Bazar , İyun 7 2020
Home / Cəmiyyət / Mehman Şabanov:”Distant təhsilə yalnız müəllimlər deyil, həmçinin, tələbələrimiz də böyük maraq göstərir”

Mehman Şabanov:”Distant təhsilə yalnız müəllimlər deyil, həmçinin, tələbələrimiz də böyük maraq göstərir”

Mehman Şabanov: “Distant təhsilə yalnız müəllimlər deyil, həmçinin, tələbələrimiz də böyük maraq göstərir. Onlayn dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemin olmamasına baxmayaraq tələbələr bu dərslərin hər birində iştirak edirlər”.

Bu sözləri MediAktiv.az-a müsahibəsində “Naxçıvan” Universitetinin  “Ümumi tarix” kafedrasının müdiri, tarix üzrə fəsəfə doktoru Mehman Şabanov deyib.

– Distant təhsil nədir və hansı xüsusiyyətləri var?

-Tədris prоsesinin elektrоn, telekоmmunikasiya, prоqram-teхniki vasitələr əsasında təşkil оlunduğu təhsil fоrmasıdır. Distant təhsildə informasiyalar öyrənənlərə çap materialları, elektron materiallar, elektron dərslik, televerilişlər və s. formalarda təqdim edilir. Bu tədris informasiyalarının kitablar, disklər, audio-video kasetlər kimi daşıyıcıları vardır. Distant təhsildə tədris metodik kompleksdən, kompüter, televizor, audio-video maqnitofon, multimedia texnikası və s. kimi təlim vasitələrindən istifadə olunur. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Məsafəli  təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram olaraq da şərh olunur.

– Mövcud vəziyyətdə video dərslərin keçirilməsində əsas məqsəd nədir və bu məqsədə nail olunurmu?

– Pandemiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə müvafiq sərəncam verildiyi üçün şagird və tələbələrə video dərslərin keçirilməsinə başlandı. Mövcud vəziyyətdə video dərslərin keçirilməsi ən optimal variantdı. Bu daha çox müəllimlərin şəxsi təşəbbüsü ilə baş tutdu. Burada əsas məqsəd onların tədris proqramından geri qalmaması və materialların mənimsənilməsini təmin etməkdir.  Video dərslərdən, onlayn mühazirələrdən istifadə edərək mövzuları mənimsənilməsinə nail olmağa çalışılır. Mənim fikrimcə, buna demək olar ki, qismən nail olunur.

– Fəaliyyət göstərdiyiniz təhsil müəsisəsində video dərslər keçirilirmi?

– Əlbəttə. “Naxçıvan” Universitetin bütün müəllimləri hər vəchlə çalışırlar ki, video dərslər tələbələrin maraq və diqqətini çəksin. Bunun üçün müəllimlər müasir informasiya-kommunikasiya texnologiyalarının təqdim etdiyi bütün mümkün imkanlardan istifadə edirlər.

– Video dərslərə olan maraq və diqqət sizi qani edirmi?

– Bəli. Distant təhsilə yalnız müəllimlər deyil, həmçinin, tələbələrimiz də böyük maraq göstərir. Onlayn dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemin olmamasına baxmayaraq tələbələr bu dərslərin hər birində iştirak edirlər. Onlar üçün yaradılan şəraitdən maksimum istifadə edirlər. Həmrəyliyin vacib olduğu bu zamanda gənclərimizin bu diqqəti təqdirəlayiqdir.

– Distant təhsilin müsbət və mənfi cəhətləri nələrdir?

– Distant təhsil insanın utancaqlıq və auditoriya qarşısında çıxış etmək fobiyası kimi kommunikasiya keyfiyyətləri ilə bağlı psixoloji maneələri dəf etməyə imkan verir. Bununla bərabər təhsilin mobil olması tələbənin aktual məsələlərə istənilən zaman yiyələnə bilməsini təmin edir. Müəllimlər eyni zamanda, daha çox tələbəni öyrədə bilməsi də müsbət cəhətlərindəndir. Mövcud vəziyyətdə pandemiyanın qarşısının alınmasında da əhəmiyyətli rol oynayır. Lakin burada tələbələrin fərdi fərqlərini nəzərə almaq, müəllim və tələbə arasında canlı ünsiyyətin itməsi, kifayyət qədər interaktiv olmaması kimi hallar da mövcuddur.

– Gələcəkdə distant təhsil haqqında  hansı yeniliklər edilməlidir?

– Uzun müddətdir ki, Azərbaycanda da distant təhsil sisteminə keçilməsi ilə bir çox fikir mübadilələri edilir. Avropanın qabaqcıl ölkələri ilə rəqabət apara bilmək üçün distant təhsilə keçilməsi vacibdir.  Həm Koronavirus problemi, həm də məktəblərin onlayn tədris sistemi distant təhsilin önəmini artırdı amma bu sistemin tam olaraq qurulması zamana ehtiyac duyur. Belə ki, ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı, təhsilin sürətini tənzimləmədəki sərbəstlik, hədəf qruplara treyninqlərin verilməsi, yaş qrupları arasında təhsil balansının təmin edilməsi və ya təhsili geniş coğrafiyada əldə etmənin təmin edilməsi kimi bir çox məsələlərin təşkil edilməsi heç də asan bir məsələ deyil.

Vəfa QASIMOVA

Həmçinin oxuyun

Ermənistanda koronavirusdan ölənlərin sayı 190 nəfərə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 12 364 nəfərə çatıb. MediAktiv.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son …