Çərşənbə axşamı , Oktyabr 19 2021
Home / Cəmiyyət / Bəstələnsin zəfər nəğmələri

Bəstələnsin zəfər nəğmələri

 Müharibə mövzusu incəsənətin bir çox sahələrində öz əksini tapıb. Tarix boyu bu həssas mövzuda minlərlə şeirlər yazılıb, mahnılar bəstələnib. Bu da təsadüfi deyil. Çünki musiqi əhval-ruhiyyəyə təsir göstərən, insanda müsbət emosiyalar yaratmaq gücünə malik olan ali qüvvədir. Bir sözlə, musiqi həmişə savaşla, döyüşlə qoşa addımlayıb.

    Milli ordumuzun igid əsgərlərinin işğalçı düşmənə layiqli cavab verdiyi bu günlərdə televiziya və radiolarda ən çox hərbi-vətənpərvərlik mövzusunda mahnılar səslənir. Bu mahnıların mətni düşmənə qarşı vuruşmağın, Vətəni, ata-baba yurdunu qorumağın şərəfli bir iş olduğunu göstərir, haqdan-ədalətdən vaz keçməməyi öyrədir. Düşünürük ki, Azərbaycan Respublikasının Dövlət Himni ən böyük vətənpərvərlik mahnısıdır. Sözləri Əhməd Cavada, musiqisi isə dahi bəstəkarımız Üzeyir Hacıbəyova məxsus olan, böyük peşəkarlıqla ərsəyə gətirilən Azərbaycanın Dövlət Himni xalqımızın Vətən mücadiləsinə, gənclərin Vətən sevgisi məktəbinə daim sadiq olduğunu ehtiva edir. Dövlət Himnimizin gənclərin vətənpərvərlik tərbiyəsində rolunun heç nə ilə müqayisə edilmədiyini bilirik. Çünki o, böyük bir tərbiyə ünvanıdır…

Azərbaycan! Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üçrəngli bayrağınla məsud yaşa!

    Tariximizi vərəqləyəndə görürük ki, “Kitabi-Dədə Qorqud” das-tanında Oğuz eli qopuzun, “Koroğlu”da isə sazın müşayiəti ilə igidlər döyüş meydanına yola salınırdı. Sözləri Əhməd Cavada məxsus olan “Çırpınırdın Qara dəniz”, mərhum bəstəkar Vasif Adıgözəlovun Teymur Elçinin sözlərinə bəstələdiyi “Qarabağ şikəstəsi” oratoriyası bu gün də Azərbaycanda, eləcə də qardaş Türkiyədə çox sevilərək dinlənilir. Bundan başqa Qəmbər Hüseynlinin, Səid Rüstəmovun, Emin Sabitoğlunun, Nəriman Məmmədovun, Tamilla Məmmədzadənin, Ələkbər Tağıyevin, Cahangir Cahangirovun, Tofiq Quliyevin və digərlərinin bəstələdiyi mahnılarda Vətənimizin və igid əsgərlərimizin şərəfinə, qüdrətinə ən gözəl sözlər deyilib, musiqilər bəstələnib. Müsbət haldır ki, həmin mahnıların əksəriyyəti indi də repertuardan düşmür, sevilə-sevilə ifa edilir və dinlənilir. Məsələn, Müslüm Maqomayevin Nəbi Xəzrinin sözlərinə bəstələdiyi “Azərbaycan” mahnısını bu gün də eşidəndə adamın varlığından qəribə bir gizilti keçir. O səsin ahəngindən qopan “Ey əziz anam, Azərbaycan, sənə bağlıyam” harayı hər kəsin gözləri qarşısında ana yurdun dağlarını, çinarlarını, çöllərini, düzlərini, bir sözlə, gözəlliklər məskənini yaradır.

     Hərbi diktor Şəmistan Əlizamanlı müasir Azərbaycan gəncliyinin vətənpərvər ruhda böyüməsinə xidmət edən mahnı müəlliflərindən biri kimi tanınır. Onun ifasında səslənən “Ağ ümid”, “Birinci batalyon”, “Cənab leytenant” hərbi mahnılarının müəllifi ixtisasca həkim olan Şahin Musaoğludur. Şərəfli döyüş yolu keçən və doğma Vətəni göz bəbəyi kimi qoruyan Azərbaycan zabitlərinə həsr olunan “Cənab leytenant” mahnısını təkcə ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız da sevə-sevə, həm də böyük şövqlə ifa edirlər:

Hay ver mənə, cənab leytenant!

Hay ver mənə, leytenant!

Xoş müjdəli bir savaşdan,

Pay ver mənə, leytenant!

     Yaxud, hər kəlməsindən Azərbaycan əsgərinə sevgi duyulan “Əsgər, Vətən əmanəti” mahnısı. Şəmistan Əlizamanlının bu ifasına hansımız aşiq olmamışıq?. Doğrudan Azərbaycan əsgərinin yolu haqq yoludur, işi haqq işidir, bu oğullar Vətənə, Vətən isə onlara əmanətdir.

 Döyüşlərdə bərkiyəcək, son sözünü demək üçün,

Haqq yolundan dönməyəcək, azadlığa yetmək üçün.

Əsgər, Vətən əmanəti, yurd əmanəti,

Əsgər, ocaq əmanəti, od əmanəti.

 Müəllifin igidlər diyarı Naxçıvan torpağının yetirməsi olan Milli Qəhrəman Yusif Mirzəyevə həsr etdiyi “İgid əsgər, möhkəm dayan” mahnısı sanki Azərbaycan xalqının keçdiyi qəhrəmanlıq yolundan söz açır və bu yolda daima düşmən qarşısında polad kimi möhkəm olmağı aşılayır. Onu da qeyd edək ki, Yusif Mirzəyev ağır yaralandıqdan sonra Şahin Musaoğlunun döyüş bölgəsində çalışdığı xəstəxanada müalicə alıb və sağ ikən bu mahnının varlığından xəbərdar olub. Həmişə Şahin ona baş çəkəndə bu mahnıdan söhbət açar və zümzümə edərmiş. Günlərin bir günü Şəmistan Əlizamanlının Yusif Mirzəyevi ziyarət etməsi mahnının ərsəyə gəlməsinə səbəb olub. Bu nəğmə həm də ilk səngər mahnımız hesab olunur:

Çox sınadı bizi zaman,

Neçə şəhid getdi qurban,

Sinəsiylə sipər olan

İgid əsgər, möhkəm dayan

Ya azad ol, ya candan keç,

İki yoldan birini seç,

Azadlığın şərbətin iç,

İgid əsgər, möhkəm dayan!

     Bu gün Azərbaycan əsgəri ön xətdə düşmənə layiqli cavab verir, tor- paqlarımızı işğaldan azad edərək mənfur ermənilərlə layiq olduğu dildə

danışır. Düzdür, son illər xüsusən gənclər tərəfindən vətənpərvər ruhda

qələmə alınan mahnılar da var, amma biz bununla kifayətlənə bilmərik. Ordumuzun tarix yazdığı bu günlərdə bəstəkarlar, şairlər, mədəniyyət xadimləri qələbə ruhlu, oğullarımızın igidliyini tərənnüm edən şeir və mahnılara daha çox yer verməlidirlər. Çünki onlar müasir Azərbaycan tarixinin ən uğurlu hərbi əməliyyatlarını icra edərək tarix yazırlar. Onların şəninə mahnılar bəstələmək, Vətən qarşısındakı xidmətlərini misralarla tarixin yaddaşına həkk etmək də bizim borcumuz olmalıdır. Yazılan nəğmələr, bəstələnən yeni mahnılar Şuşada, Xankəndidə, Laçında səslənsin, BÖYÜK QƏLƏBƏnin zəfər himni olsun…

Fətəli AXUNDZADƏ

Həmçinin oxuyun

Deputatlar bu gün 10 məsələ üçün toplaşır

Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində növbəti plenar iclası keçiriləcək. MEDIAKTIV.AZ-ın məlumatına görə, iclasın …