Çərşənbə , İyul 21 2021
Home / Cəmiyyət / Novruz bayramı şənlikləri keçirilən zaman yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir

Novruz bayramı şənlikləri keçirilən zaman yanğın təhlükəsizliyi qaydalarına riayət edilməlidir

Qarşıdan xalqımızın ən əziz bayramı olan Novruz gəlir. Novruz bayramı öz adət-ənənələri ilə xalqımızın tarixi köklərini və milli dəyərlərini yaşadan bir bayramdır. Bu bayram gur tonqalları, yanar şamlı xonçaları ilə tanınır və sevilir.

 Hər il olduğu kimi bu il də muxtar respublikamızın əhalisi xalqımızın qədim el bayramı olan Novruzu böyük sevinc və əhval-ruhiyyə hissi ilə qarşılamağa hazırlaşır. Hər birimizin arzusudur ki, bütün bayramlar kimi novruz şənlikləri də yaddaşlara həkk olunsun, bayramlar yalnız xoş hisslərlə xatırlansın. Lakin bayram şənlikləri və tədbirlərinin keçirilməsi zamanı insanların adi ehtiyatsızlığı səbəbindən yanğın kimi xoşagəlməz hadisələr baş verir, vətəndaşlarımıza maddi və mənəvi ziyan dəyir. Qeyd olunanları nəzərə alaraq Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən muxtar respublika ərazisində Novruz şənliyi və tədbirlərinin keçirildiyi günlərdə yanğın təhlükəsizliyinin təmin olunması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi məqsədilə tərtib olunmuş tədbirlər planına uyğun olaraq təhsil, mədəniyyət və məktəbəqədər tərbiyə müəssisələrində, mehmanxana və otellərdə, ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı yerlərdə yoxlama nəzarət və maarifləndirmə tədbirləri həyata keçirilir.

Fövqəladə Hallar Nazirliyi Novruz bayramı günlərində aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini vətəndaşlarımıza tövsiyə edir. 

         Bayram şənlikləri günlərində tonqal yandırılarkən onun yeri düzgün seçilməli, ətrafda olan tezalışan materiallardan, qaz xətlərindən, elektrik və rabitə dirəklərindən, binalardan, yaşayış evlərindən, yardımçı tikililərdən, nəqliyyat vasitələrindən və ot-saman tayalarından kənarda yandırılmalıdır.

          Küləkli havada tonqalların yandırılması məsləhət görülmür. Tonqal tam yanıb sönəndən sonra közün ətrafa yayılmaması üçün mütləq üzəri torpaqlanmalıdır. Unutmaq olmaz ki, zəif bir küləyin əsməsi nəticəsində tam sönməmiş və nəzarətsiz qalmış tonqalın közü yanğının baş verməsinə səbəb ola bilər.

              Novruz şənliklərində azyaşlı uşaqlar tərəfindən yanar mayelərlə hopdurulmuş məşəllərin, partladıcıların və fişənglərin havaya atılmasına yol vermək olmaz. Çünki məşəllər evlərin dam örtüklərinə, həyətyanı sahələrə yığılmış yanar materialların, çəpərlərin və ot-saman tayalarının üzərinə düşə bilər və yanğının baş verməsinə səbəb olar.

            Avtomobil şinlərinin yüksəklik və dağ ətəyi yerlərdə, eləcə də həyətyanı sahələrdə yandırılması yolverilməzdir. Belə hallarda yanan şinlər diyirlənərək yaşayış sahələrində yeni yanğın ocaqlarının yaranmasına səbəb olar.

        Milli adət-ənənələrimizə uyğun olaraq tonqalın üstündən atlayandan sonra tonqalın tam söndürülməsi təmin edilməlidir. Çalışmaq lazımdır ki, tonqallar həcmcə çox böyük olmasın, alovun hündürlüyü 1,5-2 metrdən yuxarı qalxmasın. Tonqal ətrafında azyaşlı uşaqlar mütləq valideynlərin nəzarəti altında olmalıdırlar.

         Tonqalın ətrafına toplaşan insanlar geyim paltarlarına da diqqət verməli, sintetik materiallardan hazırlanmış paltarlar geyinməməlidirlər. Çünki bu materiallar istiliyin təsirindən tez əriyir, alovla təmasda isə dərhal alışırlar.

         Bayram şənlikləri zamanı şam yandırılarkən yanğın təhlükəsizliyi qaydalarına diqqət yetirmək lazımdır. Unutmaq olmaz ki, yanar şamı öz ərintisi ilə stol, kibrit qutusu üzərinə və ya digər yanar materiallara yapışdırmaq yanğın təhlükəsizliyi cəhətdən yolverilməzdir. Süfrələrdə və xonçalarda yandırılan şamlar nəzarət altında olmalı, pərdələrdən, tezalışan materiallardan uzaqda qoyulmalıdır. Yanar şamın nəzarətsiz qoyulması xoşagəlməz hadisələrin baş verməsinə gətirib çıxara bilər.

       Bayram tədbirləri zamanı əhali ilə yanaşı müəssisə və təşkilatlar, xüsusən də təhsil, mədəniyyət və məktəbəqədər tərbiyə müəssisələri yanğın təhlükəsizliyi qaydalarına nəzarəti daha da gücləndirməlidirlər.  

Vətəndaşlarımıza bir daha tövsiyə edirik ki, milli bayramımız olan Novruz bayramı günlərində yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl edilsin. Hər hansı bir yanğın hadisəsi ilə üzləşdikdə dərhal Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin “101” xidmətinə məlumat verilməsi xahiş olunur.

Fövqəladə Hallar Nazirliyinin

mətbuat xidməti

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …