Cümə axşamı , Yanvar 14 2021
Home / Cəmiyyət / Başqa şəxsi bilə bilə koronavirusa (Covid-19) yoluxdurma hansı məsuliyyətə səbəb olur?

Başqa şəxsi bilə bilə koronavirusa (Covid-19) yoluxdurma hansı məsuliyyətə səbəb olur?

Virusun üzə çıxdığı ilk zamandan etibarən Azərbaycanda bütün istiqamətlər üzrə pandemiya ilə mübarizə aparılır. Qlobal böhrandan az itkilərlə çıxmaq üçün bütün səylər yeni növ koronavirusa qarşı mübarizəyə səfərbər edilib. Ölkəmizin apardığı təsirli tədbirlər sayəsində hətta pandemiyanın ilkin dalğasını qısa zamanda ram edə bildik. Tezliklə sərt karantin rejimindən normal həyata keçidimiz sürətləndi. Amma pandemiyanın şərtlərinə əməl edilməməsi virusun yoluxma sürətini birdən-birə arzuolunmaz istiqamətə yönəltdi. Bu mərhələdə isə gecikmək, virusa qarşı lazımi tədbirləri həyata keçirməmək sonradan qarşısının alınması çətin olan vəziyyətlərə yol aça bilərdi. Buna görə də hökumətimiz yenidən sərt karantin rejiminin tətbiqini labüd hesab etdi. Dünya təcrübəsindən də göründüyü kimi, yoluxmanı azaltmaq, vəziyyəti nəzarətdə saxlamaq üçün indiki halda sərt karantin rejiminin tətbiqi ən düzgün addımdır. Ümumilikdə, Azərbaycan cəmiyyəti qoyulan qaydaları anlayışla qarşılayır, ona əməl edir. Amma koronavirusu təhlükəli edən bilavasitə onun sürətli yoluxma xüsusiyyətidir ki, ölkəmizdə onu yox etmək üçün bütünlükdə hər bir vətəndaşın həmrəylik göstərərək qaydalara uyması vacib şərtdir. Lakin hələ də müəyyən hallarda bunun əksi ilə rastlaşırıq. Əgər koronavirusa (Covid 19) yoluxmuş şəxs karantin rejiminə riayət etmirsə və bu zaman hər hansı başqa şəxsi də həmin virusa yoluxdurursa Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb olunur. Qeyd olunan əməli törətmiş şəxslər Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırlar. Cinayət Məcəlləsinin 139-1.2-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda isə üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Bilməliyik ki, qaydaların pozulması hər birimizin sağlamlığını təhlükəyə atır. Virusun yoluxma sayını artıraraq, onun yox edilməsi istiqamətində görülən bütün tədbirləri effektsiz edir. İndiki halda hər birimiz qoyulan tələblərə maksimum əməl edilməsinə çalışmalı, ictimai nəzarətçiyə çevrilməliyik. Yalnız bu yolla infeksiyaya qalib gələ, xalqımızı labüd təhlükədən qoruya bilərik.

Nəriman Vəliyev

Culfa rayon prokurorluğunun

müstəntiqi vəzifəsi üzrə stajor                 

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq

Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Prezident …