Bazar ertəsi , İyun 29 2020
Home / Digər / 2 fevral Azərbaycanda Gənclər Günüdür

2 fevral Azərbaycanda Gənclər Günüdür

   Gənclik insan həyatının ən parlaq, ən dolğun, ən həyəcan verici dövrüdür. Hətta gəncliyimizi gələcək həyatımızın təməli belə adlandıra bilərik. Etdiyimiz səhvlər, gördüyümüz işlər bu təməlin möhkəmlənməsində bizə kömək olan amillərdəndir.

   Çox şahidi olmuşam, müsahibim olan yaşlı nəslin nümayəndələri öz gənclik dövürlərini illər sürən bir bayrama bənzədirlər. Həmin dövürlərin xoş və acı xatirələri, çılğınlıqları, bitib tükənmək bilməyən enerjisi doğurdanda həyat səhifələrində silinməz izlər qoyur, yaddaşlara əbədi həkk olunur. Böyüklərimizin bir bayrama bənzətdiyi həmin dövrü biz gənclər bu gün yaşamaqdayıq və sevindirici haldır ki, 2 fevralı gənclərin bayramı kimi qeyd edirik.

   2 fevral Azərbaycanımızda gənclər günü kimi qeyd olunur. Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə ikinci dəfə qayıdışından sonra Azərbaycanda dövlət gənclər siyasətinin əsası qoyuldu. 1996-cı il 2 fevral tarixində Ümummilli liderin dəstəyi ilə gənclərin birinci forumu keçirildi. 1997- ci ildə isə prezidentimizin sərəncamı ilə 2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunmağa başlandı. Bu MDB məkanında, Şərqi Avropa ölkələri arasında bir ilk oldu və Azərbaycan gəncliyinə göstərilən qayğının bariz nümunəsi idi. Bundan hələ bir il sonra avqustun 8-də Lissabonda keçirilən konfransda 12 avqust gənclər günü kimi elan ediləcəkdi.

   Ötən 20 il ərzində gənclərin inkişafı baxımından ayrı-ayrı gənclər təşkilatları yaradılır, yeniyetmə və gənclərin müxtəlif layihələrə cəlb olunmasında yaxından iştirak edirlər. Gənclərin hər tərəfli inkişafı, kamil vətəndaş kimi yetişmələri, dövlət quruculuğunda iştiraka hazırlığı, lider kimi formalaşmalarına kömək məqsədi ilə çox saylı tədbirlər həyata keçirilir.

   Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla aparılır. Avropa və dünyanın 30-dan çox nüfuzlu beynəlxalq gənclər təşkilatında təmsil olunan gənclərimiz beynəlxalq gənclər hərəkatının tərkib hissəsinə çevriliblər.”Rusiyanın Azərbaycan gənclər təşkilatı” isə özünün çox şaxəli fəaliyyəti ilə onlara əsl nümunə nümayiş etdirir.Bu təşkilatın istər Azərbaycanda, istər ölkədən kənarda keçirdiyi tədbirlər Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılmasında mühüm rol oynayır.

   Doğma diyar Naxçıvanda da gənclərlə iş hərzaman ön planda olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 29 mart 2012-ci il tarixli Fərmanı ilə Naxçıvan MR Gənclər və İdman Nazirliyi yanında gənclər fondunun yaradılması bunun bariz nümunəsidir.

   Fondun  qabaqçıl məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə  yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə, proqramların qrant şəklində məqsədli maliyyələşdirmək, həmin sahədə seminar, festival, olimpiada, və tədbirləri dəstəkləmək, maddi-texniki bazanın gücləndirilməsinə yardım etməkdir.

   Gənclər Fondu gənclər siyasəti sahəsində dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihə və proqramların həyata keçirilməsini təşkil etmək, gənclərin təhsili, sağlamlığı, peşəyönümü, məşğulluğu, inkişafı, asudə vaxtının səmərəli təşkili üçün zəruri olan hüquqi, iqtisadi və digər məlumatların toplanması və yayılması üzrə proqramların və layihələrin həyata keçirilməsini təmin etmək, keçirilən müxtəlif tədbirlərdə istedadlı və fəal gənclərin üzə çıxarılması və onların mükafatlandırılması, istedadlı gənclərin və gənc alimlərin məlumat bankının yaradılması, gənclərlə görüşlərin keçirilməsi, onların ictimai fəallığının artırılması və istedadlı gənclərin üzə çıxarılmasını qarşıya məqsəd qoymuşdur və bu yöndə fəaliyyətini davam etdirir.

   Ümumən belə bir nəticəyə gəlmək olar ki, ölkəmizdə və Naxçıvan Muxtar Respublikasında gənclərin inkişafı, bir fərd kimi formalaşması üçün hər bir şərait yaradılıb. Bizim üzərimizə düşənsə bu imkanlardan lazımınca istifadə etməkdir.Vaxtımızın çox hissəsini oyun zallarında, bizə heç bir xeyri olmayacaq məkanlarda keçirməkdənsə, kitabxanalara, müxtəlif seminar və tədbirlərə üz tutmalı, sadəcə çalışmalı, inkişaf etməli və tariximizi dərindən öyrənməliyik.Öz tarixini bilməyən, dərindən mənimsəməyən bir insan gələcək inkişafdan danışa bilməz. Məncə öyrənməli, bilməli və təbliğ edib tariximizi özümüzdə yaşatmalıyıq.Məhz bununla yaxşı gələcəyin təməllərini ata bilərik

   Bayramının mübarək əziz gənclər!

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …