Cümə , İyun 18 2021
Home / Digər / Elmi / Stomatoloqların müasir innovasiyalardan istifadə qaydaları onlayn beynəlxalq konfransda müzakirə edilib

Stomatoloqların müasir innovasiyalardan istifadə qaydaları onlayn beynəlxalq konfransda müzakirə edilib

Naxçıvan Dövlət Universitetində “Stomatologiyada müasir innovasiyalar” mövzusunda beynəlxalq onlayn konfrans keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən MediAktiv.az-a verilən məlumata görə,konfransı giriş sözüylə açan universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə 2012-2013-cü ildən tədrisi aparılan “Stomatologiya” ixtisasında 300 tələbə təhsil alır ki, bunlardan 199-ü xarici ölkə vətəndaşıdır. Bu günədək ixtisas üzrə fakültənin 88 tələbə məzunu olub ki, onlardan 18 nəfəri xarici ölkə vətəndaşıdır. Bildirilib ki, fakültənin əsas binasında yaradılan müasir tipli “Stomatoloji simulyasiya kabinəsi” 13 ədəd diş simulyatoru-fantom ilə təchiz edilib. Tədrisin yüksək səviyyədə təşkili, praktiki vərdişlərə yüksək səviyyədə yiyələnmək məqsədilə əsas praktiki dərslər bu kabinədə keçirilir. Fakültədəki diş texniki kabinəsində tələbələr müxtəlif diş maketləri, protezlər üzərində işlər aparmaq imkanı əldə edirlər. Rektor onu da vurğulayıb ki, universitet xəstəxanasında hazırda normal, pediatrik və implantoloji olmaqla 3 stomatoloji kabinə fəaliyyət göstərir. Yaxın zamanlarda 2 yeni diş kabinəsinin istifadəyə verilməsi planlaşdırılır. Diqqətə çatdırılıb ki, tələbələrin nəzəri bilikləri ilə bərabər təcrübələrinin artırılması da təmin edilir. Rektor tələbələrin  qardaş ölkənin müxtəlif universitetlərində təcrübələrini davam etdirdikləri barədə məlumat verib. Qeyd edilib ki, stomatoloq həkimlər və tələbələr mütəmadi olaraq müxtəlif respublika və beynəlxalq miqyaslı konfranslarda, simpoziumlarda, beynəlxalq layihələrdə iştirak edirlər.

Konfransın moderatorları Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri, dosent Cabbar Həsənov, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin dekanı dosent Elsevər Əsədov tədbir haqda məlumat verərək keçirilən konfransın elmi və təcrübi əhəmiyyətini qeyd ediblər.

Azərbaycan Tibb Universiteti “Ortopoedik stomatologiya” kafedrasının uzman həkimi Elçin Abbasov “Diş yonmalarının mühüm nüansları” adlı çıxışında dişyonma texnikasında istifadə edilən metodlardan danışıb. Bildirilib ki, dişyonmada əsas diqqət etməli məqam onları daha çox yonmadan uzunmüdətli olmasını təmin etməkdir.

“Endodontiyanın gücü” adlı çıxışında Van Yüzüncü Yıl Universitetinin dosenti Esin Özlək diş kanallarının düzgün müalicə üsullarından danışıb. Vurğulanıb ki, müalicə nə qədər düzgün olarsa dişlərin ömrü də bir o qədər çox olar.  

Kahramanmaraş Sütçü İmam Universiteti “Ağız-diş və çənə cərrahiyyəsi” kafedrasının uzman həkimi Eldar Nəcəfov “Anesteziya: materiallar və yöntəmlər” adlı çıxışında müalicə metodunda anesteziya üsullarından, Ukrayna Stomatoloqlar Assosiasiyasının prezidenti, professor İrina Mazur “Generalizə paradontitdə diaqnostika və müalicənin müasir protokolları” adlı çıxışında isə müasir dövrdə geniş yayılmış Paradontoz diş əti xəstəliklərindən ətraflı məlumat verib. Professor xəstəliyin müalicə üsullarını müasir protokollarla təqdim edib.

“All on 4 texnikasında ənənəvi və digital üsulların qarşılaşdırılması” adlı çıxışında Azərbaycan İmplantoloq İctimai Birliyinin sədri Cabbar Həsənov az sayda implantlarla daha çox diş qoymaq texnikası və xəstənin müvəqqəti protezlərlə təmin üsullarından ətraflı məlumat verib.

Naxçıvan Dövlət Universiteti “Stomatologiya” kafedrasının müdiri, həkim Rauf Cəfərov və həmin kafedranın müəllimi Zaur Hüseynov “Naxçıvan Muxtar Respublikasının əhalisi arasında kariyesin geniş yayılmasının başlıca səbəbləri və profilaktikası” mövzusunda çıxış ediblər. Çıxışlarda qeyd olunub ki, muxtar respublika əhalisi arasında kariyesin geniş yayılmasının səbəbi içməli sularda flüorun azlığıdır. Bildirilib ki, artıq bu istiqamətdə plan hazırlanıb, gələcəkdə insanların istehlak etdiyi suyun və duzun flüorlaşdırlması nəzərdə tutulur. Diqqətə çatdırılıb ki, bağçalarda və məktəblərdə dişlərə qulluqla bağlı maarifləndirici profilaktik tədbirlərin görülməsi də diş əti xəstəliklərinin qarşısının alınmasında vacib amil kimi əhəmiyyət daşıyır.

Sonda mövzu ilə bağlı müəllim və tələbələrin sualları cavablandırılıb.

Həmçinin oxuyun

“Virtual məktəb”də bir həftədə 6 milyona yaxın dərs keçirilib

Ölkənin ən iri milli onlayn platforması olan “Virtual məktəb”in əhatə dairəsi genişlənməkdədir. Təhsil Nazirliyindən MediAktiv.az-a verilən …