Cümə axşamı , İyun 20 2019
Home / Digər / Daş heykəllərə köçən ömür

Daş heykəllərə köçən ömür

   Sənət, əslində adi bir şeyi qeyri-adi gözlə görmək, duymaq, hiss və ifadə etməkdir. Əsl sənətkar yeddi not, yeddi rəng və bu kimi bölgülərin çərçivəsinə sığmayanda yaradır sənət möcüzəsini. Əsl sənətkar ətrafındakı gözəlliyi ilk öncə özü duyub, sonra yenidən yaradaraq başqalarına çatdırmağı bacaranlardır. Bu yolun isə çətinlikləri çoxdur…

   Xoşbəxt o insanlardır ki, onların yaradıcılıq istedadı var. Amma bu, milyonların can atdığı adi xoşbəxtlik deyil, bu allah vergisi, qeyri-adi istedaddır.

   Heykəltaraşlıq incəsənətin ən mürəkkəb növüdür, bu işə ruhən və cismən möhkəm olanlar girişirlər. Çünki ustadın yolu çox çətin yoldur. Sənətkarın məqsədi-öz daxilinə və başqalarına gözəllik vermək, onu yenidən yaratmaq və çatdırmaqdır. Dünyanı fəlsəfi – qəhrəmanlıq rakursunda görmək qəlbin və istedadın xüsusi meyllərindən doğur. Belə sənətkarlar haqqında deyirlər ki, onlar özlərində sanki iki ürək, iki məqsəd – xoşbəxtliyə və əzablara dözmək inamı daşıyırlar. Bəzən yaradıcı insanlar daxili aləmlərində elə qüvvə, elə gözəllik duyurlar ki, bu xoşbəxtlik parıltısı başqalarına da paylanır və onları ofsunlayır.

   Bu yaradıcı insanlar sırasında Azərbaycan incəsənətinin dünyaya tanınmasında əvəzsiz xidmətləri olan şəxsiyyətlərdən biri-xalq rəssamı Ömər Eldarovun zəngin yaradıclıq irsi diqqət çəkir.

   Onun sənəti görmək, təsəvvür etmək, heykəl yaratmaq meyli Çikveçento dövrünün sənətkarları ilə daha yaxındır: bu, insan xarakterinin ən yaxşı cəhətlərini fəal fəlsəfi – qəhrəmanlıq rakursunda görməkdir və bu, səmərəli fəaliyyət bacarığı kimi başa düşülməlidir. Ömər Eldarovun heykəlləri əqli, fiziki və mənəvi gücü ilə diqqəti cəlb etməkdədir. Buna görə də sənətkarın Cavid, Füzuli, Danko, Ayni surətləri faciəvi təsvir bağışlayır və onların daxili aləmində həkkolunmaz konflikt özünü büruzə verir. Eldarov xarakterinə xas olan qəhrəmanlıq nikbinliyi və mənəvi məsuliyyət onun personajlarının fəal mövqeyi ilə sənətkarın yaradıcılıq təfəkkürü, xüsusən bədii ifadəsi, plastik enerjisinin gücündə təcəssüm olunur.

   Eldarov aləminin yeganə və daimi sakini arzuları ilə qanadlanan, peşmançılıq və ümidlərlə yaşayan insandır. Bu insan öz düşüncələrinin əsiridir. Eldarov heykəllərinin hamısı belədir: onlar düşünürlər. Onun qəhrəmanlarının hər biri öz aləminə qərq olur, daxili aləmilə yaşayır. Eldarovun fərdi üslubu, onun sənətə yanaşması insanın öz daxilinə baş vurmasıdır.

   Ömər Eldarovun diplom işi çox mürəkkəb, doqquz fiqurlu “Gənc qvardiyaçılar” qorelyefindən ibarət idi. Çox yüksək qiymət alan bu əsər 1951-ci ildə Leninqrad rəssamlarının əsərlərindən ibarət olan sərgidə nümayiş etdirilir və SSRİ Rəssamlıq Akademiyasının Muzeyinə verilir. Tələbənin belə bir heykəltaraşlıq növünə müraciət etməsi cəsarətli addım hesab edilir.Çünki qorelyef heykəltaraşlığın ən mürəkkəb növlərindəndir və burada həcmlə yanaşı perspektivi və “planları” görmək bacarığı vacibdir. Gənc heykəltaraş bu işin öhdəsindən uğurla gələ bilir. Bütün fiqurlar və hərəkətlər vahid bir fikrə bağlanmışdır: fiqurların çoxluğuna rəğmən, qorelyef bütöv, ifadəli və romantikdir. Uğurlu diplom yaradıcılığından sonra Ömər Eldarov Bakıda yeni yaradıcılıq işlərinə başlayır.

   Əllinci illərdə sənətin həddən artıq ideologiyaya tabe edilməsi gizli deyil, amma böyük istedad maneələrə baxmayaraq həmişə özünə yol açır. Artıq 50-ci illərin ortalarında heykəltaraşın nailiyyətləri geniş əks–səda doğurur. Bu, XIX əsrin şairəsi, Qarabağ xanının qızı Xurşudbanu Natəvanın mərmər portreti və bəstəkar Üzeyir Hacıbəyovun qəbirüstü bürünc heykəlidir. Bu əsərlərdə sənətkarın heykəltaraşlıq texnikasının  ən yaxşı cəhətləri özünü göstərməkdədir.

   Heykəltaraşın Natəvan şəxsiyyətinə müraciət etməsi onun cəsarətindən, 50-ci illərin ortalarındakı siyasi reallıqlarla razılaşmamağından xəbər verir. Qeyri-iradi olaraq etiraza meyl etməsi təkcə mövzuda deyil, kompozisiya həllində də Qarabağ xanının qızının zəngin geyimində özünü göstərməkdədir. Biz burada “xalq içindən” çıxmış adi obrazın əvəzinə intellektual gözəlliyə malik, əynində çoxlu daş-qaş, incə əllərinin cizgiləri görünən kübar qadınla üz–üzə dururuq.

   Abidənin gözəlliyi yalnız öz proporsiyalarına görə məkana ideal uyğunlaşması ilə bitmirdi, o harmoniyanın və zövqün ən yüksək təzahürünün nümunəsi kimi meydanı bəzəyirdi. İndi bu meydanı böyük şairənin zəriflik heykəli olmadan təsəvvür etmək mümkün deyil – Natəvan sənətkarın qəhrəmanına çevrilərək qəlbləri fəth etmişdir.

   Heykəltaraş ona əziz olan insanların portretlərini yaradır. Bəlkə elə buna görə də həmin portretlər bu qədər zərifdir, müdrikdir?  Əlbəttə, sirli və sevimli insan simasından maraqlı, gözəl nə ola bilər ki?

   Heykəltaraş özünün böyük dostu, ümummilli lider Heydər Əliyevin portretinə  iki dəfə müraciət etmişdir. Bir dəfə doğma Naxçıvan (1985) üçün, ikinci dəfə Qars şəhərinin (2002) bələdiyyəsinin sifarişilə Azərbaycan xalqının liderinin obrazı tamamilə oxşar verilmişdir:  Bu portret – dərin və müdrik xarakterin dərinliyinə dalmaq və plastik formanı ideal dərk etməkdir.

   Heykəltaraşın şəxsiyyətin hisslərinin geniş spektrinə müraciət etməsi dərin fəlsəfi baxış tələb edir və bu onun həyat mövqeyində özünü göstərir. Heykəltaraş dahi liderin heykəli haqqında müsahibələrinin birində demişdir: “Tarix çox vaxt Azərbaycanla ədalətli davranmayıb. Amma bir məsələdə tarix bizimlə ədalətli davrandı ki, belə bir lideri Azərbaycana verdi. Bu bizim xoşbəxtliyimiz idi ki, belə bir siyasətçi başqa sovet xalqlarına deyil, məhz bizə nəsib olmuşdu. Bu siyasi liderlik xüsusiyyətləri onda ilahidən idi, təbiət vermişdi. Səmimi qəlbdən etiraf edəcəm; O dünyasını dəyişəndən sonra fikirləşdim ki, mən bundan sonra kimin heykəlini düzəldəcəm”.

   1960-cı ildə Füzulinin yubileyi qarşısında şairə həsr olunmuş monumentin yaradılması üçün respublika müsabiqəsi elan edilmişdi. Bu müsabiqədə Ömər Eldarovun Tokay Məmmədovla birlikdə hazırladığı layihə qalib gəlir. 1963-cü ildə ucaldılan Füzuli monumenti yüksək estetik qiymətə malik olan bir memarlıq ansamblı kimi meydana gözəllik verərək insanlarda dərin fikirlər və duyğular oyadır. Bəşəriyyətin böyük dahilərinin surətlərini əsərlərdə yaşatmaq, onların yüksək ideallarını təsdiq etmək, bir çox nəsillərin tərbiyəsinə təsir göstərmək vəzifəsi məhz belə heykəllərin, monumental əsərlərin payına düşür. Füzuli monumenti məhz bu nəcib vəzifəni özündə təcəssüm etdirir. Bu heykəl düşüncələr içində olan şairin simasında real həyatda bir – birinə qovuşa bilməyən sevgililərin əbədiyyətdə qovuşmasını göstərməkdədir.

   Heykəltaraş böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin abidəsinin də müəllifidir. Qeyd etmək yerinə düşər ki, abidə dahi şairin pərəstişkarı, ulu öndər Heydər Əliyev tərəfindən sifariş edilmişdir.

    Dramaturqun həyat yolu və yaradıcılığını dərindən öyrəndikdən sonra Eldarov onu heykəlini yaratdığı obrazların sırasına daxil etməyi qərara almışdır.

   Hüseyn Cavid şəxsiyyəti romantik, bəlkə də müqəddəs mistik bir ruha qərq olmuşdur, buna səbəb dramaturqun özünün real qəhrəman olmasıdır. Eldarovun “Cavid”i – onun pyeslərinin heykəlləşmiş ideyaları, əyilməz ruhunun simvoludur.

   Heykəltaraş Ömər Eldarovun yaradıcılığında estetik gözəlliyə malik əsələrindən biri də akademik Zərifə xanım Əliyevanın portretidir. Heykəltaraş bu obraza üç dəfə müraciət etmişdir. Uzun axtarışlardan, ulu öndər Heydər Əliyevlə və ailənin digər üzvlərilə məsləhətləşmələrdən sonra eskizin son variantı müəyyənləşmişdir. Üç il gərgin işdən sonra müəllifin “Elegiya” adlandırdığı əsər öz həyatını yaşamağa başlamışdır. Bu əsərin maraqlı taleyi var. Moskvanın Novodeviçye qəbiristanlığında dəfn olunan Zərifə xanımın qəbrinin üstündə abidə qoymaq məsələsi ortaya çıxanda o zamanın məşhur heykəltəraşları buna təşəbbüs etsələr də Heydər Əliyev Ömər Eldarovu seçir. Heykəl hazır olanda isə onun Moskvaya aparılmasını istəmir və müəllifdən xahiş edir ki, onu öz emalatxanasında saxlasın.  Fəxri Xiyabanda ucaldılmış bu heykəl işıq və kölgənin təsirilə seyrək duman içərisindəki kimi təsir bağışlayır. Zərif, güclə seçilən naxışlar hər bir formanı dəqiq müəyyənləşdirir, üzünün ifadəsi daim dəyişən canlı bir insan təsəvvürü yaradır. Heykəl öz dairəsində sanki bir məkan yaradır və bu da plastik həcmilə nəciblik bəxş edir. Burada xeyirxah, müdrik, nəzakətli qadının obrazı ümumi ideyanın əsasını təşkil edir. Müəllif xarakterin əsas cəhətini dəqiq vermişdir ki, bu da şəxsiyyətin əsas mənasını ifadə edir, qadına məxsus zərifliyi və ana qəlbinin ismətini təsvir edir.

   Məşhur mədəniyyət və incəsənət xadimi, bacarıqlı təşkilatçı və pedaqoq Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti ölkə rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O “Şərəf nişanı” (1959 il) və müstəqil Azərbaycanın ali dövlət mükafatı olan “İstiqlal” (1997 il) ordenləri ilə təltif olunmuşdur. Ömər Eldarovun yaradıcılığı və ictimai fəaliyyəti respublikanın 20 və 21-ci yüzillikləri hüdudlarındakı mədəni və bədii həyatına böyük təsir göstərməkdədir.

   Ömər Eldarov fərqli sənətkardır. Onun ilk diplom işi qorelyefdən tutmuş, ən son əsərinədək hamısında parlaq, sabit yaradıcılıq xətti var, o, yaşadığımız aləmin gözəlliyini romantik qəhrəmanlıqda görür, gözəlliyi xeyirxahlıq və məhəbbətdə axtarır… Nikbin ruha malikdir, maarifləndirməyə can atır… Mikelancelo deyirdi: “Hər bir sənətkar… ifadə etdiyi əşyadan daha çox, özünü təsvir edir”.

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir