Bazar ertəsi , İyul 26 2021
Home / Cəmiyyət / Şuşa – Addım-addım…

Şuşa – Addım-addım…

Şuşa Qarabağın incisidir

Özümü dərk etdiyim bir gündən bir çox torpaqlarımızın işğal altında olduğunu görmüşəm.İşğalda olan torpaqlarımızın  hər bir qarışı, hər bir zərrəsi qiymətlidir bizim üçün.Onların  baş tacı isə Şuşa şəhəridir. Şuşa Azərbaycanın dilbər güşəsi olan Qarabağın incisidir. Təmiz havası, vüqarlı dağları, əsrarəngiz təbiəti, şəfalı suyu, maddi-mədəniyyət nümunələri ilə dillər əzbəri olub. Məşhur Qarabağ atları isə nəinki Azərbaycanda, hətta bütün dünyada tanınan cinslərdəndir. Hələ muğamını demirəm. Suyundandır, havasındandır cənnətməkanımın bilmirəm. Sanki bu onlara genlə keçən fitri istedaddır desək yanılmarıq yəyqin ki….

Şuşa şəhəri Pənahəli xan Cavanşirin  adı ilə bağlıdır. Belə ki, 1747-ci ildə Nadir şah öldürüldükdən sonra Pənahəli bəy  xan elan edilir və Qarabağ xanlığını düşmən hücumundan qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır. 1750-ci ildə Qarabağın səfalı güşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali bu şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şişuclu dağlar əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə” sonralar isə Şuşa adlandırılıb.

Çar Rusiyası dövründə də bütün Qarabağın  inzibati iqtisadi mərkəzi olmuş, inkişaf etmiş bu şəhərin mənəvi pasportu olan Cıdır  düzü, memarlıq inciləri Şuşanı qədim mədəniyyət mərkəzlərindən biri kimi tanıtmışdır. Hər bir əvəzsiz sənət  nümunəsi olan Xan, Qaxal mağaraları, Şuşa qalası Xurşudbanu Natəvanın, artillerya generalı Mehmandarovun, şair rəssam Mir Möhsün Nəvvabın ev muzeyləri, İbrahim xanın və onun böyük qızı Qara Böyük xanımın qəsrləri, “Gəncə darvazaları”, Gövhər ağa məscidi,əsas ticarət mərkəzi olan “Rastabazar”, möhtəşəm qala divarları memarlıq üslubu ilə inşa olunan  digər tikililər  Şuşanın gözəlliyini daha əsrarəngiz etmişdir. Şuşa havasının tərkibi,təmizliyi, saflığı və müalicə əhəmiyyəti baxımından kurort şəhəridir. Bu baxımdan, nəinki Azərbaycanda, onun hüdudlarından kənarda da Şuşa öz səfalı yerləri, istirahət güşələrinə görə məşhur  idi. Şuşada milli abidələrin çoxluğu, onların rəngarənglik baxımından fərqlənməsi, haqlı olaraq, şəhərin mədəniyyətimizin ən zəngin beşiyi adlandırılmasına  səbəb olmuşdur. Bu abidələrin çoxu XVIII-XIX əsirlərə aiddir.

Sən mənim könlümdə çarpan ürəksən Şuşam…

Bir xalq olaraq Şuşamızın gözəlliyindən doya bilmədik.Mənfur düşmən bir çox torpaqlarımızla yanaşı 1992-ci ildə Şuşanı bizdən alıb qopardı. Şuşadakı mədəniyyət abidələrimizi talan, tarixi abidələrimizi isə darmadağın etdilər. Erməni murdarlarının bu ağlasığmaz hərəkətləri təbii ki “normaldı”. Çünki onların xisləti terrorçuluqdu. Xalqımıza məxsus olan gözəl maddi mədəniyyət nümunələrimizə, bənzəri olmayan torpaqlarımıza göz tikmək, adət-ənənələrimizi adlarına çıxarmaq, riyakarlıq etmək  adətidir düşmənin.

Hər bir kəsin bir arzusu var. Mənimsə arzum cənnətməkanımız Şuşa şəhərinə ayaq basmaqdır. Oranı doyunca seyr edib, ətrini nəfəsimə çəkib,bir ovuc torpağını özümlə evimizə gətirməkdir. Başı bəlalı Şuşam…Sən saysız çətinliklərdən keçsən də, qürurunu, vüqarını itirməmisən düşmən qarşısında. Çünki, sən Azərbaycan torpağısan, sən azərbaycanlıların ayağı dəyən, Üzeyir Hacıbəyov,Fikrət Əmirov, Süleyman Ələsgərov kimi incəsənət xadimlərini  yetirən torpaqsan….

Dilbər guşələrimizdən olan Şuşamız haqqında çox yazılıb,çox deyilib. Amma canlı gedib görməyi o qədər arzu edirəm ki, məhz bunun üçün yuxularım ərşə çəkilib. Yorulmuşam artıq səni vidolentlərdən izləməyi, foto şəkillərinə həsrətlə baxmağa.Hələ balacaykən evdə valideyinlərimdən,məktəbdə isə müəllimlərimdən eşitdiklərimə görə sənin torpağına ayaq basan kəsə mənəvi qida bəxş edirsən. Bax, o mənəvi qidanı almağa möhtacam Şuşa… Sən Azərbaycanımızın alınmaz qalası, mədəniyyət məbədimiz olan tarixi abidələr məkanısan…Sən mənim könlümdə çarpan ürəksən Şuşam. 

Artıq illərdir dağlarının başı qara buludlu, meşələri dumanlı olan Şuşada qürbətdə qalan, səsi kəsilən sarı bülbül kimi sirdaşı xarı bülbülün də boynu bükükdür. Şuşa şuşalılarsız qalıb. Erməni vandalizminin qurbanı olan, düşmən gülləsindən “yaralanan”, paytaxtda saxlanılan Bülbülün,Üzeyirin,Natəvanın heykəlləri doğma Vətəninə qayıdacağı günü gözləyir. Bir zamanlar dinc əhalini qətl edilərək bağrından qoparılmış torpaqlarımızı bu gün igid övladlarımız qanı-canı ilə satın alaraq yenidən bizlərə qaytarır. Addım-addım,qarış-qarış,sənə doğru yaxınlaşıq Şuşa!

Cıdır düzü igidlərin məskəninə çevriləcək. Bunu hər yeni bir gündə aldığımız Qələbə xəbərləri təsdiqləyir.

Bilirsiniz, Şuşa haqqında daha çox yazmaq istərdim. O torpağa ayaq basıb,öz gözlərim ilə gördüyümü yazıb qəzet səhifələrində oxucularla paylaşmaq istərdim. Və mən buna bütün hisslərimlə inanıram. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Biz hər gün qələbə gününü yaxınlaşdırırıq, gün gələcək Azərbaycan bayrağı Şuşada dalğalanacaq”. Bəli həmin günün olacağına ümidimiz sonsuzdur. Bütün ərazilərimiz kimi Şuşa da düşmən əsarətindən qurtulacaq. Yenə qonaqlı-qaralı Cıdır düzü igidlərin məskəninə çevriləcək. Doğmalarının nəfəsinə həsrət qalan  xarı bülbül  əsrarəngiz gözəlliyi ilə hammını valeh edəcək.Bunu hər yeni bir gündə aldığımız Qələbə xəbərləri təsdiqləyir. Biz kiminsə torpağını istəmirik, öz doğma torpaqlarımıza qayıtmaq istəyirik. Yenidən həmin torpaqlarda yaşamaq istəyirik. Erməni murdarının doğma torpaqlarımızda nə işi? Ölkə başçısının dediyi kimi: “Bu gün qüvvətli Azərbaycan Ordusu, Azərbaycan torpaqlarında düşmənə sarsıdıcı zərbələr endirir. Bu gün Azərbaycan Ordusu öz torpağında Azərbaycanın ərazi bütövlüyünü təmin edir, qoruyur, və müdafiə edir. Erməni əsgərinin bizim torpağımızda nə işi var?! Ermənistan ordusunun bizim torpağımızda nə işi var?! Heç kəs üçün sirr deyil ki,  qondarma “Dağlıq Qarabağ Respublikası” ordusunun  tərkibində olan şəxsi heyətin 90 faizi Ermənistan vətəndaşlarından  ibarətdir. Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır.  Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq!Qarabağ bizimdir, Qarabağ Azərbaycandır.” Nəyin bahasına olursa-olsun, başda Şuşa olmaqla, bütün işğal edilmiş torpaqlarımızın  azad ediləcəyinə ümidimiz sonsuzdur. Necə ki, Füzulimiz, Cəbrayılımız, Zəngilanımız düşməndən geri alındı, üçrəngli bayrağımız şərəflə ucaldıldı həmin torpaqlarda. Bu şərəfli yolda hammılıqla Ordumuzun, Ali Baş Komandanımızın ətrafında daha sıx birləşmişik. Müqəddəs Vətən torpaqlarının azad edilməsi bütöv xalq olaraq hər birimizin müqəddəs və ali borcudur.Tanrı möhtəşəm qələbə sevincini  bizlərə yaşadan  Azərbaycan Prezidentini, bu qələbəni əldə edən şanlı, müzəffər ordumuzu qorusun. Biz sizinlə qürur duyuruq Ali Baş Komandanımız. Biz zəfər çalacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycan!.,Eşq olsun Azərbaycan ordusuna…

Nuray ƏSGƏROVA

Həmçinin oxuyun

Bu tarixdə bütün pensiyalar ödəniləcək

İyulun 15-də güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla respublika üzrə bütün pensiyaların …