Cümə axşamı , Aprel 22 2021
Home / Cəmiyyət / Cəlilkənddə içməli su şəbəkəsi qurulub – FOTO

Cəlilkənddə içməli su şəbəkəsi qurulub – FOTO

“Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində rayonun Cəlilkəndində də yeni içməli su şəbəkəsi qurulub.

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, iyulun 24-də kənddə içməli su şəbəkəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Məlumat verilmişdir ki, Cəlilkənddə içməli su şəbəkəsinin tikintisinə 2019-cu ilin noyabr ayında başlanılmışdır. Su Şərur şəhərinə gələn ana xətdən götürülərək paylayıcı şəbəkəyə verilir. Layihəyə uyğun olaraq ərazidə diametri 25 millimetrdən 280 millimetrə qədər olan plastik borularla 18,3 kilometr içməli su xətti çəkilmiş, ev birləşmələri aparılmış, 342 evə su verilərək sayğac quraşdırılmış, 2222 sakin fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunmuşdur. Su şəbəkəsi üzərində 5 yanğın hidrantı, qəza zamanı məhəllə xətlərinin bağlanması üçün müxtəlif diametrli 26 siyirtmə və 2 suboşaldıcı quraşdırılmışdır.

Yerin relyefindən asılı olaraq mənzillərə su 2-5 bar arası təzyiqlə verilir. Layihə çərçivəsində Şərur şəhəri və ətraf 5 kənd –  Mahmudkənd, Yengicə, Zeyvə, Düdəngə və Cəlilkənd üzrə ümumilikdə 4906 ev və 170 müəssisə su şəbəkəsinə qoşulmuş, sakinlər Beynəlxalq Səhiyyə Təşkilatının tələblərinə cavab verən təmiz içməli su ilə təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək demişdir: Hər bir yaşayış məntəqəsinin su təminatının yaxşılaşdırılması vacib məsələdir. Su hardadırsa, həyat, sağlamlıq və təmizlik də oradadır. Ölkəmizdə qəbul olunmuş dövlət proqramlarının tərkib hissəsi kimi muxtar respubikamızda da əhalinin içməli və təsərrüfat suyu ilə təminatı diqqətdə saxlanılır. Ölkə Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş Azərbacan Respublikası regionlarının sosial-iqtisafdi inkişafına dair Dövlət Proqramına uyğun olaraq həyata keçirilən bu işlər böyük əhəmiyyət daşıyır. Çünki dayanıqlı su təminatı əhalinin sosial problemlərinin həll olunması sahəsində görülən vacib işlərdəndir. “Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinə uyğun olaraq həyata keçirilmiş tədbirlər Cəlilkənddə də içməli su problemini həll etmişdir. Kənddə müxtəlif diametrli borularla ümumi uzunluğu 18 kilometrdən artıq olan su xətti çəkilmiş, 340-dan çox abonentlə müqavilə bağlanmışdır.

Ali Məclisin Sədri demişdir: Şərur Şəhər Sutəmizləyici Qurğular Kompleksində 4 mərhələdə təmizlənən və yüksək standartlara cavab verən içməli su Şərur şəhərində və ətraf kəndlərində uzun illər əhalinin tələbatını ödəyəcəkdir. Cəlilkəndin 2200-dən artıq əhalisi tam standartlara cavab verən sudan istifadə edəcəkdir. Eyni zamanda gələcəkdə rayonun digər kəndlərində də bu layihə həyata keçiriləcəkdir. Ona görə də sudan qənaətlə istifadə olunmalıdır. Çünki hər bir evə suyun çatdırılması üçün böyük zəhmət çəkilib, ən müasir sistem qurulub. Sutəmizləyici Qurğular Kompleksindən su elektrik enerjisi istifadə olunmadan Şərur şəhərinə və ətraf 5 kəndə verilir.

Ali Məclisin Sədri demişdir:  Cəlilkənd ziyalılar kəndidir. Şərur rayonunda ilk məktəb və kitabxana burada yaradılıb. Rayon ərazisindəki yeganə buzxana abidəsi də Cəlilkənddədir. Kəndin qədim tarixi və zəhmətkeş insanları vardır. Ona görə kəndin inkişafı mərhələ-mərhələ həyata keçirilib, insanların rahat yaşayışı üçün şərait yaradılıb. İçməli su təminatı da sakinlərin uzun illər çəkdiyi əziyyətə son qoyub.

Ali Məclisin Sədri sakinlərə təbriklərini çatdırmış, içməli su şəbəkəsinin qurulmasında əməyi olanlara təşəkkür etmişdir.

Kənd ağsaqqalı Namiq Hüseynov demişdir: “Dünyanı bürüyən pandemiya dövründə respublikamızda quruculuq işləri öz axarında davam edir və hər tərəf günü-gündən gözəlləşir. Bir neçə il bundan əvvəl Cəlilkənddə gözəl, yaraşıqlı məktəb binası, həkim ambulatoriyası, mədəniyyət evi, muzey, kənd və xidmət mərkəzi tikilərək sakinlərin istifadəsinə verilmişdir. XIX əsrə aid Buzxana abidəsi yenidən qurulmuşdur. Təbii qaz və elektrik xətləri yenilənmiş, geniş asfalt yol salınmışdır. Yaradılan şəraitdən istifadə edərək kəndimizin zəhmətkeşləri torpaqlarını əkir, təsərrüfatlarını genişləndirir, muxtar respublikada məhsul bolluğuna öz töhfələrini verirlər. Bizim ancaq bir problemimiz var idi. Bu da içməli suyun olmaması idi. Sizin böyük təşəbbüsünüz, diqqət və qayğınız sayəsində tez bir zamanda bu problem aradan qaldırıldı. Kəndə içməli su xətti çəkildi. İndi çox sevinirik ki, kəndimiz 24 saat davamlı, Dünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin olunmuşdur. Göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə kənd əhalisi adından minnətdarlıq edirik”.

Ali Məclisin Sədri içməli su şəbəkəsinin istifadəyə verilməsini bildirən qurğunu işə salmış, Şərur rayonunun Sərxanlı kəndində içməli su şəbəkəsinin qurulması barədə tapşırıqlar vermişdir.

Həmçinin oxuyun

Prezident və xanımı Pirşağıda ağac əkiblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində ağac əkiblər. …