Bazar , May 31 2020
Home / Digər / Araşdırma / Azərbaycan mütəfəkkirlərinin multikulturalizmə baxışı

Azərbaycan mütəfəkkirlərinin multikulturalizmə baxışı

   Multikulturalizm-Çox mədəniyyətlilik, bir çox fərqli mədəniyyətin bir arada yaşadığı cəmiyyəti təyin edən sözdür. Mədəniyyət dedikdə fərdin, yaxud sosial qrupun daşıdığı, yaxud mənsub olduğu etnik, dini, irqi, sosial, tarixi, əxlaqi və s. dəyərlər sistemi başa düşülür. Mültikulturalizmin dövlət siyasəti olmasından, onun ümumdünya siyasətində necə qarşılanmasından, müsbət və mənfi cəhətlərindən, siyasi əhəmiyyətindən deyil, Azərbaycan mütəfəkkirlərinin və mütəfəkkirləri yetişdirən xalqın multikulturalizmə baxışından, həmçinin bu ideyanın milli şüurumuzdakı yerindən bəhs etmək istərdik.

   Bu anlayış 1970-ci ildə Avstraliyada müasir termin kimi dünya siyasətinə daxil olsa da, milli-mənəvi dəyərlər sisteminin bir parçası kimi, Azərbaycan xalqının şüurunda tarixən qəlibləşmişdir. Xalqın milli yaddaşında əsrlərdən bəri süzülüb gələn humanizm, bərabərçilik, insansevərlik duyğuları, o cümlədən dinimizin təsiri multikulturalizmə meyildə öz əksini tapmışdır.

   Sözsüz ki, müqəddəs kitabımız olan “Qurani Kərim”də insansevərlik, digər dinlərə hörmət öz əksini tapmışdır. ”Hucurat” surəsinin 12-ci ayəsində “Bir-birinizin eybini arayıb-axtarmayın!” deyilir, yaxud da “Bəqərə” surəsinin 148-ci ayəsində “Hər bir dəstənin bir qibləsi vardır ki, (üzlərini) ona tərəf döndərirlər. (Yəhudilər-Beytül-Müqəddəsə, xristianlar-şərqə, müsəlmanlar-Kəbəyə). Odur ki, bu barədə mübahisə etməyin” deyilir. Lakin bu humanistliyin və bərabərliyin də nə demək olduğunu dərk etmək, fərqinə varmaq və sui-istifadə olunmasına icazə vermək olmaz. Quranda”Şura” surəsinin 13-cü ayəsində “Dinə doğru-düzgün etiqad edin və onda bölünüb firqə-firqə olmayın” deyilir. Demək ki, İslamdakı dinlərə münasibət dedikdə onu parçalayan məzhəb və təriqətlər, mübarizə üsulu olaraq ideologiya kimi seçilmiş dini təfriqələr nəzərdə tutulmur. Bir sözlə, bu və ya bu kimi həssas mövzularda bilikli və vicdanlı olmaq sadəlöhv olmaqdan üstündür.

    Mövzumuzun mətləbi ilə əlaqədar olaraq hələ Erkən Orta Əsrlərdə yaşamış Nizami Gəncəvi yaradıcılığında sıx rast gəlinən humanizm ideyaları, hər nə qədər türklərə üstünlük verilsə də, digər dövlətlərə hörmət bu prinsipi bir daha təsdiq edirdi. Digər əcnəbi yazıçıların yaradıcılıqlarında isə bəzi vaxtlarda bunun əksinə rast gəlinir. Belə ki, türklərin və ya türkçülüyün həqarətlə aşağılandığı hissələrə rastlamaq bəzən mümkün olur.

                   Dünyanın damarını kim tutsa İsa kimi

                   İnsaf və ədalət ilə olar dünya hakimi

                   Dünyaya fateh olmaz zülm ilə rəzalət

                   Yer üzünün fatehi ədalətdir, ədalət

    Ədalət prinsiplərinə üstünlük verən humanist şairin Xristianlıq dininin peyğəmbərini nümunə kimi göstərməsi isə onun tolerant düşüncəsindən irəli gəlirdi.

   Bu da onu göstərir ki, dünyanın bir qrup ölkələrində mövcud olan islamafobiyadan  fərqli olaraq Azərbaycan mütəfəkkirləri tolerant düşüncəyə malik olmuşlar.

                   Necə adamlar davanı islam edir, amma

                   Təkcə arada bir xaç ilə zünnar tapılmaz.

    Bu misralarda Nəsimi bildirib ki, İslam davası güdənlərin bircə xaç və keşiş fərqi vardır. Həmçinin Nəsiminin ideya və prinsiplərində insana çox yüksək səviyyəli rəğbət hissində “Hansı insana?” sualı yoxdur. Demək ki, insansevər Nəsimi bütün dinlərin, irqlərin, dillərin, mədəniyyət və əxlaqların insanlarını nəzərdə tutmuşdur.

     XVI əsr Səfəvilər dövlətinin banisi görkəmli şair və siyasi xadim olan Şah İsmayıl Xətaiyə edilən şiə məzhəbi ilə baglı edilən təqiblərdə yanlışdır. Əvvala, Xətaidən əvvəl Hülakülər dövlətinin hökmdarı Məhəmməd Olcaytunun dövründə şiə məzhəbi dövlət siyasətində qəbul olunmuşdur. İkinisi isə o dövrün siyasi şəraiti sanki, Sultan Səlimlə Şah İsmayılı bir-birinə qarşı ifrat din düşməni kimi yetişdirmişdir. Xətai ədalətli hökmdar və humanist şair idi. Siyasi xadimin yüksək şair ruhu və dərin mənəviyyatı var idi. O, öz vəsiyyətində “Öz əcdadlarımızdan bizdən sonrakılara 3 şeyi miras qoyuram. 1.Ana dili; 2.Vətən; 3.Vicdan deyirdi”. Bu mütəfəkkir şair milli-mənəvi dəyərlər kimi vicdana da böyük əhəmiyyət verirdi.

  Atabəy hakimliyi dövründə bölgədəki xristian əhalisi sıxışdırılmırdı. Bunu sübut edən faktlardan biri Xarəzmşah Qiyasəddin Pirşahın Naxçıvanı tutmasından sonra, Naxçıvana hakim təyin edilməsilə bağlı sərəncamda öz əksini tapmışdır. Sərəncamda digər dinlərə, o cümlədən Xristian dininə mənsub əhalinin sıxışdırılmadığı, əksinə əraziyə gəlmək istəyən xristian etiqadlı əhali ilə bölgə hakiminin şəxsən görüşməli olduğu qeyd olunurdu. Sərəncamdan aydın olur ki, nəinki xristianlar (əhli-zimmət), hətta çoxallahlığa etiqadını saxlayanlara da (müşriklərə) tolerant münasibət bəslənilmişdir.

       El arasında belə bir deyim var; ”Su girdi qaba, oldu içməli”. Doğrudan da multikulturalizm həm daxili sabitlik və inkişaf, həmdə geosiyasi vəziyyəti nəzərə almaqla xarici əlaqələrdə mühim əhəmiyyət daşıyır. Azərbaycan millətinin təşəkkülündən sonra bu dəyərlər daha da tərəqqi etdi. XIX əsrdə yaşamış Seyid Əzim Şirvaninin misralarında deyilir:

                   Getmə təhsal qalası məndə sənə sayə gəlim

                   Daməlindən yapışım mən də kəlisaya gəlim

                   Ya sən İslamı qəbul eylə menim dinimə gəl

                   Ya da təbliğ eylə mən məzhəbi İsaya gəlim.

    Bu misralarda dinlərə münasibət tamamilə açıq şəkildə təzahür etmişdir. Dinin seçim olması, rəğbət bəsləyib dini dəyişə bilmək, qarşı dinə hörmət şairin çox yüksək səviyyəli tolerantlığından xəbər verirdi. Sözsüz ki, nədəsə ifrata varmaq lüzumsuzdur.

   XX əsrdə Cəfər Cabbarlının “Sevil” pyesindən sonra Azərbaycan qadınlarının çadra, fəsi atması Azərbaycanın Avropasayağı inkişafına şərait yaratdı və xalqın şüurunda irəliləyişə səbəb oldu. Məcburi molla rejimindənsə, ”Könüllülük” və “hər kəsin öz seçimi” prinsipi yaradılırdı. Əslində multikulturalizm də insanların öz iradəsiylə yaşaması və mühitin də buna normal baxması deyilmi?” Azərbaycanda yalnızca ağrənglilər, yalnızca türklər, ya da yalnızca çadralı müsəlmanlar yaşaya bilər!” desək, bu Azərbaycanda yaşayan bir və ya bir qrup şəxslərin tarixi və ya özgür iradəli etnik, dini, mənəvi dəyərlərinə qarşı çıxmaq olmazmı?Deməli multikulturalist dövlətdə humanistlik, bərabərlik, tolerantlıq əsas mənəvi baxış olmalıdır. XX əsrin əvvəllərində olan ziyalı şəxslər; Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Əli bəy Hüseynzadə xaricdə təhsil almış, Avropa mədəniyyətinə böyük rəğbət bəsləsmiş, lakin heç bir zaman türk, müsəlman olduqlarını unutmamışlar.

      Multikulturalizm həmdə özünütənqidi bacarmaqdırsa, yeri gəlsə dəyişməkdirsə, gördüyün hər mədəniyyətdən özünə bir nümunə götürməyi bacarmaqdırsa, radikallıqdan çıxıb öyrənməyə meyillilikdirsə bu görkəmli şəxslər bu ideyanı çox yaxşı dərk etmişdilər.

      Əhməd bəy Ağayev Parisdə oxuyarkən oraya gəlmiş, İran şahıyla Fransanın baş nazirinin görüşü zamanı belə bir müqayisə aparmışdır. Bu zaman onun nə qədər düşünsə belə, tapa bilməyəcəyi ələdüşməz səhnə yaranmışdır. ”Şərqlə qərb, bər-bəzəklə sadəlik, lovğalıqla təvazökarlıq, despotla demokrat, sülalə iradəsinə söykənən rejimlə qanunlara söykənən hakimiyyətin mənzərəsi göz qabağındadır. Kasıb məmləkətin zəngin şahıyla, zəngin məmləkətin kasıb baş naziri…”

   Danılmaz həqiqətdir ki, bir zamanlar da qərb şərqdən səlib yürüşlərindən sonra çoxlu mədəniyyət nümunələri öyrənmişdir. İstərsə də, dünyanın bir çox ölkəsində yaşayıb, təhsil alan 11 dil bilən, Azərbaycana yepyeni ideyalarla dönən həkim, şair, publisist, yazıçı, filosof, tərcüməçi Əli bəy Hüseynzadə…

    1918-ci il noyabrın 20-də “Azərbaycan parlamentinin yaradılması haqqında qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən ibarət olmalı idi. Əhalinin çoxmillətli tərkibinə uyğun olaraq 80 yer azərbaycanlılara, 21 yer ermənilərə, 10 yer ruslara verilməli idi. Yəhudi, alman, gürcü, polyak xalqlarının hər biri üçün bir yer, həmkarlar ittifaqları təşkilatları üçün 5 yer nəzərdə tutulmuşdur. Respublika ərazisində yaşayan hər bir xalqın və hər iki cinsin bərabər seçki hüququ qanunla təsbit edilirdi.

    Azərbaycanın demək olar ki, hər dövründə multikultural dəyərlər olmuşdur.

  Özünütənqid daimi inkişafa səbəb ola bilər. Təbii ki, özünütəsdiq və özünə dəyərlə aparılarsa…

     Daima öyrənmək, yepyeni mədəniyyətlər kəşf etmək, öz mədəniyyətini daim tanıtmaq və hörmət bəslənilməsini gözləmək, siyasi və mədəni sabitlik yaratmaq multikultural olmaqdan keçirsə, inkişafa meyilli Azərbaycan xalqı da, onun yetişdirdiyi mütəfəkkirlər də daim bu düşüncəyə malik olmuşlar. Hazırda Azərbaycan siyasəti də bunu tələb edir. Ümidvarıq ki, bundan sonra da belə gedəcək. Çünki, milli şüurumuzda formalaşan bir dəyərdir bu…

Rəqasanə Bədəlova

Naxçıvan Dövlət Universitetinin Tarix ixtisasının III kurs tələbəsi

Həmçinin oxuyun

İsveçrə haqqında maraqlı məlumatlar

MediAktiv.az olaraq İsveçrə haqqında maraqlı məlumatları nəzərinizə çatdırırıq.İsveçrə dedikdə ağlımıza etibarlı banklar və şokoladlar gəlir, …