Çərşənbə axşamı , İyun 25 2019
Home / Digər / Dünya memarlığından incilər-Misir ehramları

Dünya memarlığından incilər-Misir ehramları

   Salam əziz oxucular, xoş gördük hər birinizi! Mediaktiv.az saytı olaraq “Dünya memarlığından incilər” adlı yeni silsilə köşəmizin ilk maraqlı yazısını sizə təqdim edirik. Bu yazımızda sizə bəşər sivilizasiyasının ən qədim dövrlərindən bu günə qədər tarixin bir çox üzlərinin şahidi olmuş memarlıq abidələrindən söhbət açacaq, dünya memarlığına aid bir çox maraqlı faktlarla sizi tanış edəcəyik. Axtardıq, araşdırdıq və bizi ilk cəlb edən memarlıq nümunəsi Misir ehramları, onların ətrafında inşa olunan Sfinksin heykəli və fironların məzarüstü sərdabələri oldu.

         Ümumiyyətlə, Misir memarlığını da öz qoynuna alan Şərq dünyası sirli bir aləmdir. Bu sirli dünyaya yalnız Şərq insanı deyil, Qərb insanı da böyük maraq göstərir. Yaxın Şərq Uzaq Şərq ölkələrindən fərqli olaraq orta əsrlərdən İslam mədəniyyəti ilə səciyyələnir. Lakin onların ümumi bir ruhu var, o ruh ənənəçiliyə söykənir və dinə sıx bağlılığı ilə xarakterizə olunur.

     Misir mədəniyyəti Şərq mədəniyyətində ayrıca nüfuza malikdir. Çünki ilk sivilizasiya Şərqdə, məhz Misirdə başlayır. Misirin bəşəriyyətə təqdim etdikləri sırasında ilk olaraq yazı dayanır.  Misir ilk dövlətlərin beşiyidir; ilk dövlətlər, dövlət mədəniyyəti orada yaranıb. Misirlilər sirlərini kənara çıxarmadan böyük bir mədəniyyət yaradıblar. İlk elmi, fəlsəfi biliklərin – teoqonik, kosmoqonik baxışların, ibtidai incəsənətin beşiyi də Misirdir.

    Düzdür, ilk yazı b.e.ə V minillikdən Şumerdə başlayır, amma e.ə IV minillikdə öz təsdiqini Misirdə tapır. Şumerlər yazını kortəbii formada gil lövhələr üzərinə köçürürdülərsə, misirlilər heroqlifləri daş lövhələr və papiruslar üzərinə həkk edirdilər. Misir yazıları qarışıq yazı hesab edilir. Bu yazıda 700-ə qədər işarədən istifadə olunub. İlk dəfə Misir yazılarını 1822-ci ildə fransız alimi Şampolon oxuyub.

    Bu yazılar indi də mövcuddur. Misir mədəniyyəti məhz bu yazıların əsasında öyrənilir. Adi piramidaların sirləri belə o yazıların sayəsində aşkara çıxarılır.

   

     Qədim Misir Şimali-Şərqi Afrikada Nil çayının vadisində və deltasında yerləşirdi. Qədim Misirin ən möhtəşəm memarlıq abidələri buradakı həmin bu ehramlar idi. Ehramlar dünyanın 7 möcüzəsindən biridir.

    Qədim Misir memarlığı dünya memarlığı xəzinəsinin ən erkən töhfələrindən biridir. Bu zamana qədər heç bir yerdə  bu qədər saysız-hesabsız və belə monumental sərdabələr yaradılmamışdır. Qədim Misir memarlarının ciddi riayət etdikləri ənənə və qanunlara baxmayaraq, sənətkarlar memarlığı və həcm-planlaşdırma kompozisiyalarına görə müxtəlif türbə (sərdabə, məqbərə)-ehramlar, ölülər üçün qurulmuş məbədlər, əzəmətli ansambllar və şəhərlər yaratdılar. Misirin ən qədim və möhtəşəm memarlıq abidələri ehramlar idi.

     Coser ehramının ən qədim nümunəsi Sakkarada təmsil olunmuşdur. Firon Coserin şərəfinə burada pilləli ehram tikilmişdi. Qahirənin yaxınlığında (b.e.ə təqribən 3000 il), Sakkarada Coser sülaləsindən III  İronun piramida kompleksi yeddiyaruslu 60 metrlik olub,  qədim Misirin böyük monumental abidələrinin ən erkən  nümunələrindəndir. Baş inşaatçı – memar İmxotepdir. Kompleksin ümumi sahəsi – 15 ha yaxındır.   

    Yeni şahlığın Amon tanrısına həsr olunmuş məqbərə kompleksləri Fiv adlanan ərazidə ucaldılmışdı. Müvafiq olaraq b.e.ə XVI əsrdə memar İneni və b.e.ə XV əsrdə memar Kiçik Amenxotep tərəfindən tikilmiş Karnak və Luksor məbədləri memarlığın yeni xüsusiyyətlərinin əmələ gəlməsinə gətirib çıxardı. Vaxt keçdikcə Karnak və Luksor məbədləri xiyaban və meydanlı, sütunlu və məbədli daş şəhərlər oldu.

    Memar İupa və Xatian b.e.ə XIV-XIII əsrlərdə hipostil deyilən salon ucaltdılar. B.e.ə XV əsrdə memar Senmut tərəfindən Fiv yaxınlığında Deyr-əl-Bəhridə tikilmiş Xatşepsut çariçasının ölülər üçün qurulmuş məbədi üç nəhəng terrasdan ibarət xüsusi kompleks təşkil edir. Məbəd dağların ətəyində yerləşir və elə bil ki, qayaların içərilərinə batır.

    Yeni şahlığın ikinci yarısında  bir sıra ölülər üçün qurulmuş məbədlər yaradılmışdı. Onların arasında Abu-Simbeldə II Ramzesin Böyük məbədi xüsusilə seçilir. Abu-Simbeldə II Ramzesin məbədi qaya içərisində inşa edilmişdi. Abu-Simbeldə b.e.ə XIII əsrin birinci yarısında tikilmiş Böyük məbəd Nilin qərb sahilində yerləşdirilmiş, onun fasadı şərqə doğru çevrilmişdi. Doğan günəşin ilk şüaları, məbədin yeraltı salonlarının anfiladasını doldururdu və ibadətgahın özünə qədər yayılırdı. Qayanın içərisində çoxlu otaq, sütun və heykəllər tapılmışdı. Firon sarayları burada böyük bir zövqlə tikilir, otaqlara nəfis və zərif bəzəklər vurulurdu. Girişin kənarları üzrə II Ramzesin  iyirmi metrlik iki portret heykəli ucalırdı. Girişin üzərində, heykəllərin baş və çiyin səviyyəsində, düzbucaqlı dərin divar oyuğunda şahinbaşlı günəş tanrısının altı metrəlik təsviri yonulmuşdu.

    Ən möhtəşəm memarlıq dəsti Fivadakı (Karnak və Lüksorda) Amon məbədi hesab olunur. Məbəd dəstinin yüzdən çox otağı, geniş həyət sahələri, keçidləri, nəhəng heykəlləri, sfinksləri, sütun abidələri varmış. Onun təkcə böyük salonu 16 cərgədə ucalan 134 sütundan, böyük salonun 12 mərkəz sütunu isə 21 m hündürlüyündə, salonun ümumi sahəsi 5 min m²-dən artıq imiş.

    Misir piramidaları arasında, Memfisin (b.e.ə təqribən 2900-2700 illər) qədim paytaxtından şimala doğru, müasir Giza kəndi yaxınlığındakı üç piramida böyük şöhrətə malikdir. Giza piramidaları IV sülalənin üç fironunun: Xeops, Xefren və Mikerinin məqbərəsi kimi xidmət edirdi.  Onlardan ən böyüyü – Xeopsun ehramı–təxminən 147 m hündürlüyə malik idi. Xefrenin ehramı ondan cəmi üç metr aşağı idi. Onun yalnız təpə hissəsində örtükvari daş bloklar mövcuddur. Giza ehramları arasında yalnız Xefren ehramının daxilinə giriş vardır və bu giriş “ölülər” otağına aparır. Mikerinin ehramı təqribən iki dəfə onlardan alçaq idi. Giza ehramlarında cənazə sərdabələrinə yol maksimal olaraq çətinləşdirilib.

     Giza ehramlarının ən əzəmətlisi sayılan, memar Xemiun tərəfindən tikilmiş Xeopsun ehramı – iki milyondan çox daş bloklardan tikilmişdi. Giza ansamblı özünün tərkibində üç ehramdan əlavə çoxlu sayda ölülər üçün qurulmuş məbədlərə, məstəbə və onu tamamlayan digər elementlərə, məsələn, Xefrenin ehramının oxunda dayanan Sfinksin nəhəng fiquruna malik idi.

     Sfinksə gəlincə, o, e.ə 2520-ci ildə firon Xeopsun oğlu Xefrenin məqbərə kompleksi üçün qaya parçasından yonularaq hazırlanıb. Üzü insan, bədəni aslan formasında olan nəhəng abidənin adı qədim Misir sözü “sezp-ahne”dən (Diri görünüş) törəyib.

     Heykəlin ölçüləri heyranedicidir: onun uzunluğu 72 metr, hündürlüyü isə 20 metrdir. Vaxtilə Sfinksin ön pəncələr arasında kiçik ziyarətgah olub. Sfinksi ilk olaraq kimin aşkarladığı məlum deyil. Amma təəssüf ki, abidə bizim günümüzə ilk vəziyyətindəki kimi gəlib çatmayıb. Belə ki, Napoleon Bonapartın 1799-cu ildə Misirə yürüşü zamanı baş vermiş toqquşmalarda Sfinksin burun hissəsi top atəşi nəticəsində qopub. Sfinksə XIV əsrdə məmlüklərin topatma təlimləri zamanı hədsiz zərər dəyib.

     Min illər öncə inşa edilmiş Misir ehramları hələ də özündə bir çox sirri gizlədir. Ehramlar hər biri 20 ton ağırlığında olan qaya parçalarından tikilmişdir. Bu qaya parçalarının yonulduğu karxanalar isə ehramların yerləşdiyi ərazidən 200 km uzaqlıqda yerləşirdi. Onların necə daşınması haqda müəyyən fərziyyələr irəli sürülüb.

     Ehram kimin şərəfinə tikilmişdisə, həmin fironun mumiyasının olduğu otağa günəş şüaları ildə iki dəfə – fironun doğum və taxtaçıxma günlərində düşür.

     Mumiyaların tərkibində radioaktiv maddələr olduğundan onları ilk dəfə aşkara çıxaran 12 alim-arxeoloq xərçəng xəstəliyindən vəfat etmişdir.

     Qeyd edək ki, ehramların daxilində ultrasəs, radar, şüaötürmə cihazları işləmir. Bir qabda çirklənmiş su qoysanız, bir-neçə gündən sonra onu təmizlənmiş vəziyyətdə görəcəksiniz. Süd bir-neçə gün xarab olmadan qalır və sonra yoğurta çevrilir. Bitkilər isə burada daha tez inkişaf edirlər. 5 həftə qalmış sudan üz losyonu kimi istifadə etmək mümkündür. Zibilqabındakı yemək qalıqları heç bir qoxu vermədən “mumiyalaşır”. Kəsik, yanıq, sıyrılma yaraları həcmi böyük ehramların daxilində daha tez sağalır.

    Ehramlardakı bəzi otaqların içərisində nəyin olduğu məlum deyildir; oraya girməyə müvəffəq olmuş tədqiqatçılar geri qayıtmamışlar. Bəzi tədqiqatçılar isə müxtəlif texnoloji üsullardan istifadə etsələr də məqsədlərinə nail ola bilməyiblər.

     Ehramların içərisi yayda soyuq, qışda isə isti olur.

    “Nəhəng Ehram”ın küncləri Nilin deltasını xəyali olaraq iki eyni hissəyə ayırır.

   Giza ərazisindəki üç ehramın bir-birinə nəzərən yerləşmə şəkli Pifaqor üçbucağı formasındadır, yəni, ehramlar bu xəyali üçbucağın təpələrini əmələ gətirir. “Nəhəng Ehram”ın dörd küncünün sahə ölçüsü onun hündürlüyünün kvadratına bərabərdir.

    “Nəhəng Ehram” Yer kürəsinin quru ərazisinin mərkəzində yerləşir. Ehramlar böyük bir günəş saatını xatırladır. Belə ki, oktyabrın ortası və martın əvvəli aralıqlı müddət ərzində ehramın kölgələr “diaqram”ı mövsümləri və ilin uzunluğunu göstərir. Ehramı əhatələyən daş lövhələrin uzunluğu isə bir günün kölgə uzunluğuna bərabərdir.

    “Nəhəng Ehram”dan Yer kürəsinin mərkəzinə qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şümal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.

    Ehramın hündürlük nöqtəsinin künclərə nəzərən yerləşmə şəkli çevrənin mərkəzində yerləşmiş nöqtə kimidir. Ehramın dörd üzünün əmələ gətirdiyi üçbucaqlar isə dünyanın ən böyük üçbucaqları sayılır.

    Gizadan keçən meridian dünyanın su və quru hissələrini iki bərabər hissəyə bölür. Həmçinin, bu meridian Yer kürəsinin şimaldan cənuba doğru ən uzun quru hissəsindən keçən meridian sayılır.

     “Nəhəng Ehram”ın bir küncündən onun təpəsinə qədər olan məsafə Şimal qütbünə qədərki məsafəni, kənar uzunluğu isə ekvatorun uzunluğunu ifadə edir.

     Giza ehramları dünyanın ən böyük ehramları hesab olunur. Giza ehramları ilə yanaşı, Misirdə irili-xırdalı yüzlərlə ehram mövcuddur. Giza ehramları digər ehramlardan, əsasən onunla fərqlənir ki, bu ehramlarda heç bir yazıya rast gəlinməyib və onların necə tikilməsi hələ də elmə məlum deyildir.

   

   Bu gün piramidalar və Sfinks bir çox problemlərlə üzləşir. Bura vandalizm, tarixə hörmətsizlik, qum çöküntüsü daxildir. Bununla belə, bərpa işləri nəticəsində bu nəhəng abidələr bütün dünyadan gələn turistlər önündə əzəmətlə dayanır. Hava qaralanda isə turistlərə abidələrin tarixi ilə bağlı xüsusi lazer və işıq şüaları ilə şou təqdim olunur.

     Alimlər piramidalar və Sfinksin yaradılması haqqında çox şey öyrənə bilsə də, bu heç də hər şey demək deyil. Çünki fikirlərin çoxu fərziyədir. Odur ki, qədim piramidalar və Sfinks əsrlər boyu öz sirlərini qoruyub saxlayıb və indi də saxlamaqdadır.

 

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir