib.

Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə,Dəstə kənd mərkəzində keçirilən seminarı Ordubad Rayon İcra Hakimiyyəti başçısının aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Reyhun Babayev açaraq mövzunun əhəmiyyəti barədə məlumat vermişdir.

 “Bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsini tənzimləyən qanunvericiliyin tələbləri” mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi vəzifəsini müvəqqəti icra edən  I dərəcəli ədliyyə qulluqçusu Xəyal Eyvazov qeyd edib ki, bələdiyyə mülkiyyətində olan torpaqların hüquqi və fiziki şəxslərə icarəyə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilməlidir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri və digər şərtlər də nəzərdə tutulmalı, daxil olmuş müraciətlərə qanunla müəyyən olunmuş qaydada vaxtında baxılmalıdır.

“Bələdiyyələrin mülkiyyət hüququ və torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatı” barədə Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin sektor müdiri Oktay Məmmədov çıxış edərək bildirib ki, bələdiyyə mülkiyyətində olan ehtiyat  fondu torpaqların hüquqi və fiziki şəxslərin istifadəsinə verməklə muxtar respublika əhalisinin kənd təsərrüfatı məhsullarına artan tələbatının ödənilməsində xüsusi rol oynayır. Ona görə də həmin torpaqlar yalnız məqsədli təyinatı üzrə qanunvericiliklə nəzərdə tutulmuş qaydalara əməl edilməklə icarəyə verilməlidir.

Ədliyyə Nazirliyinin Qanunvericilik bölməsinin rəisi ədliyyə müşaviri Ayaz Məhərrəmov “Bələdiyyə aktlarının hazırlanması və qəbul edilməsi ilə bağlı qanunvericiliyin tələbləri” mövzusunda məlumat verib. Bildirib ki, respublikamızda bələdiyyələrin inkişafı və fəaliyyətlərinin təkmilləşdirilməsi üçün zəruri şərait yaradılmış və yerli özünüidarə hüququnu həyata keçirməkdə əhaliyə hərtərəfli köməklik göstərilir. Bələdiyyələrin bütün iclasları protokollaşdırılmalı, tərtib olunan bələdiyyə aktları qanunvericiliyə uyğun hazırlanmalıdır.

Sonda mövzu ətrafında müzakirələr aparılmış, iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmışdır. Seminar iştirakçılarına “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin səmərəli təşkili və yerquruluşu işlərinin aparılması məqsədilə tədbirlərin görülməsinə dair metodik vəsait” , “Qəbiristanlıqların saxlanılması və idarə olunması haqqında yaddaş kitabçası”, “Metodik sənədlər toplusu” və “Bələdiyyə üzvünün yaddaş kitabçası” metodiki vəsaitlər təqdim edilmişdir. 

Həmçinin oxuyun

Bu il 1600-dək əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb edilib

500 nəfər əlilliyi olan şəxsə isə BMT İnkişaf Proqramı ilə birgə layihə çərçivəsində biznes qurulur …