Çərşənbə axşamı , Sentyabr 17 2019
Home / Digər / Bəhruz Kəngərli sənəti əsl qiymətini Heydər Əliyev dövründə aldı

Bəhruz Kəngərli sənəti əsl qiymətini Heydər Əliyev dövründə aldı

    Əsrlər boyu özünün yeraltı və yerüstü sərvətləri ilə dünya səyyahlarının diqqətini cəlb etmiş Naxçıvan diyarı bu gün, eyni zamanda, yeni tipli memarlıq abidələri ilə də dünya mədəniyyətinə yeni səhifələr yazmaqdadır. Naxçıvanda yeni yaradılan muzey kompleksləri deməyə əsas verir ki, bəli, qədim diyar özünün neointibah mərhələsini yaşayır. Tərəddüdsüz bu gün Naxçıvanı muzeylər şəhəri də adlandırmaq olar. Əlbəttə, Naxçıvanda yaradılan hər bir muzey bu torpağın bəşər tarixinə bəxş etdiyi görkəmli şəxsiyyətlərin dühasından söz açmaqdadır. Bu mənada, Naxçıvan muzeyləri sırasında Bəhruz Kəngərlin muzeyi mənəvi dəyərlərimizin monumental məbədləri olması baxımından diqqəti cəlb edir. Əlbəttə bu möhtəşəm məbədlərin yaradılması, birbaşa dünya şöhrətli siyasətçi, ümummilli lider, ulu öndər Heydər Əliyevə məxsus azərbaycançılıq təliminin göstəricisidir. Məlumdur ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın tarixində öz sözünü demiş, hər bir görkəmli şəxsiyyəti yüksək dəyərləndirmiş, onların adının yaşadılmasını daim vacib və gərəkli saymışdır. Azərbaycan rəssamlığının görkəmli nümayəndəsi Bəhruz Kəngərli də ulu öndərin estetik dünyasında yer tutan sənət adamlarından olmuşdur.

     Bəhruz Kəngərli Azərbaycan rəssamlığında yeni bir mərhələnin – realizmin əsasını qoymuş və rəssamlığı orta əsrlərdən qalmış, miniatür sənətinin təsirlərindən xilas etmişdir. Rəssamlıq sənətini o, XX əsrin əvvəllərində təhsil aldığı Tiflis Rəssamlıq və Heykəltaraşlıq məktəbində peşəkar səviyyəsində öyrənmişdir. Qeyd etdiyimiz kimi böyük istedad sahibi olan Bəhruz Kəngərli Azərbaycan realist rəssamlıq sənətinin banisidir. Təsviri sənətin tədqiqatçılarının fikrincə, Bəhruz Kəngərli “30 il yaşamış, lakin uşaqlıq və yeniyetməlik dövrü istisna olarsa, sənətə həsr etdiyi 7 il ərzində 2000 əsər yaradıb və təsviri sənətdə özündən sonra zəngin irs qoymuşdur. Bəhruz Kəngərli Azərbaycanda realist dəzgah boyakarlığının, portret, mənzərə, natürmort, süjetli-tematik və teatr-dekorasiya janrlarının peşəkar həlli ifadəsinin əsasını qoyub”.

    Bəzən çox qısa yaşanmış bir ömür də əbədi olmağa, ölməzlik adını layiqincə daşımağa kifayət edir. Elə ömrünün 30-cu ilində bu dünyanı tərk edən gənc rəssamımız Bəhruz Kəngərlinin ömrü kimi… Həyatda çox qısa ömür sürmüş Bəhruz Kəngərli dərin təfəkkürlü və qızıl fırçalı rəssam kimi ədəbi ömrünün əbədiliyinə qətiyyətlə imza atmışdır. Bu görkəmli rəssamın həyatı təzadlarla, qəribəliklərlə dolu idi.

    Tale heç də ona qarşı hər zaman xoş davranmamış, uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamı eşitmə problemi ilə üz-üzə qoymuşdu. Ancaq yaşadığı bu çətinlik onun rəssamlığa olan bağlılığını qətiyyən azaltmamış, həyat eşqinin alovlanmasına əngəl ola bilməmişdi. Bəhruz Kəngərlinin sənətə olan sevgisini rəssamın analığı Şirin xanım belə xatırlayırdı: “Əvvəllər nə mən, nə də atası Bəhruzun şəkil çəkməsinə əhəmiyyət verməzdik. Hətta biz heyifsilənirdik ki, o, vaxtının çoxunu şəkil çəkməyə sərf edir. Amma sonralar atası onun istedadına inanmağa başladı, onun üçün Tiflisdən kağız, karandaş, rəng gətirdi”.

    Uşaq vaxtı ağır xəstəlik keçirən Bəhruz Kəngərli bu ağrı-acılara sinə gərmək üçün fırçadan möhkəm yapışaraq çox erkən yaşlarında rəssamlığa meyil göstərmişdir.

    Qədim Naxçıvan torpağında, Naxçıvan şəhərində doğulub boya-başa çatması, burada yaşaması Bəhruz Kəngərlinin rəsm əsərlərində bu qədim diyara həsr olunmuş mövzuların çox olmasına səbəb olub. Bəhruz Kəngərlinin rəsm əsərləri doğma Naxçıvan torpağının hənirtisinin, isti nəfəsinin, sərt görkəminin rənglərindən yoğrulmuşdur. Onun sənətində Naxçıvan mövzusu geniş yer tutur. Bəhruz Kəngərlinin 1916-cı ildə çəkdiyi “Qarlı Dağlar” əsərində Ağrıdağın Naxçıvandan görünüşü bütün təbii rəngləri ilə ifadə olunmuşdur.

   O, Nuh peyğəmbərin Naxçıvandakı qədim məzarını bir neçə dəfə sulu boya ilə kətan üzərində canlandırmışdır. Bu gün həmin rəsmlər həm də tarixi mənbə kimi qəbul olunur. Nuh peyğəmbərin Naxçıvandakı məzarüstü türbəsinin yerini müəyyən edərkən bir neçə mənbə ilə yanaşı həm də Bəhruz Kəngərlinin “Nuhun qəbri” adlı rəsm əsərləri də çox mühüm rol oynayır.

    “Nuhun türbəsi”nin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk peşəkar rəssamı, Azərbaycan təsviri incəsənətində realist və plener boyakarlığın əsasını qoyan naxçıvanlı rəssam Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir. Rəssamın “Nuhun qəbri” adlandırdığı bu əsərlərdən beşi, o cümlədən bir orijinal, dörd reproduksiya (fotoqrafiya üsulu ilə şəkildən surət çıxarma) Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində nümayiş etdirilir. Rəssamın Naxçıvan şəhərindəki Bəhruz Kəngərli muzeyində saxlanılan “Nuhun qəbri” əsəri bu adda nümayiş etdirilən yeganə orijinal boyakarlıq əsəridir. Tablonu rəssam yağlı boya ilə kətan parça üzərində yaratmışdır. Ölçüsü 30×33 sm-dir. Əsərin 1921-ci il yayın sonunda çəkildiyi güman edilir. Bu fikri əsaslandıran amillərdən biri türbənin 1920-ci ildəki görünüşünə nisbətən daha çox dağıntıya məruz qalmasıdır. Tablonun yayda çəkildiyi isə naturanın əsas fonunu təşkil edən dağların və ağacların rənginə, eləcə də birinci plandakı ot bitkilərinin zəngin rəng çalarlarından və əsər üzərinə çökmüş isti hava effektindən asanlıqla təyin etmək olur. Türbənin uçuq divarlarına və sərdabə qapısına düşən kölgələr, ətrafda təsvir olunan detallardakı işıq-kölgə münasibətləri əsərin günorta vaxtı çəkildiyini göstərir. Tabloda işlədilən rənglər günəşin düşmə bucağından asılı olaraq naturanın və havanın aldığı rənglərə uyğun olan isti və tünd tonlarda həll edilmişdir.

    Bəhruz Kəngərlinin 1916-cı ildə çəkdiyi “Çoban sürüsü ilə”, 1921-ci ildə çəkdiyi “Yamxanaya gedən yol”, yenə 1921-ci ildə çəkdiyi “İlandağ mənzərəsi” “Naxçıvan yadigarı” silsiləsindən olan rəsm əsərlərindəndir. Bu tablolarda rənglərlə birlikdə kətan üzərinə köçürülmüş Naxçıvan torpağının o dövrkü vəziyyətini də görmək olur.

    Bəhruz Kəngərlinin “Qaçqınlar” silsiləsinə daxil olan rəsm əsərləri Azərbaycan təsviri sənətinin nadir sənətkarlıq nümunələrindən sayılır. Qaçqınların vəziyyəti, geyimi, məişəti, psixologiyası, ağrıları və ümidləri heç bir əsərdə Bəhruz Kəngərlinin rəsmlərindəki qədər dərin və incə cizgilərlə ifadə olunmayıb. Rəsmlərində bir neçə sujet ətrafında birləşmiş insanların taleyini Bəhruz Kəngərlinin “Qaçqınlar” epopeyası adlandırmaq mümkündür. Bir sözlə, Bəhruz Kəngərli torpağın, insanın, təbiətin bütün ruhunu tam incəliyi ilə görə bilən sənətkar olub. Təbiətdə adi gözlə baxanda görünməyən bəzi məqamları istedadlı rəssam rənglərin dili ilə canlandırmışdır. Bəli, bütün bu keyfiyyətləri gördükdən sonra deyə bilərik ki, Bəhruz Kəngərli Azərbaycanın ustad rəssamlarından biridir.

    1914-cü ilin iyununda rəssamın Naxçıvanda ilk böyük sərgisi təşkil olunmuş, burada nümayiş olunan rəsm əsərləri hər kəsi heyran etmişdi. 1914-cü ildə “İqbal” qəzeti Bəhruz Kəngərli haqqında yazırdı: “Cavan rəssamımız gələcəkdə iftixarımız olacaqdır”.

    Ümummilli lider Heydər Əliyev də Bəhruz Kəngərli yaradıcılığına daim diqqətlə yanaşmışdır. Ulu öndərimizin təşəbbüsü ilə Naxçıvan şəhərində Bəhruz Kəngərli muzeyi yaradılmışdır. 2002-ci ilin yayında muzeyin açılış mərasimində xalqımızın böyük oğlu Heydər Əliyev Bəhruz Kəngərli yaradıcılığını yüksək qiymətləndirərək demişdir: “Bəhruz Kəngərli nadir istedada malik insan idi. O, Azərbaycan xalqının professional rəssamlıq sənətində ilk rəssamdır. Onun əsərləri Azərbaycan rəssamlıq sənətinin, mədəniyyətinin ən görkəmli nümunələrindədir. Biz bununla fəxr etməliyik. Fəxr etməliyik ki, Azərbaycan xalqının belə böyük istedada malik insanları olubdur”.

    Ulu öndər Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini göz önünə gətirmiş və sözlə təsvir etmişdir: “Bəhruz Kəngərli əsərləri həddindən artıq qiymətlidir. Birincisi onun rəssamlıq ustadlığına görə, ikincisi yaratdığı obrazlara görə – mən insan obrazlarını deyirəm. Xüsusən o ağır dövrün 1918, 1919, 1920-ci illərin çətin dövründə xalqımızın ağır vəziyyətdə olmasını az da olsa, öz əsərlərində əks etdiribdir”. Bu elə bir qiymətdir ki, hər birimizə bələdçilik edir. Yəni Bəhruz Kəngərlinin kim olduğu, Azərbaycan mədəniyyəti tarixində hansı mövqedə dayandığı tamamilə aydınlaşır.

Görkəmli sənətkarın sənət dünyası, əbədiyaşar yaradıcılığı muxtar respublikamızda indi də yüksək qiymətləndirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun  “görkəmli rəssam Bəhruz Kəngərlinin 120 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 2012-ci il 12 yanvar tarixli sərəncam bunun bariz ifadəsidir. Naxçıvan şəhərində yaradılmış Bəhruz Kəngərli muzeyi binasının 2013-cü il iyun ayının 24-də əsaslı yenidənqurmadan sonra açılışı olmuşdur. Bəhruz Kəngərlinin əsərlərindən ibarət albom-kataloq hazırlanmışdır. Bu gün muzeydə Bəhruz Kəngərli irsinə aid 900-dən çox eksponat mühafizə olunur. Muzeydə rəssamın 341 rəsm əsəri mövcuddur. Bu rəsm əsərlərindən 58-i orijinaldır. Muxtar Respublikamızda biz Bəhruz Kəngərli yaradıcılığına diqqət və qayğının daha  bir nümunəsinin 2016-cı il 24-27 may tarixlərində muxtar respublikamızın paytaxtı Naxçıvan şəhərində keçirilən “Naxçıvan bəşəriyyətin beşiyi” III Beynəlxalq Rəsm Festivalının keçirilməsi müddətində əyani şahidi olduq. Festival çərçivəsində mayın 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun 2015-ci il 14 noyabr tarixli Sərəncamına əsasən Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılışı muxtar respublikamızda rəssamlıq sənətinə verilən yüksək dəyərin ifadəsidir. Bəhruz Kəngərli adına Rəssamlar Parkının açılış mərasimində çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycan realist rəssamlıq sənətinin banisi Bəhruz Kəngərlinin yaradıcılıq irsini yüksək qiymətləndirərək demişdir: “Əgər Əcəmi memarlıq sənətində yeni bir məktəbin əsasını qoymuşdursa, görkəmli fırça ustası Bəhruz Kəngərli də Azərbaycan rəssamlığında realizm məktəbini yaratmışdır. Onun sənəti daim yaşayan sənətdir, yaradıcılığı rəssamlıqda yeni məktəbdir. Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkının istifadəyə verilməsi və abidəsinin ucaldılması da Bəhruz Kəngərli yaradıcılığına və şəxsiyyətinə göstərilən ehtiramın daha bir ifadəsidir”.

     Ali Məclisin sədri həmçinin açılış mərasimində Azərbaycanda təsviri incəsənət sahəsində çox qüdrətli şəxsiyyətlər fırçası ilə öz sözünü deyən dahi rəssam Bəhruz Kəngərli haqqında bu müdrik fikirləri söyləmişdir: “Realist rəssamlığın vəzifəsi yalnız həyatın və ya təbiətin surətini çıxarmaq deyil, onu ifadə etmək və yaşatmaqdır. Öz dövrünün reallıqlarını böyük şövqlə kətana köçürən Bəhruz Kəngərli də rəssamlıq sənətini xalqın həyatına yaxınlaşdıraraq ölkəsinin tarixi keçmişini və yaşadığı dövrün ictimai-siyasi hadisələrini dolğun şəkildə əks etdirə bilmişdir. Bəhruz Kəngərlinin ustalıqla yaratdığı “Qaçqınlar” silsiləsi erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri soyqırımı siyasətinin acı nəticələrini əks etdirir. Rəssam qaçqın ömrü yaşayan insanların faciəsini əks etdirərək o dövrdə tarixşünaslıqda qələmə alına bilməyən həqiqətləri sənətin dili ilə gələcək nəsillərə çatdırmışdır. Bəhruz Kəngərlinin təbiət təsvirləri və Naxçıvanın tarixi abidələrinin əks olunduğu əsərləri də böyük sənətkarlıqla işlənmişdir. Rəssamın bu qəbildən olan əsərləri Naxçıvanın qədim tarixinə bələdçi rolunu oynayır. Naxçıvan şəhərindəki Nuh peyğəmbərin məzarüstü türbəsi bərpa olunarkən görkəmli rəssamın “Nuh qəbri” silsiləsindən əsərlərinin də əsas kimi götürülməsi sənətin yaradıcı gücünün ən yaxşı nümunəsidir”.

    Azərbaycan incəsənəti tarixində həmişəyaşar Bəhruz Kəngərli kimi sənətkarlar bəşəri idealı insanlar olublar. Bir qərinəlik ömründə əbədiyaşar əsərlər yaradan, incəsənət tariximizin unudulmaz nümayəndəsi Bəhruz Kəngərli müasirimiz olaraq, bizimlə bərabər addımlayır.

Həmçinin oxuyun

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Mediaktiv.az APA -ya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir