Bazar ertəsi , İyul 13 2020
Home / Cəmiyyət / Vərəsəlik hüququnda qanun üzrə vərəsəlik

Vərəsəlik hüququnda qanun üzrə vərəsəlik

“ Mal sahibi, mülk sahibi Hanı bunun ilk sahibi ”
Yunis Əmrə

Nə gözəl ifadə etmişdir dahi şair Yunus Əmrə. Bəli, insanoğlu ölümlüdür, fanidir. Ancaq mal, mülk, torpaq insanla bərabər köçmür bu dünyadan. Hörmətli oxucu, bu yazımızda vərəsəlik hüququndan, xüsusilə də, qanun üzrə vərəsəlik ölkəmizdə hansı qanuni əsaslarla müəyyn edilmişdir, ona müraciət edəcəyik. Çünki bir çox məsələ kimi bu mövzu da hər zaman aktual olaraq qalır, özəlliklə də, bir çox hallarda bu sahədə yaranan mübahisələr məhkəmələrə daşınır. Vərəsəlik hüququ ölkəmizdə mülki hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmişdir və son dərəcə də geniş yer tutur. Ona görə də, bu yazıda vərəsəlik hüququnun iki əsasından (vərəsəlik hüququ qanun üzrə və vəsiyyət üzrə keçir) biri qanun üzrə vərəsəlikdən söhbət açacağıq.Əvvəlcə vərəsəlik anlayışına nəzər salaq. Qanunda belə bir anlayış müəyyən edilmişdir ki, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Bu iki əsasın da ayrı-ayrı hüquqi fərqləri mövcuddur. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Burada bir məqama diqqət etmək lazımdır. Bəzən miras qoyan vəsiyyət etsə də, onun vəsiyyəti ya tamamilə, ya da qismən etibarsız sayılır. Təbii ki, bu da qanuna zidd hallarda müəyyn edilir. Vərəsələr kimlərdir? Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Ancaq vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq, ola bilərlər. Burada qanun üzrə və vəsiyyət üzrə vərəsələrin qanundakı fərqini qeyd etdik. Yuxarıda da dediyimiz kimi, bu yazıda yalnız qanun üzrə vərəsəlikdən danışacağıq və növbəti yazımızda vəsiyyət üzrə vərəsəliyin əsaslarından geniş söhbət açacağıq.

Mülki Məcəlləmizdə qanun ürzə vərəsələrin siyahısı növbələr üzrə dərəcələndirilmişdir ki, birinci növbədə və ondan sonra kimlər vərəsə sayılırlar. Cəmiyyətdə çox vaxt bu məqamda anlaşmazlıqlar yaranır və ictimai münasibətlər ciddi şəkildə yara alır. İndi gəlin qanunda göstərilən bu nizama olduğu kimi baxaq. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:
-Birinci növbədə – ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. Bu sonuncuların (yəni övladlığa götürənin uşaqları) nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. Övladlığa götürən və onun qohumları övladlığa götürülənin və onun övladlarının vərəsələri kimi övladlığa götürülənin valideynlərinə və digər qan qohumlarına bərabər tutulurlar. Övladlığa götürülən və ya onun övladları öldükdən sonra övladlığa götürülənin valideynlərinə, onun yüksələn xətt üzrə digər qan qohumlarına, bacı və qardaşlarına qanun üzrə vərəsəlik hüququ daha mənsub olmur.-İkinci növbədə – ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. -Üçüncü növbədə – həm ana tərəfdən, həm də ata tərəfdən nənə və baba, nənənin anası və atası, babanın anası və atası. Nənənin anası və atası, babanın anası və atası o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt nənə və baba sağ olmasın.-Dördüncü növbədə – xalalar və bibilər, dayılar və əmilər.-Beşinci növbədə – xala uşaqları və bibi uşaqları, dayı uşaqları və əmi uşaqları, onlar sağ olmadıqda isə onların uşaqları. Burada bir şərt də var ki, əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Yəni, birinci növbədə nəzərdə tutulan vərəsələrdən biri varsa, sonra müəyyən edilmiş növbədəki vərəsələr bu hüququ avtomatik olaraq əldə etmir.Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin (əlil, şikəst və.s) adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (alimentlər) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivinin həcmi nəzərə alınmaqla azaldıla bilər.Sağ qalan arvadın (ərin) vərəsəlik hüququ ər-arvadın birgə mülkiyyətindən ona çatası əmlak hissəsinə aid deyildir. Yəni, birgə mükiyyətdən şəxs çatacaq pay vərəsəlik hüququna daxil edilmir. Bu mülkiyyətdən şəxsə çatacaq pay qanun əsasında məcburi olaraq ona çatır.Nikahı ləğv etmiş ər-arvad bir-birindən sonra vərəsə ola bilməzlər. Yəni, vərəsəlik məsələsi həll olunarkən əvvəllər nikahda olmuş ər ya arvadın vərəsəlik hüququ yaranmır. Qanunun tələbinə görə əgər arvadın (ərin) miras qoyanla nikahına mirasın açılmasından azı üç il əvvəl faktik xitam verildiyi və ərlə arvadın ayrı yaşadıqları təsdiq edilərsə, məhkəmənin qərarı ilə arvad (ər) qanun üzrə vərəsəlik hüququndan məhrum edilə bilər. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir. Buradan da belə başa düşülür ki, əgər miras qoyan şəxs qocalar, əlillər və sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, lakin ölümündən əvvəl vəsiyyət üzrə vərəsə müəyyn etmişdirsə, onun vəsiyyət etdiyi şəxs və ya şəxslər vərəsəlik hüququ əldə edir.Hörmətli oxucu, yuxarıda da qeyd etdiyimiz kimi, vərəsəlik və miras hüququ qanunda çox geniş yer tutan mövzudur. Ona görə də, biz bu yazıda vərəsəliyin qanun ürzə vərəsəlik bölməsinə müraciət edərək bu barədə qısa da olsa Sizlərə məlumat verməyə çalışdıq. Növbəti mövzuda vəsiyyət üzrə keçən vərəsəlik haqqında söhbət açmağa çalışacağıq. Hər bir yazımızda olduğu kimi, bir daha deyirik ki, hər bir şəxsin istər bu barədə, istərsə də, başqa hüquqi məsələlərlə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciət etməklə, ya da internet vasitəsi ilə dövlət orqanlarının saytlarına daxil olmaqla geniş, konkret və müfəssəl məlumat almaq hüququ və imkanı mövcuddur.

Elvin Zeynalov
Sədərək rayon prokurorluğunun müstəntiqi I dərəcəli hüquqşünas

Həmçinin oxuyun

İdeyalarını reallaşdırmaq istəyənlər üçün fürsət: “EduHack” hakatonu

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi və SUP.VC şirkətinin birgə təşkilatçılığı ilə “EduHack” …