Çərşənbə , Oktyabr 23 2019
Home / Cəmiyyət / Payızın hava proqnozu açıqlandı

Payızın hava proqnozu açıqlandı

Azərbaycanda payız fəslində gözlənilən hava proqnozu açıqlanıb.

Mediaktiv.az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Azərbaycanda payızın birinci yarısı ən əlverişli dövr kimi səciyyələndirilir:

“Temperatur göstəriciləri, adətən, 23-27 dərəcədən yüksək olmur. Belə hava insanlar üçün ən komfortlu temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda, günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir”.

U.Tağıyeva bildirib ki, sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim hava şəraiti davam edəcək:

“Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarmadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər. Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də, şiddətli olmayacaq”.

“Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq. Havanın temperaturunun 0,5-1 dərəcə iqlim normasından yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarında normadan bir qədər artıq olacaq. Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısından müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız aylarla müqayisədə daha tez-tez müşahidə olunur”, – deyə direktor qeyd edib. 

U.Tağıyeva əlavə edib ki, payız fəslində regionumuzda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir:

“Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Çoxillik meteroloji müşahidələr göstərir ki, yayın və qışın necə keçməsi arasında əlaqələr mövcud deyil.

Etibarlı məlumatlar üç günlük və ya həftəlik olur. Bu dünya təcrübəsində də belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın neçə olacağı, qar yağıb-yağmayacağı barədə demək tezdir”.

Həmçinin oxuyun

İSBAM Kocaelidə Xocalı soyqırımı parkının salınmasına razılıq aldı

İctimai-Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyilə Türkiyənin …