Çərşənbə , Yanvar 13 2021
Home / Cəmiyyət / Təndir çörəyinin ətri

Təndir çörəyinin ətri

Türk xalqlarının, o cümlədən azərbaycanlıların həyat və məişətində çörəyə, taxıla hörmət, qayğı və məhəbbət, halallığa çağırış, üstünlük təşkil edir. Ulularımız çörəyi hər nemətdən üstün tutub. Çörək əldən düşərsə, qaldırıb uca bir yerə qoyarlar ki, xeyir, bərəkət qaçmasın. Xalqımızın ən qədim adət-ənənələri də çörəklə bağlıdır. Azərbaycanda çörək and yeri sayılıb. Ən əziz qonaq duz-çörəklə qarşılanıb. Elə buna görə də ən həlledici anlarda, səadət arzulayanda, etibar andı içəndə, “and olsun kəsdiyimiz çörəyə”, “ag günlü, ağ urvalı olasan”, –deyirlər. Yaşam uğrunda mübarizə “Bir parça çörək qazanmaq” ifadəsinə gəlib çıxıb. Çörək bol olanda torpaq şərəfli, Vətən şöhrətli olar, – deyiblər. Qonaqpərvərliyi ilə seçilən diyarımızda hansı qapını döysək, insanlar süfrəsindəki çörəyi Allah qonağından əsirgəməz. Yaxın günlərdə qonağı olduğumuz Sədərək kəndində süfrəyə qoyulan dəstananın harada və necə bişirildiyi haqqında maraqlandıq və öyrəndik ki, rayonda yeni çörək sexi yaradılıb. Həmin sexdə çalışan qadınlarla həmsöhbət oluruq. Məhəbbət xanım deyir :

– Sədərək dəstanası ilə məhşurdur. Adi sadə üsulla, yəni su, duz, maya, un qatılmış xəmirlə də hazırlamaq olur. Bu cür dəstana şirin olmadığı üçün hər cür yeməklə yeyilir. Yaxşı yadımdadır, çörəyimizi yeyib, harınlayan bu erməni quldurları torpaqlarımıza qəflətən hücum edəndə biz qadınlar heç birimiz kəndimizi tərk etməmişdik. Top mərmilərinin, güllə yağışının altında oturub, evlərimizdə səngərdə döyüşən balalarımıza isti yemək, çörək bişirib göndərirdik. Həmin günlər qışın qarlı, çovğunlu günləri idi. Odun-ocaq tapıb, təndir qalayıb, lavaş bişirə bilmirdik. Meşələrə də getmək mümkün deyildi, güllə yağışı bir an belə səngimirdi. Az-az tapdığımız odunla ancaq bir dəfə təndir qalaya bilirdik ki, bu da lavaş yapmağa imkan vermirdi. Lavaşı bişirmək çox vaxt aparırdı deyə, ancaq tələm- tələsik çirpa, dəstana yapıb səngərdəki əsgərə yollayırdıq. Yollar bağlanmışdı, işıq, qaz kəsilmişdi, elə bir vəziyyət yaranmışdı ki, bəlkə də, o vaxt həyətlərimizdə təndirlər olmasa idi, evimizdəki undan bir tikə çörək bişirib süfrəyə qoya bilməzdik. Müharibə dayandı, erməni daşnakları ağzının payını alıb geri çəkildi. Hər kənddə çörək sexləri fəaliyyətə başladı. Bu çörək sexlərinin çoxunda lavaş bişirilir, biz isə dəstana yapırıq. Bişirdiyimiz dəstanalar üç çeşiddədir. Elə bu zaman çörək almaq üçün sexə gələn Sara nənə söhbətimizə qoşulur: Əvvəllər hər kəsin həyətində “təndir damı” olardı ki, hər kəs oradakı təndirdə çörək yapar, bəzən də yemək bişirərdi. Təndir qoymaq, düzəltmək üçün palçıq hazırlanacaq torpaq təmiz hesab edilən yerdən götürülməli, təndir qoyan insan mütləq paklanmalıdı. Təndir hazırlanıb başa çatdıqdan sonra bərəkətli və arxalı, yəni istiliyi çox saxlasın deyə, onun badına ilk çörək yapılmadan öncə əvvəlcədən hazırlanmış heyvan ciyəri yapıb, bişirərdik. O vaxtlar indiki imkanlar yox idi. Xəmir yoğurmaq üçün özümüzün hazırladığımız xəmrədən istifadə edərdik. Onu hazırlamaq üçün bir ovuc buğda 1 stəkan suda qaynadılır, suyu qatılaşanda soyudulur, un əlavə edilib yumşaq xəmir yoğrulur. Acıdıqdan sonra xəmir mayası kimi istifadə edirdik. Xəmrə ilə yoğurulan xəmirdən bişən çörək uzun müddət keyfiyyətini itirməzdi. Xəmir yoğurulanda xəmrəni yenisi ilə, yəni yoğurduğumuz xəmirdən bir parça götürməklə növbəti dəfə çörək bişirmək üçün saxlanılar, növbəti dəfə onu yenə təzələyərdik. Məhəbbət xanım onu da deyir ki, burada istifadə edilən təndirlər daş və gildən düzəldilib. Bir aydır ki, fəaliyyətə başlamalarına baxmayaraq, müştərilərinin çox olduğunu deyən müsahibimin sözlərinə sexin sahibi Seymur İsmayılzadə qoşulur:

–Rayonumuzda belə bir sexi işə salmaq üçün paytaxt Bakı şəhərindən müasir üsulla düzəldilmiş yerüstü təndirlər aldıq. Bu təndirlər təbii qazla işləyir. Burada üç qadını da işlə təmin etmişik. Dəstanalara tələbat çoxdur. Müştərisi elə başının üstündədir. Xəmiri də yerli undan yoğururuq. Duzumuz da, unumuz da öz torpağımızın məhsuludur.

Həmçinin oxuyun

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulu və müraciətlərinə baxılması üzrə komissiyanın fəaliyyəti davam edir

Səfərbərlikdən tərxis edilmiş şəxslərin qəbulunun keçirilməsi, onların müraciətlərinə vaxtında və obyektiv baxılmasının təmin edilməsi məqsədilə …