Bazar ertəsi , Avqust 10 2020
Home / Cəmiyyət / Toxuculuq sənətinin inkişafında ipəkçiliyin rolu

Toxuculuq sənətinin inkişafında ipəkçiliyin rolu

Toxuculuq sənətinin inkişafında ipəkdən hazırlanmış məhsulların özünəməxsus rolu vardır. Hələ qədim dövrlərdən barama, ipək Azərbaycan torpağının sərvəti hesab olunmuşdur. Böyük İpək Yolu vasitəsilə iki min il bundan əvvəl barama qurdu Çindən Mərkəzi Asiyaya, oradan İrana, sonra da Azərbaycana gətirilmişdir. Bəzi ədəbiyyatlarda Cənubi Qafqazda, o cümlədən Azərbaycanda ipəkçiliyin yayılma tarixi VI-VII əsrlər göstərilir. Lakin mənbələr sübut edir ki, artıq eramızın III-IV əsrlərində Azərbaycanda ipəkçiliklə məşğul olurmuşlar. Erkən orta əsrlərdən başlayaraq ipəkçiliyi inkişaf etdirmək üçün istehsal texnikası təkmilləşmiş, ipək istehsalında ayaqla hərəkətə gətirilən təkərli mancanaqlar, ipək karxanalarında toxucu dəzgahları tətbiq olunmuşdur. Gəncədə hazırlanan yun paltarlar, Naxçıvanın məşhur çuxaları, Təbrizdə istehsal edilən gözəl atlaz, kişi üst geyimləri, Xoyda nazik kətandan hazırlanan paltarlar həmin dövrdə çox məşhur imiş. Hələ erkən orta əsrlərdən müxtəlif dövlətlərin böyük Azərbaycan ipəyinə marağı olmuş, Azərbaycan ipəyi dünya siyasətinə təsir göstərmişdir. Bu qiymətli məhsulu ələ keçirmək məqsədi ilə Azərbaycanda möhkəmlənmək, bu ölkə ilə birbaşa ticarət əlaqəsi yaratmaq siyasəti bir çox Avropa və Asiya ölkələri arasında toqquşmalara, hətta müharibələrə səbəb olmuşdu. Tarixi ədəbiyyatların verdiyi məlumatlara görə monqolların Azərbaycana gəlişi dövründə tərəzinin bir gözünə ipək, digərinə isə qızıl qoyulurmuş. Hətta, belə bir fakt da vardır ki, monqollar ilk dəfə Azərbaycana gələndə gəncəlilər onlara çoxlu daş-qaş versələr də, razılaşmamışlar. Yalnız xeyli ipək alandan sonra çıxıb getmişlər. Məlumdur ki, ipəkçilik çox qədimdən Naxçıvanda, xüsusən Ordubadda əhalinin başlıca məşğuliyyətlərindən biri olmuşdur. Ordubadda Naxçıvandan fərqli olaraq qadınlar ev şəraitində ipək parça toxuyur və ipək saplar hazırlayırmışlar. İpəkçilik və ipək parça toxuma peşəsi (xüsusilə basma naxışlı parçalar) Ordubad əhalisinin məişətində əsrlər boyu mövcud olmuşdur. Azərbaycanın digər bölgələrində olduğu kimi, Ordubadda da qeyri-adi gözəlliyə malik zərif və gözəl işləməli parçalar istehsal olunurdu. Ümumiyyətlə, Naxçıvan diyarında toxunan parçalara xarici bazarda böyük tələbat var idi. Burada, əsasən, xalça, ipək və bez parçalar toxunurdu. Naxçıvan diyarında toxunan və xarici bazarda daha çox satılan parçalar qırmızı rəngli bez parçalar olmuşdur. Bez parça əsasən satış üçün Qarabağ və İrəvan xanlıqlarına aparılırdı. Naxçıvan diyarında toxunmuş pambıq və ipək parçaları isə yerli tacirlər Osmanlı dövlətinin şəhərlərinə, o cümlədən Qarsa, Bəyazidə, habelə Gürcüstana aparırdılar. Əldə edilən məlumata görə, bir ildə Qars və Bəyazid şəhərlərinə Naxçıvan diyarından 15 min puda qədər pambıq parça aparılırmış. Ordubad şəhərində pambıq parçalarla yanaşı, xarici bazarda daha çox ehtiyac duyulan ipək parçalar da istehsal edilirdi. Avropalı səyyah və diplomatların Naxçıvan ipəkçiliyi haqqında qeydlərində xam ipəyin və ipək parçaların Avropa dövlətlərinin daim diqqət mərkəzində olduğu görünür. Hələ orta əsrlərdən dünyanın əksər ölkələrində pambıq, yun, ipək və digər məhsullara tələbat xeyli artmışdı. Bu məhsulların içərisində ipək XIII yüzillikdən XVIII yüzilliyə qədər Avropada zadəganların, varlı insanların daim marağında olmuşdur. XVIII əsrin birinci yarısında Azərbaycanın, o cümlədən də Naxçıvan diyarının təsərrüfat həyatında ipəkçilik əsas yerlərdən birini tuturdu. XVIII-XIX əsrlərdə əhali ipəkçilikdən böyük gəlir əldə etmişdir. Tədqiqatçılar yazırlar ki, həmin dövrdə Naxçıvan xanlığının düzənlik yerlərindəki kəndlərində çoxlu tut ağacları əkirdilər ki, onlarla da ipək qurdları yemlənirdi. Naxçıvanda istehsal olunan xam ipək və ipək parçalar beynəlxalq ticarətdə ən keyfiyyətli məhsul olaraq tanınırdı. Ordubadın mülayim iqlim şəraiti ipəkqurdunun yetişdirilməsi üçün daha əlverişli idi. Ordubaddan Moskvaya, Nijninovqorod bazarına xam və boyanmış ipək aparılırdı. Naxçıvan diyarında Ordubadla yanaşı, Culfa və Əylis də ipək ixracatında əsas mərkəzlərdən sayılırdı. Ümumiyyətlə, Naxçıvan xam ipəyin istehsalına görə Azərbaycanın bir sıra qabaqcıl bölgələri ilə eyni sırada dururdu. Təbriz, Marağa, Gəncə və digər bölgələrlə yanaşı, Naxçıvan iqtisadiyyatında da xamnanın (işlənməmiş ipək) geniş istehsalı böyük əhəmiyyət kəsb edirdi. XVI əsrdən başlayaraq Naxçıvanda, xüsusən Ordubadda yerli əhali həm daxili, həm də xarici bazarlar üçün yüksək keyfiyyətli ipəkdən müxtəlif parçalar, xalça, cecim və s. sənət nümunələri toxumuşlar. İpək və atlas parçalardan tikilmiş paltarlar, geyimlər Naxçıvan əhalisi üçün xarakterik idi. Zəmanəmizə qədər gəlib çatmış parça nümunələri göstərir ki, onların toxunma üsulu və bədii tərtibatı öz dövrünə görə çox yüksək səviyyədə olmuşdur. Ümumiyyətlə, ipəkçilik, ipək parça, xüsusilə də, basma naxışlı parçalar Naxçıvan əhalisinin məişətində əsrlər boyu mövcud olmuşdur. Basmanaxışlı parçalar adətən 2-3 zolaqdan ibarət olurdu. Ornamentlərlə bəzədilmiş bu zolaqlar al-əlvan və qırmızı xətlərlə bir-birindən ayrılırdı. Naxçıvanda ipəkçiliyin inkişafı və əhalinin təsərrüfat həyatında möhkəm yer tutması toxuculuqda ciddi irəliləyişə səbəb olmuşdur. İ.Şopen öz qeydlərində göstərir ki, burada hər bir ailənin öz dəzgahı vardır ki, bu dəzgahlarda da qadınlar iplərdən bez toxuyur və pambıq parça hazırlayırlar. Qədimdən ipəkçiliyin vətəni olan Ordubadda əhali çoxlu xam ipək istehsal edirdi. Burada ipəkdən nəfis parçalar hazırlanırdı. Bu parçalar Rusiya və Avropa bazarlarında yüksək qiymətləndirilirdi. İpəkçilik şəhər əhalisinin əsas məşğuliyyət sahələrindən biri və başlıca qazanc mənbəyi idi. Şəhərdə yaşayan bir çox ailələr ancaq ipəkçiliklə məşğul olurdular. İpəkdən hazırlanmış qadın baş örtükləri içərisində kəlağayı və “naz-naz”, “qaz-qaz” adı ilə tanınan örtüklər xüsusilə geniş yayılmışdı. XVI əsrin II yarısında ipək ticarətində beynəlxalq əhəmiyyətli birja rolunu Culfa şəhəri oynayırdı. Bu şəhərin tacirləri Avropanın mühüm mərkəzləri ilə, o cümlədən Venetsiya, Marsel, Amsterdam şəhərləri ilə ticarət əlaqələri saxlayırdılar. Culfa tacirləri Səfəvi şahı I Təhmasibdən xarici ölkələrə ipək ticarəti aparmaq üçün inhisar hüququnu əldə etmişdilər. Təkcə Suriyanın Hələb şəhərinə Culfadan hər il 500 xərvar Şirvan və Gilan ipəyi aparılırdı. Həmin yükü orada 18 min Osmanlı və Avropa sap dolağına dəyişir və satmaq üçün Təbrizə gətirirdilər. Culfa tacirləri Səfəvi şahları ilə sıx əlaqədə idilər. Avropa ölkələri ilə münasibətlərdə onlar tez-tez şahın xüsusi nümayəndəsi kimi çıxış edirdilər. Naxçıvanda geyim materialları içərisində yun və ipək parçalar əsas yer tuturdu. Naxçıvan-Ordubad zonasında qadınlar üst geyimi olaraq tuman geyirdilər ki, həmin tumanlar müxtəlif ölçülərdə naxışlı ipək və ya yun parçalardan tikilirdi. Naxçıvan-Ordubad zonasından başqa, digər bölgələrdə geyinilən tuman topuğa qədər olurdu. Üst tumandan başqa, onun altından geyinilən ara tumanları da var idi. Tumanlar büzməli, yaxud qırçınlı olur, lifəsinə tumanbağı keçirilirdi. Bütün bu sadaladığımız nümunələr milli qadın geyim dəstini təşkil edirdi. Geyimdə olan tikmələr, zinət əşyaları, baş örtükləri, ayaq geyimləri qadın geyim dəstinin tamamlanmasında mühüm əhəmiyyət kəsb edirdi. Bəzi şəhərlərdə qadınlar küçəyə çıxarkən çaxcur (balağı büzməli enli şalvar növü) geyir və çarşaba bürünürdülər. Çaxcur və çarşablar da pambıq və ipək parçalardan hazırlanırdı. Kişilər çuxa geyirdilər ki, onun da qondarma qolunun astarı ipək parçadan tikilirdi. O dövrdə Naxçıvanda tirmə və ipək parçalardan hazırlanan araqçınlar çox geniş yayılmışdı. Hətta corablar da ipək və yun saplardan toxunurdu. Bölgənin zərif kəlağayısı, qanovuz parçası dünya şöhrəti qazanmış, xarici bazarlarda özünəməxsus yer tutmuşdur. Naxçıvana səyahət etmiş səyyahların qeydlərindən məlum olur ki, orta əsrlərdə Naxçıvanda yerli əhali həm daxili, həm də xarici bazarlar üçün külli miqdarda yüksək keyfiyyətli ipək və kətandan müxtəlif parça, xalça, palaz, kilim və sair sənət nümunələri toxuyurdu. Sənətkarların hazırladığı rəngarəng çit parçalara daha böyük tələbat var idi. Azərbaycan, o cümlədən Naxçıvan qadınlarının bağlama (örtmə) baş geyimlərinin bir qismini “kəlağayı” təşkil edirdi. Burada yaşa və zövqə uyğun olaraq qırmızı, qara, ağ kəlağayılar daha geniş yayılmışdı. Müxtəlif parçalardan isə küləcə, don, çuxa, arxalıq, canamaz və çarşab tikilirdi. Naxçıvan, xüsusilə Ordubad etnoqrafik bölgələrində düzbucaqlı çarşaba üstünlük verilirdi. Qadın çarşabının rənginə görə onun sahibinin yaşını, sosial vəziyyətini müəyyənləşdirmək mümkün idi. Belə ki, cavan qadınlar ağ, ahıl və yaşlı qadınlar isə tünd rəngli çarşabdan istifadə edirdilər. İpək parçalardan istifadə edən qadınlar isə zəngin təbəqənin nümayəndələri hesab olunurdular. Bəli, Böyük İpək Yolunun Azərbaycandan keçməsinə səbəb olan, uzun əsrlər boyu xalqımızın rifahının və şan-şöhrətinin artmasına xidmət edən ipəkçilik faydalı məşğuliyyət sahəsi olmaqla yanaşı, həm də qədim tariximizin və mədəni irsimizin maddi daşıyıcılarından biridir.

Sara HACIYEVA

Həmçinin oxuyun

Baş Nazir karantin rejimi ilə bağlı videomüşavirə keçirdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi …