Çərşənbə , İyul 15 2020
Home / Digər / Araşdırma / Telefonlar uşaqların əl motorikasını pozur

Telefonlar uşaqların əl motorikasını pozur

“Motorika” termini ilə tez-tez rastlaşmasaq da, o özündə həyatımızda mühüm rol oynayan funksiyalardan birini əks etdirir. Beyin və orqanizmin ətrafları ilə əlaqə quran və ətraflara “əmr verən” mexanizm məhz motorikaya aiddir. Kiçik yaşdan formalaşan motorika funksiyaları bir çox amillərdən aslıdır. Psixoloqların sözlərinə görə, uşaqların işlətdiyi smartfonlar və digər sensor qurğular bu mexanizmə birbaşa təsir edir.

MediAktiv.az bildirir ki, müasir dünya müxtəlif qurğularla doldurulur: smartfonlar, planşetlər, notbuklar… Hər uşağın əlində oxşar cihazlardan birini görmək olar. Elektron qurğular bütün oyuncaqları geridə qoyaraq yeni nəsli formalaşdırmağa davam edir.

Bəs bu faktor uşağa necə təsir edir?

Əvvəla, onun kiçik motorika funksiyaları pozulur. Məlumat üçün bildirək ki, motorikanın bir hissəsi olan “Kiçik motorika” termini barmaq və əl əzələlərinin koordinasiyalı hərəkətlərinə cavabdehdir.

Uşağın şəhadət barmağının əvəzinə tez-tez baş barmağını planşetdəki səhifələri çevirib necə istifadə etdiyini görə bilərik. Bu, yalnız sensor ekrana aid deyil. Uşaq şəhadət barmağının əvəzinə hər yerdə baş barmağından istifadə etməyə başlayır: işığı yandırıb-söndürdükdə, qapı zəngini basdıqda və s. Gələcəkdə barmaqların düzgün istifadə olunmaması uşağın qrafomotor bacarıqlarına təsir göstərə bilər ki, bu da onun məktəbə hazırlıq səviyyəsini və ümumi inkişafını ləngidə bilər.

Bundan əlavə, əl və barmaqların hərəkətlərində nizamsızlıq, əl-göz koordinasiyasında da problemlər yaranması mümkündür.

Uşaqlar smartfondakı 2D dünyanı görməyə o qədər öyrəşirlər ki, reallıqdan tamamilə uzaqlaşırlar. Onlar üçün hərəkətlərini planlaşdırmaq çətin gəlir.

Yuxarıda göstərilən amillərin hamısı kiçik motorika bacarıqlarının inkişafına mənfi təsir göstərir. Müasir dünyada, neyrotipik uşaqlar belə, kiçik motorika funksiyaları ilə problem yaşaya bilərlər. Buna görə də kiçik motorika bacarıqlarının inkişafı aktual problem hesab olunur. Kiçik motorika nitqin inkişafı ilə də əlaqəlidir. Uşağın yetkinliyi və ümumi inkişaf səviyyəsi motorikanın inkişafı ilə qiymətləndirilir.

Uşaqların motorika bacarıqlarını inkişaf etdirmək üçün nə etmək lazımdır?

Uşaqların kiçik motorika funksiyalarını inkişaf etdirmək üçün bir sıra oyunlar mövcuddur. Psixoloq və pediatrlar tövsiyə edirlər ki, valideynlər uşaqların əllərinə smartfonu verərək deyil, onlarla kiçik əşyaları ehtiva edən oyunlarla asudə vaxtlarını keçirsinlər. Bu cür oyunlarda kiçik əşyalar müxtəlif yarmalar, qum, kiçik toplar, kibrit çubuqları, un, daşlar, makaron, düymələr, pazl və konstruktor şəklində ola bilər. Bundan əlavə, rəsm, aplikasiya və plastilin ilə düzəldilən fiqurlar uşaqları həm əyləndirər, həm də motorika inkişafına xeyli kömək edə bilər.

Həmçinin oxuyun

BMT: Dünyada cinsi ayrıseçkilik səbəbindən “itirilmiş” qızların sayı 140 milyondur

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb.  …