Bazar ertəsi , Aprel 6 2020
Home / Digər / Elmi / Naxçıvanda “Peyvəndlər, əhəmiyyəti və tətbiqi qaydaları” adlı kitab işıq üzü görüb

Naxçıvanda “Peyvəndlər, əhəmiyyəti və tətbiqi qaydaları” adlı kitab işıq üzü görüb

 Bu günlərdə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində “Peyvəndlər, əhəmiyyəti və tətbiqi qaydaları” adlı yeni metodik vəsait işıq üzü görüb.

MediAktiv.az xəbər verir ki, kitabın müəllifi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin baş məsləhətçi pediatrı, Azərbaycan Respublikasının Əməkdar həkimi İbrahim Ağayev tez-tez dövri mətbuatda uşaqların sağlamlığına, onlarda rast gəlinən xəstəliklərin profilaktikasına, qidalanmaya dair həkim məsləhətləri ilə çıxış edir.

5 metodik vəsaitin müəllifidir. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Elmi Tibbi Surasının qərarı ilə çap olunan yeni kitabı son illər uşaq əhalisinin sağlamlığının qorunması istiqamətində aparılan islahatların, həyata keçirilən tədbirlərin bəhrəsi kimi meydana gəlib.

Metodik vəsait öz vacibliyi və aktuallığı ilə seçilir. Müəllif peyvəndlər haqqında ümumi məlumat verdikdən sonra Azərbaycan Respublikasının Milli peyvənd təqvimi, peyvəndlərə göstəriş və əks göstərişlər, vaksinasiyadan sonra baş verə biləcək ağırlaşmalar və aradan qaldırılması yollarını çox aydın, səlis və oxunaqlı şəkildə şərh edib.

Kitaba ön söz yazan Tibb üzrə elmlər doktoru İsa Abdullayev bildirib ki, hazırda muxtar respublikada 11 yoluxucu xəstəliyə görə peyvənd işi aparılır. İmmunprofilaktika sahəsində dövlət siyasəti uşaqlar arasında yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasına yönəldilib. Çünki xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməli uşaq yaşında qoyulduğundan xəstə¬liklərin qarşısının alınmasında immunprofilaktikanın müstəsna əhəmiyyəti vardır. Bu mənada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” uşaq əhalisinin sağlamlığının qorunmasında yeni mərhələ açıb. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi tərəfindən xüsusu tədbirlər planı hazırlanaraq ötən ildən Dövlət Proqramının icrasına başlanılıb.
Metodik vəsaitdə vurğulanıb ki, son 25 il ərzində muxtar respublika ərazisində aparılan irimiqyaslı kompleks tədbirlərdən olan yeni tibb infrastrukturunun yaradılması nəticəsində bəzi yoluxucu xəstəliklərin tam ləğvinə, digərlərinin isə son dərəcə azalmasına nail olunmuşdur ki, bu da körpə ölümünün minimuma yenməsinə zəmin yaradıb.
Geniş tibbi auditoriya üçün nəzərdə tutulmuş metodik vəsait pediatrlar, peyvənd tibb bacıları, tibb fakültəsi və tibb kollecinin yuxarı kurs tələbələri üçün faydalı vəsait, peyvənd işinin elmi əsaslar üzərində qurulmasına yardım edən dəyərli bir töhfədir.

Hüseyn Əsgərov

Həmçinin oxuyun

Sədərək rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “İnşa” yazı müsabiqəsi keçirilib

13 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin təşkilatçılığı ilə Sədərək rayon ümumtəhsil məktəblərinin …