Cümə axşamı , İyun 4 2020
Home / Cəmiyyət / Təbiət yaşıl libasına bürünür

Təbiət yaşıl libasına bürünür

Ömrü-günü açıq havada, alaçıqda keçən, illərin izlərini nurlu çöhrələrindəki qırışlarda yaşadan ağbirçəklərimiz, ağsaqqallarımız torpaqla əlləşib-vuruşublar. Alın tərini torpağa qarışdıran, əllərinin qabarı ilə torpağı ovxalayanlar ondan əldə etdikləri nemətlərlə övladlarını doyurublar. Nə gecə biliblər, nə gündüz. Sağlamlığın da, uzunömürlülüyün də əlacını işdə, zəhmətdə görüblər. Yorulanda bir ağacın dibində oturub bir qurtum su içib, bir dürmək çörək yeməklə dünyanın yorğunluğu çıxıb canlarından. Bir çimir yuxudan sonra yenidən torpaqla çək-çevirə başlayıblar, ta gün dönüb anasının qoynuna girənə kimi. Sağlığı da, saflığı da, uzun ömrü-günü də beləcə qazanıblar. Ona “möhtac” olub, ondan dolanıblar. Deməli, insan yaranışından təbiətlə bağlı olub. O, əkib-becərib, təbiət də doyurub, dolandırıb. Ona görə də gələcəyimiz naminə bu ünsiyyəti elə babalarımız kimi biz də saxlamağa borcluyuq. Bütün fəsillərdə – yazda, yayda, payızda və qışda zəhmətlərini torpaqdan və yaradılan gözəllikdən, Tanrı vergisi olan təbiətimizdən, rayonun abadlığından əsirgəməyən sədərəklilər övladlarının gələcəyi və sağlamlığı üçün görülən işlərə kömək edirlər. Əsasən, şənbə günlərində iməcilik yolu ilə görülən işlər hər kəsin könüllü olaraq bu işə dəstək verdiyinin göstəricisidir. Şənbə iməcilikləri zamanı rayonun sakinləri yaşıllıq sahələrini daha da genişləndirməyə, körpə fidanların əkilməsinə, gül kollarının çoxaldılmasına çalışır, səliqəsahmanı qorumaqla qurulanlara, yaradılanlara qayğı göstərirlər. Yaşıllıq zolaqlarından tutmuş massivlərdə, bağlarda, yol kənarlarında və müxtəlif ərazilərdə olan ağaclara qulluq edilir, mövsümlə əlaqədar onlar suvarılır, becərmə işləri aparılır, təmizlik işləri görülür. Rayonun kəndlərinin hər birində də bu işlər ardıcıl şəkildə il boyu davam etdirilir, abadlıq, səliqə- sahman işləri öz bəhrəsini verir. Ekologiyanın qorunması, yaşıllıqların artırılması, bu sahədə həyata keçirilən tədbirlər yurd yerlərimizi daha da cazibədar edir, qonaqların sayını artırır. Sədərəkilər isə gördükləri işlə fəxr edir, qürur duyurlar. Texnika günü-gündən inkişaf edir. Bunun nəticəsində bəşəriyyət öz inkişafının yüksək mərhələsini yaşayır. Və elə bu inkişaf nəticəsində insan təbiətə təsir edə bilir. Əlində mükəmməl texniki vasitələr cəmləşdirməklə təbiətdən daha çox mənfəət götürməyə çalışan insan bu mənfəətin əvəzində təbiətə nə isə vermirsə, onu qorumursa, tarazlığını pozursa, onda bu inkişaf onun zərərinə dəyişir. Bəlkə də, bunu xırdalıqlarına qədər diqqətdən qaçıran Adəm övladı bəzən hər addımbaşı təbiətin “qisası” ilə üzləşir. Ona görə də təbiətə övladımız kimi qayğı göstərməliyik ki, ekoloji tarazlıq pozulmasın. Bunun isə bircə yolu var – təbii sərvətlərin mühafizəsini düzgün təşkil etmək, onlardan səmərəli istifadəyə səy göstərmək və təbiətə aldıqlarımızın əvəzində nə isə vermək. İnsan təbiətə nə verə bilər? Sualın bircə cavabı var: yaşıllıq sahələrini artırmaq, fauna və floranı qorumaq. Təbiətimizin əsasını təşkil edən və oksigen mənbəyi olan yaşıllıqların qorunması, artırılması insanın qarşısında duran ən vacib vəzifələrdəndir. Çünki təbiətlə daim üzbəüz olan insan unutmamalıdır ki, bu səxavətli, əliaçıq təbiət yaşam üçün insana hər şey verir. Çəkilən yol da, salınan körpü də, adicə kiçik bir arx da, tikilən nəhəng zavodlar, binalar da, hətta balaca bir daxma da təbiətin bir parçası olan torpaqdan istifadə nəticəsində reallaşır. Buna görə də torpaq adlı nemətin, kainatın əsası olanının yetirdiyi, bitirdiyi bütün nemətlərin qədrini bilməliyik ki, yüksək məhsul bolluğu yarada bilək.

Zülfiyyə HƏSƏNOVA

Həmçinin oxuyun

Culfa rayonunda yaradılan şərait geniş imkanlar açır

Bu gün hərtərəfli düşünülmüş siyasətlə həyata keçirilən böyük iqtisadi islahatlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, xalqla …