Cümə , Aprel 16 2021
Home / Digər / Qarşıdakı dövr yeni iqtisadi yüksəliş mərhələsi olacaq

Qarşıdakı dövr yeni iqtisadi yüksəliş mərhələsi olacaq

Ölkəmizin müasir sosial-iqtisadi inkişafı və tarixi zəfərlərlə dolu 2020-ci ilin yekunları qarşıdakı dövrün də hər sahədə daha uğurlu olacağından xəbər verir. Ötən ilin 10 noyabrında, 44 günlük tarixi Vətən müharibəsi sonunda təcavüzkar Ermənistan dövlətinin təslim olmasından sonra qədim Azərbaycan torpağı Qarabağda artıq başlanmış olan genişmiqyaslı quruculuq işləri təkcə ölkəmizin deyil, bütün regionun rifahı üçün yeni bir mərhələnin də əsasını qoyacaqdır. Bu mərhələdə doğma Naxçıvanımız da özünün iqtisadi potensialı və geniş quruculuq təcrübəsi ilə daha da diqqətləri cəlb edəcək. Xüsusilə 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə ölkə başçısı, Prezident cənab İlham Əliyevin qeyd etdiyi kimi, Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən əsas kommunikasiyaların açılması gələcəkdə çox əhəmiyyətli olacaqdır. 

Önümüzdəki yeni dövr üçün ölkə­mizdə və eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadi-mədəni həyatında işgüzar fəallığın daha da artmasına zəmin yaradan faktorlardan biri, bütövlükdə, dünya iqtisadiyyatı üçün böhranlı pandemiya vəziyyətinin zəifləməsi və müasir texnologiyaların tətbiqində yeni mərhələyə keçidin yaranması ilə bağlıdır. Xüsusən məsafədən həyata keçirilən idarəetmə modellərinin çox sürətlə həyatımıza daxil olması nəticəsində artıq iqtisadiyyatda operativlik və rasionallıq kimi qavramlar yeni məna kəsb edib. Sürət, komfort, təhlükəsizlik və erqonomika kimi ümumi keyfiyyət standartlarının yüksəldiyi bir dövrdə cəmiyyətin bütün üzvlərinin bu tələbatlarını ödəmək üçün iqtisadi həyatda daha geniş perspektivlər və əlverişli bazar imkanları qarşıdakı dövrdə bizi gözləməkdədir. 

Səbəb, nəticə əlaqələri prinsipindən yanaşsaq, bu fikirləri muxtar respublikamızda ötən illərin, xüsusən 2020-ci ilin nəticələrinə əsasən daha real səsləndirmək mümkündür. Belə ki, 2020-ci ildə pandemiyanın yaratdığı mənfi təsirlərə baxmayaraq, muxtar respublikada əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi 1,1 faiz artaraq 2 milyard 908 milyon manata yaxın olmuşdur. Onun bir nəfərə düşən həcmi 6 min 310 manat təşkil etmişdir ki, bu da 2019-cu ildəki göstəricidən 1,8 faiz çoxdur. 2020-ci ildə muxtar respublikada istehsal edilən sənaye məhsulunun həcmi artaraq 1 milyard 40 milyon 475 min manat, kənd təsərrüfatı məhsullarının həcmi isə 537 milyon manatdan artıq olmuşdur. Bu gün muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Bəli, zaman göstərdi ki, ən çətin vəziyyətlərdə belə, iqtisadi artımın müsbət dinamikasını təmin edən sabitliyin bərqərar edilməsi, bank sektorunun etibarlı fəaliyyət göstərməsi, iqtisadiyyatın aparıcı sahələri arasında bir-birini tamamlayan şəkildə inteqrativ əlaqələrin yaradılması və ən əsası gələcəyə ümidlərin heç zaman itməməsi həmişə belə yüksəlişin təməlində dayanan faktorlardandır.
Qarşıdakı dövrdə Naxçıvan iqtisadiyyatının dayanıqlı inkişafını şərtləndirən amillərdən biri burada yerli xammala əsaslanan, daxili bazarda və eləcə də ixrac bazarlarında geniş istehlak tələbatına malik olan yüksəkkeyfiyyətli məhsulların istehsalıdır. Məhz belə istehsal imkanları hesabına bu gün muxtar respublikada ərzaq təhlükəsizliyi tam təmin olunmuş və dünya standartlarına uyğun məhsullar xaricə ixrac edilməkdədir. “İxrac ili” elan olunmuş ötən 2020-ci ildə qazanılmış təcrübə, eləcə də cari ildə bu istiqamətdə işlərin davam etdirilməsi Naxçıvan iqtisadiyyatının daha da inkişafına təkan verən amillərdən olacaq. Ölkəmizin əsas hissəsi ilə yeni kommunikasiya əlaqəsinin yaradılması isə Naxçıvan məhsullarının daha sərfəli və sürətli şəkildə ixracı üçün geniş imkanlar yaradacaq. Diyarımızdan kənarda da ənənəvi olaraq elit alıcı rəğbəti qazanmış yüksəkkeyfiyyətli orqanik Naxçıvan məhsulları – mineral sular, meyvə-tərəvəz, ət-süd məhsulları, unlu-qənnadı və çörək məmulatları, bal, mürəbbə və meyvə şirələri özünə daha çox alıcı tapacaq. Ayrıca olaraq, muxtar respublikada yüksək standartlara uyğun şəkildə istehsal edilmiş və regiona səyahət edən turistlər tərəfindən rəğbətlə istehlak olunan Naxçıvan pivəsi, digər şərab və spirtli içki məmulatları da maneəsiz şəkildə ölkəmizin regionlarına ixrac olunacaqdır. Naxçıvanın çox zəngin xammal ehtiyatı olan və yüksək dünya standartları səviyyəsində emal olunaraq bugünkü quruculuq işlərində geniş tətbiq edilən travertin, mərmər və digər tikinti materiallarının kənar yerlərə daha çox ixracı da qarşıdakı dövrdə sahibkarlara yeni fürsətlər yaradacaqdır.
Muxtar respublika ötən dövrdə istehsal, bazar və sosial infrastruktur qurulması sahəsində mühüm mərhələ qət etmiş, hazırda yüksək texnologiyaların tətbiqi və innovativ məhsulların dünyaya ixracı istiqamətində yeni hədəflər müəyyənləşdirməkdədir. Yüksək inkişaf etmiş qardaş Türkiyə Respublikasına birbaşa çıxış imkanları, yetişən intellektual gənclik, Şərur Sənaye Parkının yaradılması və Naxçıvan Dövlət Universitetində Texnopark yaradılması istiqamətindəki görülən real işlər gələcəkdə Naxçıvanı Cənubi Qafqazın “Silikon vadisi”nə çevirmək kimi perspektivləri indidən masa üzərinə qoyur. Muxtar respublikada təhsil infrastrukturunun tamamilə yenilənməsi və kompüter-internet texnologiyalarının tətbiqində həyata keçirilmiş genişmiqyaslı tədbirlər də bu hədəflərə çatmaqda mühüm dəstək olacaqdır.
Davamlı enerji təminatı iqtisadiyyatın inkişafında və sosial həyatda ən vacib şərtlərdəndir. Məhz bu sahədə həyata keçirilmiş tədbirlər sayəsində muxtar respublikada etibarlı enerji təminatı sistemi qurulmuş, müasir dövrün çağırışlarına uyğun olaraq alternativ və bərpa olunan enerji mənbələrindən istifadə əsas prioritet kimi qarşıya qoyulmuşdur. Bu gün Cənubi Qafqazda ən böyük belə güc infrastrukturunun məhz Naxçıvanda qurulması muxtar respublikanın etibarlı tərəfdaş imicinin və investisiya cazibədarlığının da mühüm bir göstəricisidir.
Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaratmışdır. Bu da, öz növbəsində, əhalinin sağlamlığının qorunması və sağlamlıq turizmi sahəsində regionumuzun çəkisinin daha da artmasına mühüm dəstək olacaqdır. 2020-ci ili Zəfərlə başa vurmuş ölkəmizin yeni ildə də uğurlarını davam etdirməsi üçün isə turizm, ölkə başçısının da qeyd etdiyi kimi, ən vacib sahələrdən olacaqdır. Ölkəmizin mədəniyyət paytaxtı elan olunmuş Şuşa şəhərinə gələcək dövlət, hökumət başçıları, mədəniyyət xadimləri və bütün xoşməramlı insanlar yaxın keçmişdə Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı kimi şərəfli missiyasını bir daha xatırlayacaq, xalqımızın yüksək tolerantlığını, blokada şəraitinə və hər cür təcavüzkara, təhlükələrə baxmayaraq, qurub-yaratmaq əzmindən vaz keçmədiyini və Azərbaycanın Cənubi Qafqazın əsl inkişaf yolunu seçmiş ölkəsi olduğunu bir daha görəcəklər. Azərbaycanın ssenarisi əsasında gələcəkdə də həyata keçirilən iri regional layihələrdə mühüm tranzit mövqe tutacaq Naxçıvandan birbaşa olaraq turist avtobusları ilə Naxçıvan-Zəngilan-Şuşa və əks-istiqamətdə Füzuli-Naxçıvan-Əshabi-Kəhf turizm marşrutları ilə rahat səyahətlər də bütün azərbaycanlıların ən böyük arzusu kimi real olacaq. Bunun gerçəkləşməsi isə bu regionda hər kəsin zərurət duyduğu, ölkə başçımızın hərbi və siyasi qətiyyəti nəticəsində nail olduğumuz davamlı sülhə xidmət edəcək.

Əli CABBAROV

Həmçinin oxuyun

Qarabağ separatçılarının “lideri” ifadəyə çağırıldı

Qarabağda yaradılmış qondarma rejimin “lideri” Araik Arutyunyan cinayət işi ilə bağlı ifadə vermək üçün prokurorluğa …