Çərşənbə axşamı , İyun 25 2019
Home / Digər / Dünya memarlığından incilər-Mesopotomiya

Dünya memarlığından incilər-Mesopotomiya

    Salam əziz oxucular, xoş gördük hər birinizi!“Dünya memarlığından incilər” adlı silsilə köşəmizin növbəti yazısını sizə təqdim edirik. Bu yazımızda sizə qədim Mesopotomiyanın memarlıq incilərindən söhbət açacağıq. 

    Qədim Mesopotomiya  xalqlarında memarlıq mühüm əhəmiyyət kəsb edirdi. Burada tikinti ağacları və daş kifayət qədər olmadığından gil-kərpic memarlığı xüsusilə təkmilləşmişdi. İkiçayarasının tikinti işində çiy kərpicdən istifadə olunurdu. Bəzi hallarda divara bişmiş kərpicdən və daşdan üz çəkirdilər.

    Dini xarakterli tikililər–əzəmətli məbəd, məqbərələr ilk memarlıq nümunələri kimi mühüm rol oynayırdısa, bu tikililərin bəzədilməsi, müxtəlif bədii işlərin aparılması təsviri və tətbiqi sənətin formalaşması üçün əsaslı zəmin idi. Belə ki, e.ə. IV minillikdə hündür yerdə tikilən nəhəng məbədlər, həm də yaşayış məntəqələrinin mərkəzi xarakterini kəsb edirdi. İbadət üçün xüsusi komplekslər, 3, 5, 7 mərtəbədən ibarət bürclər  ikiçayarası mədəniyyətinin orijinal memarlıq nümunəsi idi.

    E.ə IV minillikdə hündür yerdə tikilmiş əzəmətli məbədlər böyük yaşayış məntəqələrinin mərkəzinə çevrilmişdir.

    Müxtəlif  versiyalara görə, Babildəki yeddi pilləli “Marduk” məbədi “Babil qülləsi” rəvayəti üçün mənbə olmuşdur. Bu şəhər-dövlətlərdə bir çox məbəd var idi. Məbədlərdən bəziləri digərlərinə nisbətən kiçik olsalar da, hamısı möhtəşəm bir dağ kimi göyə yüksələn, pilləvari tikililər idi. Zirvələrində qurbanlar verilirdi. Zikkuratlar göy ilə yer arasında qovuşma nöqtələri, insanların və tanrıların bir-birləri ilə qarşılaşdıqları yerlər hesab edilirdilər. Məbədlər üçün istifadə olunan adların bir çoxlarının tərcüməsi “dağ kimi ev”, “göy ilə yer arasında əlaqə”, “başı yuxarıda olan ev” mənalarını verir. Qeyd etmək olar ki, digər bir əfsanədə əks olunan “Babilin və ya Semiramidanın asma bağları” da məhz Zikkuratın pillərində salınmış bağlar idi.

    Uzun müddət müasir elm Babil qülləsi haqqında məlumatı insan təkəbbürü haqqında simvolik əfsanə kimi qəbul edib.

    Amma ötən əsrin sonlarında Babil qülləsinin əfsanə yox, reallıq olduğu sübut edildi. Avropalı arxeoloqlar Babil xarabalıqlarını kəşf etdilər. Bağdaddan yüz kilometr cənubda hamar zirvəsi və sıldırımlı yamacı olan təpələr var. Yerli sakinlər bu təpələri ərazinin dağlıq relyefi sayırdılar. Təpələrin hamar yamaclarında çadır quran bədəvilər yaşayırdılar. Amma heç kəsin ağlına da gəlmirdi ki, ayaqlarının altında bütün zamanların və xalqların böyük şəhərinin xarabalıqları yata bilər. 1899-cu ildə Almaniyalı arxeoloq Robert Koldevey qazıntı işləri aparmaq üçün Səhn düzənliyinə yola düşdü. Bir neçə ildən sonra isə o, Babilin xarabalıqlarını tapan şəxs kimi tarixə düşdü.

    Babil semit dilində “bab-illu” sözündən yaranıb və mənası Tanrının Qapıları deməkdir. İki çay arasında mövcud olmuş şəhər Qədim Dünyanın ən iri şəhərlərindən biri idi. Babil 1500 il mövcud olan Babilistan çarlığının paytaxtı olub.

    1899-cu ilin yaz aylarında düzənlikdə arxeoloji qazıntılara start verildi. Koldevey qazıntıların ilk günündən uğur qazanmağa başladı. Sonrakı 15 ildə də alim bir çox uğura imza atdı. Qazıntılar zamanı torpağın altından çıxan əşya və tapıntılar burada qədim sivilizasiyanın olduğunu sübut edirdi. İşə başladıqdan bir neçə ay sonra artıq Babilin ölçüləri barədə onun məlumatı var idi. Robert ilk olaraq, eni 7, hündürlüyü 12 metr olan və çiy kərpicdən tikilmiş divarı qazıntılar altından çıxardı. Divardan 12 metr aralıda bişmiş kərpicdən inşa edilmiş, eni 8 metr olan başqa bir divar var idi. Bundan başqa, eni 3 metrlik başqa bir divar da ortaya çıxdı.

    Birinci və ikinci divarın arasındakı boş sahəni qədim dövrdə torpaqla doldurublar. Bu isə hər iki divarı keçilməz səngərə çevirib. Daxili divarda hər 50 metrdən bir gözətçi qülləsi olub.

    Arxeoloqlar demək olar ki, hər gün yeni tapıntıları torpağın altından çıxarırdılar. Bu tapıntılar arasında minalı kərpic barelyefinin qırıntıları, mislə işlənmiş şəhər qapıları, qanadlı şir heykəlləri var idi.Torpaq altından çıxarılan artefaktlar Misir mədəniyyəti şedevrlərini kölgədə qoydu və elm dünyasını yeni bir sual qarşısında təslim etdi: qədim Mesopotamiyada bu səviyyədə inkişaf etmiş xalq necə ola bilərdi?

    Arxeoloqların fikrincə, qədim Babilistan sirli şumer sivilizasiyasının son işartıları olub. Şumerlər bir neçə min il öncə Fərat və Dəclə çayları arasında yaşamış qədim bir xalqdır. Şumerlər böyük şəhərlər salmışdılar. Onların zərgərləri qızıldan elə məmulatlar hazılayırdılar ki, insanı heyrətə gətirirdilər. Sərdabələrdən çıxan insan sümükləri arxeoloqları heyrətə salır. Çünki bu insan sümükləri qurban kəsilmiş yüzlərlə şəhər sakininə aiddir.

    Koldevey əvvəlcə qədim şəhərin şimal-şərq hissəsində qeyri-adi formalı zirzəmilərin qalıqlarını torpaq altından çıxardı. Arxeoloq Babildə apardığı uzunmüddətli arxeoloji qazıntılar zamanı ilk dəfə yeraltı tikili ilə qarşılaşırdı.Tikilinin içində üç şaxtadan ibarət olan quyu var idi.

    Texniki mütəxəssislər tikilini gəzib incələdikdən sonra Koldeveyə bildirirlər ki, üç şaxtalı quyusu buraxıcı rolunu oynayıb. Lentşəkilli qaldırıcı mexanizmi olan quyu fasiləsiz su ötürmək üçün nəzərdə tutulub. Bundan başqa, Koldevey tərəfindən divarın şimal hissəsində aşkara çıxarılmış yeraltı tikilinin qübbəsi daşla hörülmüşdü. Bütün antik yazıçılar, İosif Flaviy, Stesiy, Strabon tərəfindən qələmə alınan kitablarda Babildə cəmi iki yerdə kərpic əvəzinə daşdan istifadə edildiyi yazılıb.

    Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə idi. Əfsanəyə görə, bu bağlar Assuriya məlikəsi Semiramidanın əmri ilə yaradılmışdı. Əslində isə bu bağların yaradılmasını e.ə. VII əsrdə padşah Navuxodnosor əmr etmişdi. O, Midiya şahının qızı Semiramida ilə evlənir. Onu Babilə gətirir. Lakin Semiramida toz-torpaqlı Babildə təmiz havaya, yarpaq xışıltısına həsrət qalır. Bunu hökmdar da hiss edir. Ancaq o, öz paytaxtını Midiyanın yaşıl təpələrinə köçürmür. Heç kimin görə bilmədiyi işi görür. Midiyanın zümrüd meşələrinin ətrini qədim vadinin mərkəzinə gətirir.

    Məlikənin-Semiramidanın şərəfinə salınan bu bağların gerçəkləşməsi üçün şahlığın bütün qüvvələri hərəkətə gətirilir. Dövrün təcrübəli inşaatçıları, mühəndisləri bu işə cəlb olunur. Hökmdar dünyada ilk dəfə olaraq möhtəşəm məhəbbət abidəsi yaradır. Salınan bağlar “Semiramida bağları” adı ilə məşhurlaşır və tarixin yaddaşında daşlaşır.

    Babilistan inşaatçılarının saldığı bu bağlar dörd yarusdan ibarət olub. Yarusların tağları iyirmi beş metr hündürlüyündə sütunlara söykənib. Meydan çalara yastı daşlar, qırqarışıqlı, qurğuşun təbəqəli birqat qamış döşədilib. Bu belə edilib ki, su aşağı yarusa keçməsin. Bütün bunlardan sonra torpaq qatı gəlib.Torpaq qatı çox qalın olub. O qədər qalın olub ki, orada iri ağaclar bitə bilib. Yaruslar pillə-pillə qalxır, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər bir-biri ilə birləşir.

    Nəhayət, tikinti başa çatır. Fərat çayının axarından münbit torpaq daşınmağa başlayır. Şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilir.

    Beləliklə, hökmdar Novuxodnosor öz məhəbbətini sübuta yetirir. Babilin yüz metr hündürlüyündə olan divarları üzərində yaşıl ağaclar qalxır. Məlikə yuxarı yaruslarda, kölgədə oturub su şırıltısına qulaq asıb, dörd tərəfə nəzər yetirib, məmləkətin ucsuz-bucaqsız səhralarını seyr edib.

    İran – Əhəməni qəsbkarları bu şəhəri ələ keçirərək öz əyalətlərindən birinin mərkəzi edirlər. İllər, əsrlər bir-birini əvəz etdikcə asma bağlar zamanın faciəli hadisələrinə davam gətirə bilmir. Baxmayaraq ki, o, möhtəşəm, lakin gildən düzəldilmiş zəif nəhəngi xatırladıb. Məhz buna görə də bu bağlar Babilin özü ilə birlikdə məhv olub.

    Koldeveyin ikinci tapıntısı bütün Qərb dünyasını heyrətə saldı. O, əfsanəvi Babil qülləsinin qalıqlarını tapdı. Babil qülləsinin yalnız fundamenti günümüzə qədər gəlib çatıb. Alman arxeoloq tərəfindən tapılmış kvadrat şəkilli fundamentin eni 90 metrdir.

    Qülləni hər tərəfdən əhatə edən divarların da xarabalıqları qalmışdı. Koldeveyin fikrincə, burada müxtəlif dini ayinlər keçirilirmiş. Babil qülləsi isə böyük məbəd kimi fəaliyyət göstərirdi.

    Herodotun yazdığına görə, “qüllənin başı buludlara dəyirdi. Babil qülləsi bir-birinin üzərinə inşa edilmiş 7 qüllədən ibarətdir. Əsas qüllənin eni 90 metr, hündürlüyü də bir o qədəridi”.

    Qüllənin birinci mərtəbəsinin hündürlüyü 33, ikinci mərtəbəsinin hündürlüyü 18 metrdir. Digər 4 mərtəbənin hər biri isə 6 metr hündürlükdədir. Üst mərtəbədə 15 metr hündürlüyü olan məbəd olub. Bu məbəd Babil Tanrısı Madrukun şərəfinə ucaldılıb və qızıl suyuna salınmış mavi rəngli bişmiş kərpicdən inşa edilib. Məbəd günəşin şüaları altında mavi-qızılı işıq saçır və kilometrlərlə uzaqlıqdan görünürdü.

    Navuxodnosordan sonra Babil İran çarı Kir tərəfindən işğal edildi. Amma Babil qülləsini görən Kir tikintiyə toxunmamağı əmr edir və öldükdən sonra qəbri üzərində belə bir qüllə ucaldılmasına göstəriş verir. İran çarı amansız Kserks isə Babili ələ keçirərkən qülləni dağıdır. Hindistana səfərə çıxan Makedoniyalı İsgəndər də yolu üzərində Babil qülləsinin dağıntılarını görür. Nəhəng dağıntılardan heyrətə düşən İsgəndər ordusunu iki ay burada saxlayır. Bu iki ay ərzində böyük sərkərdənin əsgərləri dağıntıları zir-zibildən təmizləyirlər.

    Britaniyalı yazıçı və jurnalist Qrem Henkok “Tanrılarınız” kitabında Babil qülləsi barədə müəyyən fikirləri qeyd edib. Henkokun fikrinə görə, Babil qülləsinin memarları bu tikilini özlərindən xatirə kimi inşa ediblər. Memarların fikrinə görə, adları, sivilizasiya və dilləri unudulsa da, bu qüllə unudulmayacaq.

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir