Çərşənbə axşamı , May 11 2021
Home / Cəmiyyət / Ordumuz qürurumuzdur

Ordumuz qürurumuzdur

Hər bir Azərbaycan gənci müstəqil ölkəsinin ordu sıralarında xidmət etməkdən qurur duyur, bunu özünə şərəf bilir və bugünkü qələbə də elə məhz bunun nəticəsidir. Bu fakt bütün dünyaya bir daha sübut etdi ki, Azərbaycan gəncliyi mərddir, igiddir, mübariz ruhludur! Vətəni uğrunda gözünü belə qırpmadan döyüşə atılmağa, düşməni məhv etməyə hər an hazırdır. Çünki torpağı, eli-obası onun üçün müqəddəsdir. Bu cür ruha malik olan bir millətin qarşısında isə tab gətirmək mümkünsüzdür.

Torpağından ayrı, vətənindən ayrı bir xalq, bir millət yaşaya bilərmi? Biz illərdir bu acını, ağrını öz köksümüzdə sağalmaz bir yara bir kimi daşıyırdıq. Doğma yurdundan, yuvasından ayrı düşmüş insanların nə çətinliklər çəkdiyini, nə ağrılar yaşadığını heç kim onların özü qədər anlaya bilməz. Çünki bu torpağın insanı yad əlləri, yad dilləri qəbul edə bilmir. Dildən çıxan bircə VƏTƏN  kəlməsinə həsrət olan insanlar, bu gün artıq nəhayət ki, öz vətəninə, torpağına qayıtdı. Əslində bu gün tək Azərbaycan gəncliyi yox, kiçik və böyüyündən, cavan və yaşlısından, kişi və qadınından asılı olmayaraq bütün cəmiyyət ölkəmizin ərazi bütövlüyünün tamlığı uğrunda mübarizə apardı. Özündə vətənpərvərlik ruhu  olan əsgərin, döyüşçünün qarşısında isə ən müasir silahlara sarılmış düşmən belə  dura bilməz. Necə qürurlu bir haldır ki, müasir Azərbaycan Ordusunun sıralarında indi minlərlə belə gənc xidmət edir. Vətən qarşısında, şərəflə, həvəslə, hətta sevinclə xidmət edən əsgərlərimiz, zabitlərimiz bir an belə tərəddüd etmədən doğma Azərbaycan torpaqları uğrunda ölümə sinə gərdi. Və bu da onun nəticəsidir ki, hazırda üç rəngli Azərbaycan bayrağı Füzulidə, Cəbrayılda, Qubadlıda, Laçında və digər işğaldan azad edilmiş torpaqlarımızda dalğalanır. Özümü çox xoşbəxt hiss edirəm. Biz həqiqətən də çox xoşbəxt bir nəsilik ki, bu günləri görmək məhz bizə nəsib oldu. Bundan sonra bizim üzərimizə düşən əsas vəzifə də odur ki, doğma torpaqları qanımız bahasına qoruyaq ki, gələcək nəsillərimiz müvəqqəti də olsa bizim kimi doğma torpaqdan ayrı düşməsin.

Bizə bu günləri ərməğan edən Ali Baş Komandanımıza və rəşadətli Azərbaycan Ordusunun hər bir əsgərinə ölənədək borcluyuq. Çünki biz onların sayəsində yenidən Cıdır düzündə seyrangaha çıxacağıq, Xarıbülbülün ətrini duyacağıq, dərib saçımıza tac edəcəyik. Qarabağ eli onların sayəsində yenidən azan sədalarına qovuşdu, yenidən canlandı! Bir incəsənət ixtisasında təhsil alan gənc kimi mənim sevincim isə iki qatdı. Çünki biz Qafqazın konservatoriyası olan Şuşaya yenidən qovuşduq. Allah bizə Şuşada səhnə almağı, o müqəddəs diyarda Bülbülün, Üzeyirin və digər sənətkarlarımızın ruhunu şad etməyi nəsib etsin!

İnci RAFAEL

Həmçinin oxuyun

YAŞAT Fondu 4 261 qazini və şəhid ailəsi üzvünü öhdəliyə götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu – “YAŞAT” …