Şənbə , Yanvar 16 2021
Home / Cəmiyyət / Qafqazın təbiət muzeyi – Kəlbəcər

Qafqazın təbiət muzeyi – Kəlbəcər

Qarabağın qala qapısı, Azərbaycanın cənnətməkanı, Qafqazın təbiət muzeyi Kəlbəcər ərazisini başdan-başa gülüstan adlandırmaq olar. Sağından-soluna gedən ucsuz-bucaqsız sıldırımlı qayalarını, otuz mindən artıq təbii mineral bulaqlarını, ilin bütün fəsillərində yaşıl örtüyü ilə qəlbləri fəth edən mənzərəsini görən hər kəs haqlı olaraq Kəlbəcəri elə “təbiət muzeyi” adlandırır.
Füsunkar təbiətin əhatəsində qol-boyun olan sərhədsiz gözəllikləri, flora, faunası elə təbiətin ecazkar möcüzəsidir. Saysız-hesabsız xəzinəyə malik təbiət muzeyinin yeri bir başqa, səması da tamam başqa gözəlliklər olan Kəlbəcərdə deyirlər ki, 4 mindən artıq bitki növü bitir. Bunlardan da 200-ü dərman bitkisidir. Elə məhz bu özəllikləri, gözəllikləri ilə zəngin meşələr diyarı olan Kəlbəcəri “Yaşıl ada”ya da bənzətmək olar… Min illərin yamacları, düzləri, güllər-çiçəklər diyarı. Həmçinin sinəsində qaynayan yüzlərlə mineral bulaqlar da buranın təbiət muzeyinə bir töhfədir. Kəlbəcər adı səslənəndə yadımıza ilk olaraq nə düşür? Təbii ki, dillər əzbəri İstisuyu. Kəlbəcər ta qədimdən İstisuyu ilə məşhurdur. Min bir dərdin dərmanı olan İstisu akademik Mirəli Qaşqayın dili ilə desək: “…Kəlbəcər rayonundakı İstisu mineral su bulağı təbiətin gözəl hədiyyəsidir. Öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə bu sular dünyada məşhur olan Karlovı-Varı bulaqları ilə eynidir və bəzi xüsusiyyətlərinə görə dünyada yeganədir”. İstisu mineral suları əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə, xüsusilə fərqlənir. Bu su ilə insanın həm xarici, həm də daxili xəstəliklərini müalicə etmək mümkündür. Zamanında İstisu bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilmişdi. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.

Kəlbəcərə dünya şöhrəti qazandırmış Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə – balneoloji təsirə malik mineral su yataqlarını öyünərək bulaqlar siyahısına əlavə edə bilərik.
Ümumiyyətlə, təhlil etsək, görərik ki, Kəlbəcər adının özündə də sirli-sehrli şifrələr elə “təbiəti” işarə edir. Kəlbəcərin təsviri özünün adı ilə şifrələnib. Necə? Mən deyim, bilməyənlərə də agah olsun. Deməli, “Kəlbəcər” toponiminin çox maraqlı mənası var. Mənşəyi qədim türk dilində (oykonimin ilkin forması Kevliçer kimi qəbul edilib) “çay üstündə qala” deməkdir. Çay və qala ikisi də təbiətin atributudur. Təbiəti nə çaysız, nə də ki qalasız təsəvvür etmək mümkün deyil. Qeyd etdiyimiz kimi, Kevli “çayın üstü”, çer/car “qala” mənasını verir. Qala deyilməsinin əsas səbəbi isə dörd bir tərəfdən qalalarla əhatə olunmasıdır. Kəlbəcərin portretləşən mənzərəsi, tarixdən danışan qalaları, mədəniyyət nümunələri və təbiət möcüzələri özünün sehrli aləmini Kəlbəcər adı ilə şifrələyib. Hələ sizə sinəsindən qarı-qırovu, zirvəsindən tufanı, çəni heç zaman əskik olmayan Murovun şıltaqlığı, hər il yamacları qonaq-qaralı olan Dəlidağın saysız-hesabsız gül-çiçəyindən də söz açım. Bu gözəlliklər isə Kəlbəcərin təbiət muzeyinə yeni estetik eksponatlar bəxş edib. Məhz bu səbəbdən də Qafqaz geologiyasının atası hesab edilən V.Avix Kəlbəcər haqqında demişdir: “Kim Tərtərçay dərəsi boyunca seyr etməmişdirsə, İsveçrənin gözəlliyinə yalnız o məftun ola bilər”.
Hələ Kəlbəcərin mağaralarından deyim sizə. Bir deyil, iki deyil, üç deyil. Bildiyimiz kimi, qədimliyin ən bariz nümunəsidir mağaralar. O dövrü məhz duyub hiss etmək üçün əl-əl axtardığımız tarixi abidələrimizdir elə. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar, qədim dövrlərin ayaq izləri tarixin bir çox məqamlarından, maraqlı tarixi həqiqətlərimizdən geniş söhbət açır, özündən danışır. Qayaüstü rəsmlər isə tariximizin, milli soykökümüzün genofondundan danışır bizə. “Soltan Heydər”, “Qurbağalı çay”, “Turşsu”, “Ayçınqıllı”, “Gəlinqayası”, “Böyükdəvəgözü”, “Sərçəli” və sair yerlərdəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin yox, bütövlükdə, Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir. Daşlara həkk edilmiş yallıyabənzər oyunlardan, göy cisimlərindən, qədim heyvanlardan və sair ibarət bu daş kitabələr Kəlbəcərin tarixinin, mədəniyyətinin qədimliyini əks etdirir.
Tarixi gözəlliklərdən bəhs etdiyimiz təbiət muzeyimizin qara taleyini də xatırlayaq. 2 aprel 1993-cü il. Kəlbəcər rayonu ermənilər tərəfindən işğal olunur. İşğal zamanı rayonun 54 mindən artıq əhalisi məcburi köçkün həyatı yaşamağa məhkum olur, 321 nəfər əsir düşür və ya girov götürülür, 511 nəfər vəhşicəsinə qətlə yetirilir. Maddi ziyanlar da baş alıb gedir. 97 məktəb, 9 uşaq bağçası, 116 kitabxana, 43 klub, 42 mədəniyyət evi, tarix-diyarşünaslıq muzeyi, 9 xəstəxana, 75 tibbi məntəqə, 23 ambulatoriya, 9 aptek, yüzlərlə inzibati bina, minlərlə mənzil, 100 min iribuynuzlu heyvan, 500 min qoyun-quzu, yüzlərlə maşın, texnika və sair talan edilir və rayonun milyardlarla manatlıq sərvəti Ermənistana daşınır, 58 min əhalisi olan Kəlbəcərin dinc əhalisinə divan tutulur.
İşğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edir. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunur. Təəssüf ki, verilən tələblər yerinə yetirilmir, ta ki Ermənistanın yeni təxribatına cavab verməklə başlanan İkinci Qarabağ müharibəsində rəşadətli ordumuzun tarixi birlik mübarizəsinə kimi. 44 günlük müharibənin gedişində Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan, Şuşa işğalçılardan təmizləndikdən sonra noyabrın 10-u ölkələrarası Bəyannamə qəbul edildi. Bəyannamənin şərtlərində ermənilər noyabrın 15-i Kəlbəcərdən tamamilə çıxarılmalı idilər. Lakin onlar vaxt istədilər. Ölkəmizin Prezidenti humanistlik göstərərək vaxtı 10 gün də uzadaraq rayonun tamamilə boşaldılmasını 25 noyabr tarixinədək onlara güzəştə getdi. Onlar bu tarixdə Kəlbəcər rayonunu tərk etməlidirlər.
Bu gün ekoloji müharibənin də qurbanı olan Kəlbəcər son dəfə erməni vəhşiliklərinə şahidlik etdi. Yandırılaraq, təbiət muzeyimizə od vuraraq işgəncə edildi. Təbii ki, bu da onlara yaraşacaq rəftardır. Ermənilərdən mədənilik gözləmək qəbahət olardı. Onlara yaraşacaq şəkildə getmək başqa nə cür ola bilərdi ki?..
Lakin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti, qətiyyətli siyasi iradəsi nəticəsində imzalanan üçtərəfli Bəyannamənin şərtlərinə əsasən Ağdam şəhəri və Ağdam rayonunun işğal altında olmuş torpaqlarını bir güllə atılmadan, heç bir canlı qüvvə itkisi vermədən azad etdiyimiz kimi, doğma Kəlbəcərimizi də işğalçılardan azad edəcək, onun bütün füsunkar gözəlliklərinə, təbii sərvətlərinə yenidən sahiblənəcəyik. Digər həmvətənlərimiz kimi, kəlbəcərlilərin də yurd nisgilinə, torpaq həsrətinə son qoyulacaq. Buna müasir dövrümüzün böyük siyasi lideri cənab İlham Əliyevin rəhbərliyi, dövlət-xalq-ordu birliyimizlə nail olacağıq.

– Türkan HÜSEYNLİ

Həmçinin oxuyun

Prezident İlham Əliyev: Biz qəhrəmanlarımızı heç vaxt unutmayacağıq

Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi. MEDIAKTIV.AZ-ın məlumatına görə, bunu Prezident …