Bazar , May 16 2021
Home / Digər / AMEA Naxçıvan Bölməsində daha iki monoqrafiyanın təqdimat mərasimi keçirilib

AMEA Naxçıvan Bölməsində daha iki monoqrafiyanın təqdimat mərasimi keçirilib

Mediaktiv.az xəbər verir ki, AMEA Naxçıvan Bölməsində Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” və İnstitutun elmi işçisi Elnur Kəlbizadənin “Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyalarının təqdimat mərasimi keçirilib.

Təqdimat mərasimini giriş sözü ilə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev açaraq qeyd edib ki, təqdimatı keçirilən monoqrafiyalar tariximizin çox ciddi və mühüm problemlərinə həsr olunmaqla müəlliflərin çoxillik tədqiqatlarının nəticəsidir. Hər iki müəllif ən müxtəlif mənbələri, arxiv sənədlərini, tarixşünaslıq əsərlərini  tədqiqata cəlb etməklə Azərbaycana qarşı ermənilər tərəfindən irəli sürülən ərazi iddialarının əsassızlığını sübut edən ciddi əsərlər ortaya qoymuşlar.

E.Şıxəliyevin “İngiltərənin geosiyasi maraqlarında “erməni məsələsi”nin yeri və Azərbaycana təsiri (1917-1920)” adlı monoqrafiyası barədə məruzə edən Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli Böyük Britaniyanın Milli Arxivlərində saxlanılan sənədlərin elmi tədqiqata cəlb edilməsinin müəllifin tədqiqatçılıq bacarığından irəli gəldiyini xüsusi vurğulayıb.

Qeyd edilib ki, AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyətinin qərarı ilə nəşr edilmiş kitabda XX əsrin əvvəllərində “erməni məsələsi”nin İngiltərənin geosiyasi planlarında tutduğu yerdən, Birləşmiş Krallığın Xarici İşlər Nazirliyi, Hərbi Kabineti, Ali Baş Qərargahı, Hərbi Kəşfiyyat Xidməti  və s. qurumlar tərəfindən qəbul edilən qərarlarla külli miqdarda maliyyə vəsaitinin, müxtəlif silah və sursatların ermənilər üçün təmin edilməsindən bəhs edilmiş, bu yardımların pərdəarxası səbəblərinə açıqlıq gətirilməyə çalışılmışdır.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi katibi, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov kitabın elmi məziyyətlərindən danışmış, tədqiqat əsərində bu mövzuya fərqli aspektdən yanaşıldığını diqqətə çatdırmışdır. Vurğulanmışdır ki, əsərdə faktiki arxiv materiallarının təqdim olunması xüsusi əhəmiyyət kəsb edir.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun elmi işçisi Elnur Kəlbizadənin “Naxçıvanın tarixi coğrafiyası (XII-XVIII əsrin I yarısı)” adlı monoqrafiyası barədə məruzə edən İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev əsərin Naxçıvanın tarixi-coğrafiyasının öyrənilməsinə həsr edilmiş nadir tədqiqatlardan biri olduğunu diqqətə çatdırıb.  Vurğulanıb ki, müəllif gənc olmasına baxmayaraq 5 dildə olmaqla 240-dan artıq elmi mənbədən, arxiv sənədlərindən və digər ədəbiyyatlardan istifadə edərək altı əsrdən artıq bir dövrdə Naxçıvanın tarixi coğrafiyasını: sərhədlərini, inzibati ərazi bölgüsünü, şəhərlərini, əhalisinin etnik və dini tərkibini araşdırıb.

Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev çıxışında monoqrafiyada bu ərazinin tarixən türkdilli tayfaların məskunlaşma arealı olmasının tarixi faktlarla sübuta yetirildiyini diqqətə çatdırıb. Qeyd edilib ki, əsərdə Naxçıvanın müxtəlif dövrlərdə əhatə etdiyi əraziləri göstərən tarixi xəritə-eskizlərin təqdim edilməsi müəllifin uğuru hesab edilə bilər.

AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli hər iki kitabın müəllifini təbrik edərək, institut əməkdaşların hal-hazırda da mühüm istiqamətlər üzrə tədqiqatlar apardıqlarını diqqətə çatdırıb və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonda çıxış edən müəlliflər göstərilən diqqətə görə minnətdarlıqlarını bildiriblər.

Təqdimat mərasimi bitdikdən sonra, mediaktiv.az saytının əməkdaşları Naxçıvan Universitetinin İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdən müsahibə alıb. Müsahibəni sizlərə təqdim edirik.

-Elbrus müəllim, bir tarixçi kimi bugün təqdim olunan əsərlərlə bağlı münasibətiniz necədir?

-Bugün təqdim olunan hər iki əsər Azərbaycan tarixşünaslığı üçün yeni, orjinal əsər hesab oluna bilər. Çünki, hər iki əsərin mənbəşünaslıq bazası kifayət qədər güclüdür. Əsərlərin meydana gəlməsində müxtəlif yerli mənbələrdən, eyni zamanda xarici ölkə arxivlərindən əldə edilmiş sənədlərdən istifadə olunmuşdur. Tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin müəllifi olduğu monoqrafiya, əsasən Britaniya milli arxivi materialları əsasında tədqiqata cəlb olunaraq hazırlanmışdır. Əsərdə ilk dəfə olaraq İngiltərənin XX əsrin əvvəllərində Qafqaz siyasəti ilə bağlı məsələlərə toxunulmuşdur.

İkinci əsər Naxçıvan tarixinin çox ciddi bir dövrünə-orta əsrlər dövrünün XII-XVIII əsrinin birinci yarısı dövrünə həsr olunmuşdur. Monoqrafiyanın ən böyük üstünlüyü ondan ibarətdir ki, tarixi coğrafiya kimi ciddi bir məsələnin tədqiqinə həsr olunmuşdur. Tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə monoqrafiyada müxtəlif mənbələrin dili ilə Naxçıvanın həmin dövrdə tarixi-coğrafi xəritələrini tərtib etmişdir. Həmin dövrdə Naxçıvanda yaşayan əhalinin etnik tərkibini, ərazinin inzibati bölgüsünü tədqiqata gətirmişdir.

Hər iki əsər Azərbaycan tarixşünaslığının zənginliyinə xidmət edən əsərlərdir. Hər iki müəllifi təbrik edirəm.

Sonda müəlliflər saytın əməkdaşlarına müəllifi olduqları kitabları hədiyyə edib, xatirə şəkli çəkdirib.

Bizdə mediaktiv.az saytı olaraq Azərbaycan tarixşünaslığına iki yeni inci bəxş edən elm adamlarını təbrik edirik.

Həmçinin oxuyun

AVRO-2020-nin Bakıdakı oyunlarının biletləri satışda

Bu gündən etibarən AVRO-2020-nin Bakı Olimpiya Stadionunda keçiriləcək oyunlarının biletləri satışa çıxarılıb. MEDIAKTIV.AZ xəbər verir ki, …