Bazar , Yanvar 10 2021
Home / Cəmiyyət / Milli musiqimizin adı – Üzeyir Hacıbəyov

Milli musiqimizin adı – Üzeyir Hacıbəyov

Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyov 18 sentyabr 1885-ci ildə Şuşa qəzasında, Azərbaycanın gözəl guşələrindən biri olan Ağcabədidə dünyaya gəlmişdir. İlk təhsilini Şuşada alan dahi bəstəkar müqəddəs torpaq olan Şuşanın abu-havasının təsirini, xan qızı Natəvan incəliyinin, rəssam-musiqişünas Mir Möhsün Nəvvabın əvəzolunmaz sənətinin təsirini duymuş, öz yaradıcılığı ilə doğma Azərbaycanda böyük bir musiqi iris qoymuşdur. Ziyalı ailəsində doğulan böyük sənətkarın atası Əbdülhüseyin Molla Məhəmməd oğlu Hacıbəyov öz dövrünün savadlı, ziyalı şəxslərindən biri idi. O, XIX əsrin tanınmış dövlət xadimi və şairi, Qarabağ xanlarının varisi Xurşidbanu Natəvanın mirzəsi olmuş və onun Ağcabədidəki təsərrüfatına başçılıq etmişdir. Üzeyirin anası Şirinbəyim xanım isə Qarabağda məşhur Əliverdibəyovlar nəslindən olmuşdur.

Ailəsi ilə birlikdə Ağcabədidən Şuşaya köçdükdən sonra Üzeyir ilk təhsilini buradakı ikisinifli rus-türk məktəbində almışdır. Şuşanın dillərə dastan zəngin musiqi-ifaçılıq ənənələri Üzeyirin musiqi tərbiyəsinə yüksək mənəvi təsir göstərmişdir. Onun ilk müəllimi Azərbaycan musiqisinin gözəl bilicisi, dayısı Ağalar bəy Əliverdibəyov olmuşdur. 1899-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olan Hacıbəyov yüksək təhsil almış və nəhayət, Sankt-Peterburqda konservatoriyanı bitirmiş, beləliklə böyük, parlaq yaradıcılıq yoluna başlamış və bu yaradıcılıq yolunu şərəflə keçmidir.

Azərbaycan xalqının musiqi tarixində əvəzolunnmaz, görkəmli bir yer tutmuş Üzeyir Hacıbəyov hələ uşaqlıqdan, gənc vaxtlarından hərkəsdən fərqlənən fitri istedadına görə çox şeyləri öyrənməyə çalışmış və öyrənmişdir. O musiqi ilə yanaşı Azərbaycanın tarixini, eyni zamanda mədəniyyət tarixini və xalqımızın zəngin musiqisini dərindən öyrənmiş, dünyada tayı-bərabəri olmayan musiqimizə böyük həvəs göstərmişdir.  Bütün bunların hamısını özündə cəmləyərək, o Azərbaycan xalqının zəngin musiqi xəzinəsindən bəhrələnərək o hələ 22 yaşında “Leyli və Məcnun” operasını yazmış və bununla da böyük bəstəkar kimi özünü tanıtmış, fəaliyyətə başlamışdır.

Banisi böyük Mirzə Fətəli Axundov olan, Azərbaycan xalqının böyük və zəngin teatr tarixi vardər. Azərbaycan opera sənətinin, opera teatrının banisi isə “Leyli və Məcnun” operası ilə Üzeyir Hacıbəyovdur. Onun yaradıcılığı və tükənməz fəaliyyəti nəticəsində Azərbaycanda böyük opera sənəti, opera və balet teatrı öz inkişaf yolunu keçmiş və bu gün bizim dünyada öz sözünü deyən opera sənətimiz, opera və balet teatrımız var.

Dahi bəstəkar Üzeyir Hacıbəyovun adı çəkilən zaman onu təkcə peşəkar musiqişünas kimi yox, eyni zamanda onu jurnalist, saysız-hesabsız dəyərli məqalələrin müəllifi, pedaqoq, Azərbaycan bəstəkarları və musiqişünaslarının istedadlı nəslinin müəllimi, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Elmlər Akademiyasının elmi- tədqiqat İncəsənət İnstitutunun rəhbəri, Akademiyanın musiqi üzrə ilk həqiqi üzvü, yorulmaz ictimai xadim, Azərbaycan Dövlət Konservatoriyasının təşkilatçısı, onun rektoru və professoru, ilk çoxsəsli xorun, ilk notlu xalq çalğı alətləri orkestrinin, musiqi məktəbinin, musiqi texnikumunun yaradıcısı kimi xatırlamaq lazımdır. Bildiyimiz kmi o, həm də Azərbaycan Dövlət himnlərinin müəllifi olmuş, Azərbaycan SSR-nin Xalq artisti, Dövlət mükafatları laureatı idi.

Ü.Hacıbəyov klassik rus və Avropa bəstəkarlarının sənətini yüksək dəyərləndirdiyi kimi, onun öz sənəti də ən mötəbər dünya sənətkarları tərəfındən layiqincə qiymətləndirilmişdir. Neçə-neçə dünya şöhrətli musiqişünaslar, aktyorlar, dramaturq və başqa şöhrətli sənət xadimləri onun yaradıcılığı haqqında səmimi, qrueverici sözlər söyləmiş, onun özünəxas musiqisinə məhəbbət və rəğbətlərini bildirmişlər. Elə həmin rəğbətin nəticəsidir ki, 30 may 2006-cı il tarixdə Avstriyanın paytaxtı Vyanada “Donaupark”da unudulmaz sənətkarın abidəsi ucaldılmışdır.

Üzeyir bəyin yazıb-yaratdığı hər musiqi notası, bütün yaradıcılığı xalqımız, xüsusən də biz gənclər üçün örnək olmalı, onun bizə miras qoyduğu əvəzolunmaz irsi hər birimiz tərəfindən qorunub saxlanlımalı və bizdən sonrakı nəsillərə əmanət edilməlidir. Onun ruhundan, qələmindən süzülüb qəlbimizə axan bütün yaradıcılıq fəaliyyəti hər bir yaradıcı gənc üçün ilham qaynağıdır. Ancaq böyük şair Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar Hacıbəyovun onun şeirinə həsr etdiyi iki romans-qəzəl – “Sənsiz”i (1941) və “Sevgili canan”ı (1943), bu zərif lirik romans-qəzəllərin məndə yeri bir başqadır və bu gündə bu əsərlər ruhumuza qüvvətli təsir bağışlayır.

Bu gün artıq Üzeyir Hacıbəyovun vəfatından 72 il ötür. Dahi bəstəkarın gəncliyi onun vətəni olan Şuşada keçmişdir. Ona görə də orada vaxtıilə ev-muzeyi yaradılmış və Şuşada onun heykəli qoyulmuşdur. Orada təkcə Üzeyirin yox, böyük sənətkarımız Bülbülün də, Xan qızı Natəvanın da heykəli qoyulmuşdu. Bildiyimiz kimi 1992-ci ilin may ayında Şuşa mənfur düşmənimiz olan ermənilər tərəfindən işğal olunmuşdu. Və həmin işğalçılıq nəticəsində Qafqazın musiqi məkəzi olan Şuşada Üzeyirin, Bülbülün, Natəvanın ev muzeyləri və digər mədəniyyət abidələrimiz də dağıntılara məruz qalmışdır. Onlar hətta  öz vandallıqqlarını bir daha biruzə verərək Üzeyir Hacıbəyovun, Bülbülün, Natəvanın heykəllərini də güllələmişdilər. Aciz və mənəvi dəyərlərdən bixəbər olan yağı düşmən elə düşünürdü ki, o heykəllərə atılan güllələr Üzeyir Hacıbəyov, Bülbül, Natəvan yaradıcılığını məhv edəcək, Azərbaycan xalqının mənəviyyatını sarsıdacaq, Xeyr! Azərbaycan xalqı var olduqca onun zəngin mədəni irsi və bu irsi qurub yaradan şəxsiyyətlər də əbədiyyən onun qəlbində var olacaq! Onlar elə güman edirdilər ki, Şuşanın işğalı daimi olacaq. Amma müzəffər Azərbaycan ordusunun qəti iradəsi və yüksək səyi nəticəsində bu gün artıq Şuşa azaddır! Şuşa Azərbaycandır! Şuşanın, Qarabağın dünyaya bəxş etdiyi Üzeyir Hacıbəyov və digər görkəmli şəxsiyyətlərin ruhu da artıq şaddır. Və biz bir millət kimi var olduğumuz müddətdə Hacıbəyovun da digərlərinin də irsi daim ruhmuzda yaşayacaq, onun yaşadığı yerlərin hamısı ziyarətgaha çevriləcəkdir. Çox yaxın zamanda bütün azərbaycanlılar və dünyanın başqa ölkələrindən olan insanlar Üzeyir Hacıbəyovun və digər görkəmli sənət nümayəndələrimizin ev muzeyini məhz elə onların fəaliyyət göstərdiyi, yazıb-yaratdığı əzəli Qarabağ torpağında-Şuşada ziyarət edəcəklər….

Abdulla KƏRİM

Həmçinin oxuyun

Muxtar respublikada ailə, qadın və uşaq hüquqları qorunur

Naxçıvan Muxtar Respublikasında ailə, qadın və uşaq hüquqlarının qorunması dekabr ayında da diqqətdə saxlanılmış, bir …