Çərşənbə , Avqust 12 2020
Home / Cəmiyyət / Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Naxçıvanda ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu davam edir

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən ötən illərdə olduğu kimi cari ildə də buraxılış və qəbul imtahanları ilə bağlı məsələlər diqqətdə saxlanılır. Mövcud vəziyyətlə əlaqədar olaraq bu il qəbul imtahanlarında bir sıra dəyişikliklər yarandığından Təhsil Nazirliyi tərəfindən abituriyentlərin sənəd qəbulu və ixtisas seçimlərində çətinlik çəkməmələri və onlara dəstək olmaq məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi Şəhər və Rayon Təhsil Şöbələrində müvafiq komissiyaların yaradılması təmin edilmişdir.

12 may 2020-ci il tarixdən XI sinif bazadan ali və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb. 05 iyun 2020-ci il tarixədək davam edəcək sənəd qəbulu onlayn qaydada həyata keçirilir. Muxtar respublika üzrə bu günədək ali və orta ixtisas təhsili müəssisələrinə ümumilikdə 2106 nəfər sənəd vermişdir ki, bu da cari il məzunlarının 77 faizi deməkdir. Sənəd verənlərdən 192-si orta ixtisas təhsil müəssisələrini seçmişdir. Buraxılış imtahanlarının iyun ayında, qəbul imtahanlarının isə iyul ayında keçirilməsi planlaşdırılır.

2020-2021-ci tədris ili üçün mayın 6-da Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə, mayın 7-dən isə Naxçıvan Qızlar Liseyinə sənəd qəbulu başlamışdır. 29 may 2020-ci il tarixədək davam edəcək sənəd qəbulunda bu günədək Naxçıvan Qızlar Liseyinə 154, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü liseyə isə 208 şagird qeydiyyatdan keçmişdir. Naxçıvan Qızlar Liseyinə V sinifdə təhsilini davam etdirmək istəyən qız şagirdləri, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə VII sinifdə təhsilini davam etdirmək istəyən oğlan şagirdləri sənəd verə bilərlər. Sənəd qəbulu liseylərdə yaradılmış komissiya tərəfindən qəbul olunur. Liseylərin tədris şəraiti ilə bağlı Naxçıvan Dövlət Televiziyası ilə Təhsil Nazirliyi tərəfindən hazırlanmış videoçarxlar televiziyada və Təhsil Nazirliyinin rəsmi internet saytında mütəmadi olaraq işıqlandırılır.

Onu da qeyd edək ki, 10 iyun 2020-ci il tarixdə Naxçıvan Qızlar Liseyinə keçiriləcək imtahanda ən yaxşı nəticə göstərən 60 qız şagird, 11 iyun 2020-ci il tarixdə isə Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçiriləcək imtahanda ən yaxşı nəticə göstərən 60 oğlan şagird qəbul olunacaq.

Ülviyyə HACIYEVA

Naxçıvan Mxutar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Həmçinin oxuyun

Hökumətdən kafe və restoranlarla bağlı qərar

Nazirlər Kabineti “Koronavirus (COVID-19) pandemiyası dövründə ictimai iaşə müəssisələrinə müştəri qəbulu ilə bağlı bəzi məsələlərin …