Cümə , Noyabr 27 2020
Home / Cəmiyyət / Bizi Vətən çağırır-Ramiz Qasımov yazır…

Bizi Vətən çağırır-Ramiz Qasımov yazır…

Vətənin döyüşkən, əsgər şairi olan Xalq şairi Məmməd Arazın yaradıcılığında xalqımızın taleyi ilə bağlı hər bir məsələyə rast gələ bilirik. Məmməd Araz yaradıcılığı öz mübarizə və döyüş təbiri ilə böyük Vətən uğrunda savaşa çıxan bir ordunu xatırladır. Onun “Vətən!” – deyə hayqıran misraları ali tribunanın önündən keçən  hərbi parada düzülmüş əsgərləri xatırlatmaqdadır. Xalq şairinin lirik məni isə bu ordunun önündə gedən əyilməz komandan təsirini bağışlayır. Bu mənada Xalq şairi Məmməd Arazın vətəndaşlıq himnləri sayılan misraları o günlərdə yazılmasına baxmayaraq, bu gün üçün çox aktual səslənir. Bu gün  Şanlı Ordumuzun torpaqlarımızı işğaldan azad etmək istiqamətində göstərdiyi rəşadət və qəhrəmanlıq hadisələri fonunda Məmməd Arazın mübarizə ab-havalı, milli qeyrət, qürur və heysiyyət dolu misraları cəngi kimi səslənir. Xalq şairinin “İndi bizim ölümlə Çarpışan çağımızdır”, “Bu gün gərək hər anımız Vətən desin”, “Bizi Vətən çağırır”, “Qalx ayağa, Azərbaycan”, “Ata millət, ana millət, ağlama” və başqaları kimi çoxsaylı şeir və misraları irəli atılan bir əsgərin, Vətən üçün can fəda edən hər bir şəhidin hayqırtısı, çağırışları təsirini bağışlayır. 

XX əsrin sonlarına doğru öz azadlıq, müstəqillik idealları uğruna mübarizəyə qalxmış Azərbaycan xalqının taleyinə yazılmış Qarabağ problemi Xalq şairi Məmməd Arazın yaradıcılığında özünə başlıca yer alıb. Bu mövzuda şairin yazdığı “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, eləcə də “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri həm də milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndir. Əsərlərində qüvvətli mübarizə idealı olan milli məsələlərin güclü ifadəçisi ustad şair Məmməd Araz milli oyanışa, Qarabağ savaşına aid yazdığı əsərlərində bu mübarizə əzmini qoruyaraq “Ayağa dur, Azərbaycan” əsərində “Atın məni tank altına, Qundaqdakı bir körpəni xilas edim”. Neçə “səni”, neçə “məni” xilas edim” kimi misralarla babalardan gəlmə döyüş və mübarizə qeyrətini, vətən sevgisini nümayiş etdirmişdir. “Ağlamağın yeri deyil, ağlama” adlı şeirində övlad itkisindən bağrı yanan şəhid anasına müraciət edən şair şəhid anasının ağlamağına millətin sınması kimi yanaşaraq ürək-dirək verirdi:

Bu döyüşdü – əzilən var, əzən var,

Ölüm hökmü qoltuğunda gəzən var;

Burda “bizik”, nə “mən” vardır, nə “sən” var.

Yox, ağlama, ana millət, ağlama!

Qorxuram ki, sına millət, ağlama.

Məmməd Araz heç kimin heç kimdən fərqli olmadığı milli mübarizə, həmrəylik və birgə savaş dövrünə uyğun olaraq şəhid anasına, şəhid atasına müraciətlə səslənir, anaların, ataların ağlamağını millətin mənəvi sınıqlığı kimi təqdim edirdi.

Qeyd edildiyi kimi, xalq şairinin “Ya rəbbim, bu dünya sən quran deyil”, “Ata millət, ana millət, ağlama”, “Bizi vətən çağırır”, “Əsgər oğul”, “Dilənçi qaçqın”, “Kəlbəcər qaçqınlarına” və başqa əsərləri məhz bu dövrün problemlərini əks etdirən qiymətli ədəbi nümunələrdir. Məmməd Araz mövzusu nə olursa olsun, Azərbaycan həyatından, taleyindən, dərdindən, sevincindən yazaraq yenə də bir ideala – Azərbaycanın bütövlüyü və azadlığı idealına xidmət etmişdir. Elə dünyanın qəribə gərdişindən, artan problemlərindən, dərd-sərindən bəhs edən “Ya rəbbim, bu dünya sən quran deyil” əsərində də əsas motivlər “Ya rəbbim, bizlərə qaytar bizləri”, “Ya rəbbim, əl açdıq, tut əlimizdən, Çıxmasın bu doğma yurd əlimizdən” kimi fikirlər üzərində qurulmuşdur. Vətəndaş şair: “Ya Rəbbim, sərhədlər sən görən deyil! Bu sədlər, bu dünya sən hörən deyil!” deyərək daha böyük məsələlərə – Azərbaycan xalqının işğal altına alınan tarixi, dədə-baba ərazilərinə, yeni dünyada gedən işğalçılıq missiyalarına, sərhədlərin yenidən müəyyənləşdirilməsi hadisələrinə diqqət çəkir.

Şair köhnə əsrin yeni dövrünün problemlərini birər-birər öz əsərlərində dilləndirir. “Əsrin yalanları, əsrin vədləri”, “Dilənçi qaçqın”, “Nişançı özümüz, hədəf özümüz”, “Yaşamaq budurmu”, “Qoş məni dağ küləyinə”, “Bu insan adlanan insan”, “Düşmən qabağından qaçan “kişilər”” və digər əsərlər öz problemləri ilə şairin yaradıcılığında görünür, bəzən bir giley, bəzən bir nalə, bəzən də dəli bir qəzəb, hiddət, nifrət səsi olaraq eşidilir. “Şəhidlərin çoxu mərdlər, Namərdlər artır, ay Allah” deyən şair “düşmən qabağından qaçan “kişilər””dən də dərdli yara açır, ikrah və yanğı dolu fikirlərini dilə gətirir:

Başını qorudu boş papağınan,

Pay verdi düşmənə zər tabağınan.

Tökdü namusunu it qabağına,

Düşmən qabağından qaçan kişilər.

…Qaçır varlığından, varından qaçır,

Qaçır qeyrətindən, arından qaçır.

Oğlundan, qızından, yarından qaçır,

Döyüş meydanından qaçan kişilər, – deyə düşmən qabağından qaçmağı Azərbaycan-türk övladına, Oğuz igidinə yaraşdırmır.

Söz yox, Xalq şairi vətənin dar günündə, döyüş vaxtında, mübarizə məqamında birliyi, elliklə mübarizəni haqq bilir. Öz vətəninə, torpağına sahib çıxmağa qeyrəti çatmayan insanları da lənətləyirdi. “Şəhidlərin çoxu mərddir” deyən Xalq şairi mərdliyi, mübarizliyi diqqətə çatdırırdı, Şəhidlik – qeyrətdir, kişilikdir, qəhrəmanlıqdır düşüncəsini şüara çevirirdi.

            İdeya-estetik meyarları ilə Xalq şairi Məmməd Araz, sözün əsl mənasında, istiqlal şairi və haqq-ədalət carçısı idi. Onun cəsarətlə deyilmiş sözləri konkret dövrün problemlər və qayğılar panoramasını təqdim edən qiymətli ədəbi nümunələrdir. O, birlik, həmrəylik, haqq-ədalət, doğruluq, mübarizlik əxz edən əsərlərilə ictimai fikrin saflaşmasına və fərdlərin şəxsiyyətcə milli dirçəlişinə, tərbiyəsinə xidmət edirdi. Onun əsərləri, bir sözlə, Azərbaycan xalqı və torpağının tarixi taleyi, müqəddəratı və istiqlaliyyətinə həsr olunub. Milli mental dəyərləri əks etdirməklə həm də təbliğ edən Məmməd Araz poeziyası bütün vüsətilə azərbaycançılıq dərsi və dərsliyidir. Məmməd Araz tənqid edirsə, təqdir ediləni təbliğ edir, bu vəsilə ilə onun yaradıcılığında bütün varlığı ilə Azərbaycan boy atır. “Bütün keçilməzliyi, Vətən, adınla keçdim, Haqqın var yaşamağa, Haqqın var, Məmməd Araz” deyən Xalq şairinin Vətəndən başqa ünvan tanımayan yüksək dəyərlər və ideallar poeziyasına tamamilə haqq qazandırmaq olar.

Şair “Bura Naxçıvandır” şeirində də bu ulu yurda tamah salıb göz dikənlərin iştahasına zəhər qatır, tarixən xalqın düşmənə bir dərs vermiş olur:

Bura Naxçıvandı, Naxçıvan.

Bu torpağın daşına da hürən olub,

Qumunu da, külünü də eşən olub.

Tüstümüzə, odumuza hürən olub.

Soyumuza, adımıza hürən olub.

Qəlpə-qəlpə daş qoparıb

məqam tapıb.

Yurdumuzun daşlarından.

Yalaq əkmək səriştəli –

qara əllər,

Böhtan əkmək səriştəli –

ara əllər.

Marıqdadır düşmən hələ,

Qorxur, qorxur Zəngəzurun

Sahibləri qəfil gələr.

Bazarçayın, Zəngiçayın,

Qaragölün, Üçtəpənin,

İşıqlının, İşıqların,

Göyçənin, Göyçəgölün

Sahibləri birdən gələr.

Göründüyü kimi, vətənpərvər şair Məmməd Araz Naxçıvana göz dikən, tamahı başına bəla olan mənfur düşmənlərin hiylə, amal, kələklərini də unutmayıb, gələcək həmvətənlərini xəbərdar edib. Vətənpərvər şair onların müxtəlif vaxtlar xalqımızdan, vətənimizdən qopardıqları dədə-baba torpaqlarını yad edir, düşmənin alınmış bu torpaqlar üstündə səksəkə içində “yaşadığını”, keçirdikləri qorxu və təlaşı poetik ustalıqla təqdim edib. Adıgedən şeir 1999-cu ildə, yəni Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunduğu, Ulu Öndər Heydər Əliyevin müdrik rəhbərliyi altında müstəqilliyin möhkəmləndirildiyi, dövlətçiliyin inkişaf etdirildiyi bir dönəmdə havadarlarına arxalanaraq Azərbaycan torpaqarını işğal altında saxlayan, sərsəm iddialarla çıxış edən mənfur ermənilərin yeni hiylələrinə cavab olaraq yazılıb. Vətən övladlarına hayqıraraq səslənən istiqlal şairi Məmməd Araz bu əsərində də müraciət bildirən misraları ilə yeni nəsilləri oyaq və ayıq olmağa çağırıb:

Vətən oğlu, gözün yatsa,

Kirpiyini ayıq saxla.

Hənirtini ayıq saxla.

Nəfəsini ayıq saxla.

“Naxçıvana gəlib Şahbuz dağlarından ona baxmasam, bizim olub “bizim olmayan” Ermənistan dağları ilə çiyin-çiyinə oturmasam, hesabdan deyil”, – deyə ifadə etdiyi fikirlərlə də el birliyi ilə hamını fəal mübarizəyə səsləmiş, indiki Ermənistanın dədə-baba torpaqlarımız olan İrəvanın üzərində qurulduğunu gələcək nəsillərin diqqətinə çatdırmışdır.  

Ümumiyyətlə, Xalq şairi Məmməd Araz özünün vətən məzmunlu şeirləri, əsərlərilə azərbaycançılıq məfkurəsinin təbliği və Azərbaycan istiqalılana görkəmli xidmət göstərmiş əbədiyaşar sənət adamıdır. Onun “Ayağa dur, Azərbaycan” və başqa şeirləri 1988-90-cı illər Azərbaycanın milli müstəqillik uğrunda apardığı mücadilə dönəmində böyük mənəvi güc rolunu oynayıb. Ədibin “Ata millət, ana millət ağlama”, “Bizi vətən çağırır”, “Ulu şahım, qılıncına söykənim mən” və b. şeirləri milli istiqlal şeirimizin ən tutarlı nümunələrindəndirlər.

Beləliklə, Məmməd Araz sənəti və sənətkarlığı əbədi və ədəbi bir vətəndaşlıq tərbiyəsi məktəbidir. Bu bir həqiqətdir ki, Xalq şairi Məmməd Araz Azərbaycan ədəbiyyatının Vətən və vətəndaş şairidir. Onun yaradıcılığı ilk sözündən tutmuş son sözünə qədər vətən üzərinə deyilmiş vətəndaş nəğmələridir. Şübhəsiz ki, yeni nəsillər bu görkəmli xalq şairinin əsərlərini sevə-sevə oxuyacaq, onun vətəndaşlıq qayəsi ilə zəngin ədəbi-bədii irsindən mənəvi qida, estetik zövq, tərbiyə alacaqlar. Elə Xalq şairinin “Bizi Vətən çağırır” şeiri də məhz bu günümzdə – torpaqlarımızın işğldan azad edildiyi bir vaxtlarda Komandan əmri, əsgər andı, şəhid harayı, qazi nəsihəti kimi səslənir:

İndi bizim ölümlə,

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı.

Qılınc qap, Vətən oğlu,

Bizi Vətən çağırır!

…Bu yolda əyilənə:

“Ölüm haqdı”, – deyirik.

Əbədi məzarımız

bu torpaqdı, deyirik.

Vətən göyü dəyişməz

Göy bayraqdı, deyirik.

Qılınc qap, Vətən oğlu,

Bizi Vətən çağırır!

…Gücünə qəzəbini,

zəhmini də qata bil,

Düşmənin marığında

pələng kimi yata bil.

Bu dağları baba bil,

Bu daşları ata bil!

Qılınc qap, Vətən oğlu,

Bizi Vətən çağırır!

Bizi Vətən çağırır!!!

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin oxuyun

DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi

Məlum olduğu kimi, ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması üçün bütün lazımi tədbirlər görülür. MediAktiv.az xəbər …