Çərşənbə , İyun 26 2019
Home / Digər / Naxçıvan Muxtar Respublikasında mediyanın inkişafı

Naxçıvan Muxtar Respublikasında mediyanın inkişafı

Naxçıvan MR–də ilk mətbuat orqanı Muxtar Respublika Ali Məclisinin və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı”(1921) qəzetidir. 1996-cı ildən Naxçıvan Şəhər İcra Hakimiyyətinin “Nuh Yurdu” adlı qəzeti nəşr edilir. 30-cu illərdən muxtar respublikada yaradılmış inzibati rayonlarda Rayon İcra Hakimiyyətlərinin orqanları olan “Şərurun səsi” (Şərur), “El Həyatı” (Ordubad), “Şərqin səhəri” (Babək), “Arazın səsi” (Culfa), “Oğuz səsi” (Şahbuz), “Oğuz Yurdu” (Sədərək) qəzetləri çıxır. 2004-cü ildə yaradılmış Kəngərli rayonunda isə “Yeni Həyat”qəzeti çıxır.
1921-ci ildə yaradılmış Naxçıvan mətbəəsi 1938-ci ilə kimi “Şərq qapısı” qəzeti redaksiyasının tabeliyində fəaliyyət göstərmiş, həmin ildən müstəqil müəsissəyə çevrilmişdir. 1976-cı ildə mətbəə üçün xüsusi bina tikilmişdir. Muxtar respublikada çıxan qəzetlər burada rotasiya üsulu ilə çap edilmişdir.
Naxçıvan MR – də radio verilişlərinə 1926-cı ildən, yerli radio verilişlərinə isə 1930-cu ildən başlanmışdır. 1963-cü ildə isə Naxçıvanda televiziya mərkəzi fəaliyyətə başlamışdır. Həmin il muxtar respublikanın Nazirlər Sovetinin qərarı ilə yerli radionun bazasında Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsi yaradılmışdır. Hal-hazırda Naxçıvan ərazisində 2 televiziya (Naxçıvan Televiziyası və Kanal 35) və 1 radiostansiya (Naxçıvanın səsi) fəaliyyət göstərir.
Yeni optik kabel magistrallarının tikintisi böyüktutumlu və keyfiyyətli rabitə əlaqəsinin həyata keçirilməsinə imkan verir. Belə ki, ötən müddət ərzində muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulub, Naxçıvanın tranzit telekommunikasiya imkanları genişlənib. Magistralın Naxçıvan-Ordubad, Naxçıvan-Sədərək və Naxçıvan-Şahbuz hissələri üzərində qurulan optik rəqəmsal şəbəkələr elektron hökumət və digər xidmətlərin həyata keçirilməsinə şərait yaradıb. 2013-2014-cü illərdə muxtar respublikanın telekommunikasiya əlaqələrinin alternativliyinin təmin edilməsi üçün sərhəd xətti boyunca ümumi uzunluğu 242 kilometr olan Sədərək-Ordubad arası 48 lifli fiber-optik kabel magistral xəttinin tikintisi başa çatdırılıb. Bu da muxtar respublikanın həm daxili, həm də xarici əlaqələrinin tam kəsintisiz həyata keçirilməsində, 4-cü nəsil xidmətlərin və digər informasiya-kommunikasiya texnologiyaları layihələrinin icrasında əvəzsiz rola malikdir.
Bu gün muxtar respublikada bütün yaşayış məntəqələrində sabit rəqəmsal telefon xidməti göstərilir. Naxçıvan şəhərində və bütün rayon mərkəzlərində asinxron rəqəmsal istifadəçi xətləri üzərindən genişzolaqlı internet və lokal şəbəkə xidmətləri fəaliyyət göstərir. Həmçinin 3 GSM mobil operatoru və 1 CDMA simsiz rabitə şəbəkəsi yaşayış ərazilərini keyfiyyətli mobil rabitə ilə təmin edir. Bu gün artıq muxtar respublikada yaşayış məntəqələrinin 83 faizdən çoxunu əhatə edən simsiz rabitə şəbəkəsi istifadəyə verilib, “Naxtel” abunəçilərinin sayı 5 mini ötüb. Həmçinin bu şəbəkə üzərindən simsiz internet xidməti yaradılıb, muxtar respublika əhalisinin sürətli internetə çıxışı təmin olunub. “Naxtel”in 90 ədəd 4G LTE 4-cü nəsil baza stansiyası qurulub, istismara hazır vəziyyətə gətirilib. Bundan əlavə, “Naxtel”in Billing sistemi üçün əsas və ehtiyat server avadanlıqları Naxçıvana gətirilib və quraşdırılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 9 iyul tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzi yaradılıb. Türkiyə Respublikasının “Türk Telekom” şirkəti ilə əməkdaşlıq protokolu imzalanıb və Türkiyə istiqamətində əlavə fiber-optik kabel xətti çəkilib. Muxtar respublikaya daxil olan internet kanalının sürəti 2 Gb/s-dək yüksəldilmişdir. Son illər muxtar respublika ərazisində fiber-optik xətlərinin çəkilməsi internet istifadəçilərinin sayının artmasına da səbəb olmuşdur. Texnologiyanın sürətli inkişafı elektron imzadan istifadəyə də tələbatı artırıb. Bu tələbatı ödəmək məqsədilə mərkəzi poçt şöbəsində elektron imzaların verilməsi təşkil edilmişdir. Bunun üçün Naxçıvan şəhərində server, kompüterlər, kart və pin kodların çapı üçün printerlər qoyulub və əməliyyat zalında ərizələrin qəbulu üçün bölmə yaradılıb.
Yeni informasiya-kommunikasiya texnologiyalarının tətbiqi muxtar respublika ərazisində keyfiyyətli və rəqəmsal radio-televiziya yayımının təşkilinə də əsaslı zəmin yaratmışdır. Quraşdırılan 6 güclü və 43 azgüclü verici stansiya vasitəsilə muxtar respublika ərazisində rəqəmsal televiziya yayımına keçid təmin edilib. Hazırda bütün yaşayış məntəqələrində teleradioların rəqəmsal yayımı təmin edilib. Bundan başqa, Duzdağ Radio-Televiziya Verici Stansiyasında qurulan baş stansiya, 7 ədəd güclü rəqəmsal televiziya vericisi vasitəsilə Cənubi Qafqazda ilk dəfə olaraq DVB-T2 standartında 67 televiziya kanalının yayımına başlanılıb və Naxçıvan Dövlət Televiziyasının yüksək keyfiyyətli HD formatda efirə çıxışı təmin edilib. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikasında son zamanlarda alternativ medyanın inkişafına xüsusi qayğı göstərilir. Belə ki, gənclərin fəal iştirakı ilə yaradılan internet saytlar günü-gündən artmaqdadır. Əhalinin internetlə təmini prosesinin ardı kimi internet saytların yaradılması, əhalinin operativ maarifləndirilməsi yönündə atılmış ən ciddi addımlardandır. Yaradıldığı gündən bu yana güclü nüfuz dairəsi qazanmış naxcivanxeberleri.com saytı, yeni yaranan mediaktiv.az saytı bunlara misal ola bilər.

Həmçinin oxuyun

Ordumuzun arsenalında olan ən dəhşətli silah – Video

Azərbaycan ordusunun arsenalında elə silahlar var ki, onlar haqqında bir çoxlarının nəinki məlumatı, heç təsəvvürü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir