Bazar , Yanvar 17 2021
Home / Cəmiyyət / Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində test imtahanı keçirilib-FOTO

Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində test imtahanı keçirilib-FOTO

Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin peşəkarlığının obyektiv qiymətləndirilməsi, onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və gələcək inkişafının təmin edilməsi məqsədilə 2 dekabr 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidmətində çalışan işçilərin attestasiyası üzrə test imtahanı keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən MediAktiv.az-a verilən məlumata görə,imtahanda qanunvericilik üzrə 100 sual təqdim edilmiş, sualları cavablandırmaq üçün namizədlərə 2 saat 30 dəqiqə vaxt verilmişdir. Keçirilən imtahanda test tapşırıqlarının ən azı 60 faizini (60 bal) düzgün cavablandırmış şəxslər müvafiq keçid balını toplamış sayılırlar.

İmtahan Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində elektron proqram təminatı vasitəsilə keçirilmişdir. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. İmtahanda obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın videoçəkilişi aparılmış və Dövlət Miqrasiya Xidməti əməkdaşlarının müşahidəçi qismində iştirakları təmin edilmişdir.

Attestasiya üzrə test imtahanında iştirak etmək üçün qeydiyyatdan keçmiş 18 nəfərdən 16-sı test imtahanında iştirak etmiş, 15-i müvafiq keçid balını toplamışdır. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilmişdir.

Test imtahanının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilmişdir.

Attestasiya imtahanında tibbi maskadan istifadə edilmiş, sosial məsafə qorunmuş və digər sanitar-gigiyenik tələblərə əməl olunmuşdur.

Bundan başqa, 16 noyabr 2020-ci il tarixdə Dövlət Gömrük Komitəsində, və 18 noyabr tarixində Ədliyyə Nazirliyində çalışan işçilərin, 20-30 noyabr tarixlərində dövlət musiqi təhsili müəssisələrində işləyən müəllimlərin attestasiyası üzrə test imtahanları keçirilmişdir. Ümumilikdə imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçmiş 886 nəfərdən 835-i test imtahanlarında iştirak etmiş, 368-i müvafiq keçid balını toplamışdır.

  İmtahan zamanı sosial məsafə qorunmuş, tibbi maskadan istifadə olunmuş və digər sanitar-gigiyenik tələblərə əməl edilmişdir.

Həmçinin oxuyun

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb

Yaxın qohumların dəfnində iştirakla bağlı qərar açıqlanıb. MEDIAKTIV.AZ-ın məlumatına görə, bu barədə Nazirlər Kabineti yanında Operativ …