Bazar , Dekabr 6 2020
Home / Digər / Elmi / Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!

Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!

Müstəqil və qüdrətli dövlətimiz ulu öndər Heydər Əliyevin mütərəqqi ideyaları ilə bölgədə sülhün və əmin-amanlığın qarantı kimi çıxış edir

Dünya Sülh Günü beynəlxalq təşkilatlardan biri olan Birləşmiş Millətlər Təşkilatı tərəfindən elan olunub. Birləşmiş Millətlər Təşkilatının qərarı belə olub ki, hər ililim sentyabr ayının 21-i beynəlxalq səviyyədə Sülh Günü olaraq qeyd edilsin. Məhz bu günün – 21 sentyabrın seçilməsi isə BMT-nin açılış günü tarixi ilə əlaqədardır. Beləliklə, hər il BMT-nin tərkibinə daxil olan slühsevər ölkələrdə Sülh Günü qeyd olunur.  Dünya Sülh Gününün şərəfinə həmişə BMT-nin mərkəzində “sülh zəngi” çalınır. Bu zəng BMT-yə hədiyyə olaraq dünyadakı savaşlarda canlarına qıyılan insanların xatirəsinə Yaponiya tərəfindən bütün dünya ölkələrindəki uşaqların topladığı xırda pullarla düzəldilmişdir. Zəngin üzərinə üsə “Çox yaşa, mütləq sülh” sözləri yazılmışdır.

Azərbaycan xalqı həmişə humanist və sülhsevər olduğundan belə bir tarixi günün keçirilməsi onun adına da layiqdir. BMT-yə Azərbaycan dövlətinin qoşulmasından sonra müstəqil ölkəmiz bu günü həmişə qeyd edir. Baxmayaraq ki, xalqımız on illərdir ki, erməni terrorizmi və işğalçılığının təcavüzlərinə məruz qalıb. Baxmayaraq ki, tariximizə Quba, Bakı, Naxçıvan və başqa adlar altında qırğınlar daxil olub. Xocalı soyqırımı kimi misli görünməmiş erməni vəhşiliyinin qurbanı olub. 20 faizdən çox torpağı hələ də erməni işğalı altındadır, zəngin mədəniyyət abidələri məhv edilir. Hələ də böyüklər bir yana körpə balar belə erməni gülləsinin hədəfini çevrilir. Yenə də xalqımız yer üzünə sülh, barış və əmin-amanlıq istəyir. Yenə də dövlətimiz sülhyönümlü siyasət yürüdür, müharibə ilə, qırğınla işğal altına salınmış Qarabağa və onun ətrafı olan rayonların alınmasına sülh yolu ilə, danışıqlarla nail olmaq istəyir. Ulu öndərimiz, dünyada sülhün bərpası istiqamətində ən böyük mücadiləçilərdən biri Heydər Əliyev dövlətimizin mövqeyini izah edərək deyirdi: Qafqaz indi bütün dünyanın diqqət mərkəzindədir. Ona görə də Qafqazda gedən prosesləri düzgün istiqamətə, sülh istiqamətinə yönəldib Qafqazda sülhə, əminamanlığa nail olmaq çox böyük, müqəddəs məqsəddir, ali məqsəddir və biz bu məqsəd uğrunda bundan sonra da əzmlə çalışacağıq”. Hər cür anti-insani vəhşiliklərə, ədalətsizliklərə məruz qalsa da, ölkəmiz bölgədə öz liderinin – dahi Heydər Əliyevin “Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!” konsepsiyası əsasında Qafqaz dövlətlərinin və xalqlarının sülh, əmin-amanlıq və milli təhlükəsizliyi naminə apardığı ardıcıl mübarizəni, həyata keçirdiyi titanik fəaliyyəti davam etdirərək sülhün və əmin-amanlığın qarantı kimi çıxış edir. Biz buna görə ölkəmizlə, özümüzlə fəxr edirik və etməliyik. Qanında, canında insan sevgisi olmayan millət nə bilsin ki, insanı sevmək nə  deməkdir? Zatında yalnız şər xislət olan erməni nə bilsin ki, bir körpəni, bir insanı dinindən, irqindən, milliyyətindən asılı olmayaraq sevmək və müdafiə etmək nə deməkdir? Buna bizim milli ləyaqətimiz çatır. Buna bizim milli xarakterimiz, mənəviyyatımız yol verir. Mənəviyyatı olmayanlar bu sevgini nə bilsinlər? Böyük Yunus demişkən: Bilməyən nə bilsin bizi?! Bilənlərə salam olsun!. Biz məhz belə xalqıq. Kim nə deyir desin, bu, bizim böyüklüyümüz, mənəvi qələbəmiz, dünyaya insanlıq dərsimizdir. Türk dünyasının böyük şairlərindən biri olan Nazım Hikmət demişkən, azad və sülh içərisində yaşamaq:

Yaşamaq, bir ağac kimi tək və hür,

Və bir orman kimi qardaşcasına,

Bu həsrət bizim!

Azərbaycan xalqının və bütöv türk dünyasının sülh çağırışçısı olan şair Hüseyn Cavid xalqımızın sülh haqqındakı ideallarını ifadə edərək deyirdi:

Bən məhəbbət əsiriyim… hər an,

Hər zaman özlərim bir öylə cahan

Ki, bütün kainatı eşq olsun,

Gönül uçduqca etila bulsun.

…Qandan əsla görünməsin də əsər…

 Və yaxud: “Məhəbbət! Məhəbbət! Əvət, bütün bəşəriyyəti xilas edəcək yanlız məhəbbətdir. Məhəbbətlə çırpınan  bir çoban qəlbi kin və ədavət püskürən bir sultan qafasından daha şərəflidir. Əgər dünyanın şanlı çarpışmaları, qanlı vuruşları nəticəsində bir məhəbbət fövqəlbəşər bir məhəbbət doğurmayacaqsa… bütün həyata, bütün kainata nifrətlər olsun”.

Bəli, xalqımız azadlıq və sülhsevər olduğu kimi, xalqımızın iradəsini əks etdirən dövlətimizin də yürütdüyü siyasət sülhə və əmin-amanlığa dayanır. Təsadüfi deyil ki, Azərbaycan dövlətini Qafqazda sülhün, əmin-amanlığın dayağı kimi səciyyələndirirlər. Nə qədər mürəkkəb, qarışıq ictimai-siyasi vəziyyət olsa da, dövlətimizin birinci məqsədini xalqımızın firavanlığı, əmin-amanlıq içərisində yaşayışı təşkil edir. Dünya sülhünə göstərdiyi böyük yardımın və marağın ifadəsidir ki, Azərbaycan dövıləti öz sülhməramlı qüvvələri ilə Kosovoda, Əfqanıstanda və İraqda sülhün bərpası istiqamətində mübarizə aparmışlar. Ölkəmizin isə ən əmin-aman ölkə olması üçün dövlətimiz ulu öndər Heydər Əliyev siyasi kursu ilə dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında mühüm tədbirlər həyata keçirir. Bu baxımdan iftixar doğuran bir haldır ki, hazırda bütün dünya ölkələri üçün kiçik olmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası əmin-amanlıq baxımından böyük müvəffəqiyyət nümayiş etdirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bilavasitə rəhbərliyi altında muxtar respublika təhlükəsizlik və asayiş qüvvələri əmin-amanlığın və asayişin qorunması istiqamətində həyata keçirdikləri tədbirlər nəticəsində Naxçıvanın timsalında bölgədə cinayətsiz region yaratmağa müvəffəq olunub. Dünaydan böyük ümidlərlə gələn qonaqlar muxtar respublikamızdakı asayiş, əmin-amanlıq və qonaqpərvərlikdən həmişə ürəkdolusu bir razılıqla gedirlər. Bunu muxtar respublikamıza gələn qonaqların özləri də deyirlər. Müxtəlif ölkələrin mətbuat orqanlarında muxtar respublikamız haqqında çap olunan məqalələrdə məhz bu razılıq özünün əksini tapır. Bu baxımdan biz bir Azərbaycan dövlətinin vətəndaşı və azərbaycanlı kimi iftixarla sülhə arxa dururuq. Bir insanın, bir yaradılışın burnu qanamasın deyə qəlbimizdən gələn insanlıq mərhəməti ilə, dahi liderimizin konsepsiyasında deyilən kimi, “Vətəndə sülh, bölgədə sülh, dünyada sülh!” amalı uğrunda yaşayır və mücadilə aparırıq.

Lakin, əlbəttə, bunu istəməyən və ölkəmizin ərazilərinə qarşı təxribatda, hərbi təcavüzlərdə olan düşmən qüvvələr, xüsusilə Ermənistan tərəfi bölgənin əmin-amanlığına daim xələl gətirir, qarışıqlıq və gərginlik yaratmağa çalışır. İllərdir ölkəmizin işğal olunmuş ərazilərinin müqəddaratının sülh yolu ilə həlli məsələsini mənfur Ermənistan tərəfi pozur, faşizmi və terrorizmi dəstəşləyərək bütün bölgədə sülhü pozmağa xidmət edir. Təəssüf ki, dünya ölkələrinin bir çoxu, eləcə də beyəlxalq qurumlar ikili siyasət yürüdürək erməni vəhşiliyi və işğalçılığına son vermək istiqamətində tutarlı addım atmırlar. Ölkəmiz sülhün tərəfdarı olduğunu qətiyyətlə nümayiş etdirdiyi kimi, bütün təxribatların qarşısını almağa da güclü və bacarıqlı bir orduya sahib olduğunu dəfələrlə nümayiş etdirib. 2016-cı ilin aprel döyüşlərində Ali Baş Komandanımız Cənab İlham Əliyevin qətiyyətli və uzaqgörən rəhbərliyi altında böyük rəşadət göstərən Azərbaycan Ordusu Ermənistan tərəfi və onun havadarlarına sübut etdi ki, bölgənin ən güclü, müdafiə və döyüş qüdrətli ordusu tərəfindən istənilən təxribatın qarşısını almağa hazırdır. Lələtəpə və ətrafı ərazilərin erməni işğalından azad olunması və qarşı tərəfin xeyli canlı qüvvə, hərbi texnika itkisi ilə geri oturdulması böyük qələbədən xəbər verirdi. Azərbaycan Ordusunun Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən yüksək mühəndislik qabiliyyəti sayəsində Günnüt ərazilərinin heç bir itki və döyüş olmadan işğaldan azad edilməsi də ordumuzun hazırlıq və döyüş bacarığının müvəffəqiyyəti kimi qəlbimizi fəxarətlə doldurur. Ölkəmizin Tovuz istiqamətində sərhədlərinin Ermənistan hərbi qüvvələri tərəfindən pozma cəhdinin də uğurla alınması, hələ də gərginliyi artırmağa çalışan Ermənistan və onun havadarlarına ləyaqətlə hərbi cavabların verilməsi dövlətimizin güc və qüdrət təcəssümü kimi çıxış edir. Bu gün qardaş Türkiyə Cümhuriyyətinin Silahlı Qüvvələri ilə Azərbaycan Ordusunun ölkəmizdə, o cümlədən Naxçıvan Muxtar Respublikasında apardığı qardaşlıq döyüş təlimləri bölgə üçün böyük sülhə vədə çağırışları, əmin-amanlığın təminatına birgə səyin ifadəsidir. Əminik ki, ölkəmiz qardaş Türkiyə Cümhuriyyəti və sülhpərvər qüvvələrin dəstəyi ilə bütün regionda hərbi təhdid yaradan qüvvələrə qarşı layiqli cavab verərək sülhü, əmin-amanlığı bərpa etməyə nail olcaqdır. Ulu öndərimizin sözlərilə sülh və barış istəyən bir xalq, ölkə olaraq qətiyyətlə deyirik: Vətəndə sülh, bölgədə sülh, dünyada sülh! Çox yaşa, mütləq sülh!

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı                                                

Həmçinin oxuyun

Təhsil Nazirliyi tələbələrə müraciət edib

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsilə tələbələrin müraciətlərinin qəbulunu dekabrın 10-dək davam etdirəcək. Bu barədə MediAktiv.az-a nazirlikdən bildirilib. …