Çərşənbə , Aprel 1 2020
Home / Cəmiyyət / Naxçıvanda pensiyalar artımla birlikdə ödənilib

Naxçıvanda pensiyalar artımla birlikdə ödənilib

2019-cu ildə dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən sosial islahat paketləri nəticəsində minimum əməkhaqqı təxminən 2 dəfə, minimum əmək pensiyasının məbləği 75 faizə yaxın artırılmışdır. Bu isə əhalinin xüsusən aztəminatlı təbəqəsinin, o cümlədən pensiyaçıların rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərmişdir.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin mətbuat xidmətindən MediAktiv.az -a verilən məlumata görə, ötən il minimum əməkhaqqının və dövlət sektoru ilə yanaşı özəl sektorda çalışanların əməkhaqqının artırılması ölkədə orta aylıq nominal əməkhaqqının da əhəmiyyətli dərəcədə – 16,6 faiz atrması ilə nəticələnmişdir. Bu isə öz nöbəsində qanunvericiliyə əsasən 2020-ci ildə pensiyaların sığorta hissəsinin 16,6 faiz indeksləşdirilərək artırılmasına imkan vermişdir.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə uyğun olaraq “Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında ” Azərbaycan Respublikası Prezidentinin 06 fevral 2020-ci il tarixli Sərəncamına əsasən, əmək pensiyalarının sığorta hissəsi 2019-cu il üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq 1 yanvar tarixinə 16,6 faiz artırılması nəzərdə tutulmuşdur.
Həmin Sərəncamın icra edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsi tərəfindən müvafiq tədbirlər həyata keçirilmiş, muxtar respublika üzrə əmək pensiyaçılarının pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi barədə şəhər və rayon şöbələrinə müvafiq tapşırıqlar verilmişdir. Fondun yerli orqanları tapşırıqların vaxtında yerinə yetirilməsini diqqət mərkəzində saxlayaraq, bütün növ əmək pensiyaları üzrə pensiyaların sığorta hissəsinin artırılması prossesini başa çatdırmış, yanvar ayının artımları da daxil olmaqla fevral ayının pensiya ödənişində bütün növ əmək pensiyalarının ödənilməsinin maliyyələşdirilməsi təmin edilmişdir.
Fond tərəfindən muxtar respublika üzrə əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi, hərbi qulluqçular, xüsusi rütbəli şəxslər və dövlət qulluqçusu kimi əmək pensiyası alan pensiyaçılar istisna olmaqla, 48500 nəfərə yaxın əmək pensiyaçısına şamil edilmişdir.
Bu artımların ödənilməsinin həyata keçirilməsinə Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin büdcəsindən hər ay orta hesabla 1,7 milyon manata yaxın əlavə vəsait ayrılması nəzərdə tutulur.
Əmək pensiyalarının sığorta hissəsində müvafiq artımların aparılması ilə yanaşı istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq muxtar respublikada fərdi uçot sistemində qeydiyyatda olan 177614 sığortaolunanın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya sığorta kapitalı məbləğləri isə yanvar ayının 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılması elektron qaydada həyata keçirilmişdir. Pensiya-sığorta kapitalında artım isə sığortaolunanlara gələcəkdə təyin olunacaq pensiyaların məbləğinin müəyyənləşdirilməsində əsas rol oynayacaqdır.
Bu bir tərəfdən də sığortaolunanların sosial sığorta sistemində fəal iştirak üçün bir stimul yaratmaqla bərabər əmək müqaviləsi ilə işləyənlər fərdi hesablarındakı pensiya kapitalının təkcə hər ay sosial sığorta ayırmaları ilə deyil, eyni zamanda, dövlət tərəfindən hər ilin əvvəlində indeksləşdirilərək artırıldığını şahidi olurlar. Bu həmçinin qeyri formal məşğulluq sahəsində işləyən vətəndaşlara bir mesajdır ki, onlar da öz əmək fəaliyyətlərini rəsmiləşdirsinlər, pensiya kapitalına malik olsunlar ki, hər il dövlət tərəfindən həmin pensiya kapitallarının indeksləşdirilərək artırılması imkanlarından faydalansınlar, beləliklə də pensiya təminatı hüququna malik olsunlar.

Həmçinin oxuyun

Özəl tibb müəssisələrinin koronavirusla mübarizəyə cəlb edilən işçilərinə əlavə pul ödəniləcək

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl …