Çərşənbə , Yanvar 22 2020
Home / Digər / Elmi / Ölkənin tanınmış stomatoloqları Naxçıvana toplaşıb – FOTOLAR

Ölkənin tanınmış stomatoloqları Naxçıvana toplaşıb – FOTOLAR

MediAktiv.AZ  xəbər verir ki,  “Azərbaycanın regionlarında stomatologiyanın inkişaf proqramı”na uyğun olaraq Naxçıvanda elmi-praktik konfrans keçirilib. Konfransda iştirak etmək üçün paytaxt Bakıdan və Gəncə şəhərindən  gələn mütəxəssislər əvvəlcə Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində əzəmətlə ucalan abidəsi önünə gələrək, buraya gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Muzeyi ilə tanış olublar. Burada qonaqlara  Ulu öndərin həyat və fəaliyyəti barədə müfəssəl məlumat verilib.

“Müasir stomatologiyada modernləşməyə gedən yollar” mövzusunda keçirilən konfrans Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Dövlət Universitetinin və Azərbaycan İmplantoloq İctimai Birliyinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında baş tutub.

Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Niyazi Novruzov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin salamlarını konfrans iştirakçılarına çatdırıb. Nazir muxtar respublikada stomatologiyanın inkişafı üçün görülən işlərdən, bu sahədə maddi-texniki bazanın möhkəmləndirilməsindən, infrastrukturun yaradılmasından, eləcə də yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində görülən işlərdən danışıb. Qeyd olunub ki, Naxçıvanda Stomatoloji Mərkəzin yaradılması, özəl stomatoloji kabinetlərin sayının artması keyfiyyətli xidmətə zəmin yaradır.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev bildirib ki, bu il 20 illiyini qeyd etdiyimiz Tibb  fakültəsində 2012-ci ildən etibarən stomatoloqların hazırlığına başlanılıb. Hazırda fakültədə bu ixtisas üzrə 223 nəfər təhsil alır ki, bunlardan da 124-ü xarici ölkə vətəndaşıdır. Qeyd olunub ki, stomatologiya ixtisasının maddi-texniki bazasını təmin etmək üçün universitet xəstəxanasında stomatoloji kabinələr yaradılıb. Həmin kabinələrdə müalicə işlərinin aparılması ilə yanaşı tələbə və rezident hazırlığı da həyata keçirilir.  2019-cu ilin iyun ayında tibb fakültəsinin yenidən qurulması ilə universitet xəstəxanasında İmplantoloji kabinə də fəaliyyətə başlayıb, lazımi avadanlıqlarla təchiz edilib.

Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov qeyd edib ki, təmsil etdiyi qurumun əsas məqsədi Azərbaycanda implantologiyanın inkişafı, gənc alimlərin və yerli mühazirəçilərin formalaşmasına dəstək olmaqdır.

Sonra Azərbaycan İmplantoloq İctimai Birliyinin üzvləri müxtəlif mövzularda məruzələr edib, dünya praktikasındakı son yeniliklərdən söhbət açıblar. Konfransda videosüjetlər, implantasiya prosesindən görüntülər nümayiş etdirilib.

Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub. Qeyd edək ki, müasir stomotoloji alət və avadanlıqlardan ibarət sərgi də təşkil olunub.

Həmçinin oxuyun

Naxçıvan Diaqnostika Müalicə Mərkəzində ödənişsiz həkim qəbulları keçirilir-Foto

Bu gün Naxçıvan Diaqnostika Müalicə Mərkəzində PHŞ-də Bakı şəhərinin yüksək ixtisaslı həkimləri tərəfindən ödənişsiz həkim …