Çərşənbə axşamı , Sentyabr 17 2019
Home / Digər / Rənglərə əzəmət bəxş edən dahi

Rənglərə əzəmət bəxş edən dahi

    Müasir Azərbaycan dövlətinin memarı, türk dünyasının ünlü  ictimai-siyasi xadimlərindən biri olan ulu öndər Heydər Əliyev “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” müdrik ifadəsi ilə hər bir soydaşımızın qəlbində əbədi, silinməz iz buraxmışdır.

    Ulu öndərin həyat və fəaliyyəti barədə yazılan kitablarda qeyd olunur ki, gənc Heydər Əliyev hələ  kiçik yaşlarından özünün hazırcavablığı və iti zehni ilə yaşıdlarından seçilmişdir. Heydər Əliyevin uşaqlıq və gənclik illəri onun həmişə fərəhlə xatırladığı qədim Naxçıvanda keçmişdir. O, Naxçıvan şəhərində texnikumda təhsil aldığı illərdə müəllimlərinin sevimli tələbələrindən biri kimi seçilirdi.  Riyaziyyat müəllimi gənc Heydərin gələcəyin böyük riyaziyyatçısı olacağını,  Azərbaycan dili müəllimi dilçi alim, təsviri sənət müəllimi böyük rəssam, tarix müəllimi böyük siyasətçi və başqa müəllimlər digər sahələrdə tanınmış mütəxəssis olacağını söyləyirdilər. Ulu öndərin uşaqlıq və gənclik illərini onun ən yaxın dostu və tələbə yoldaşı olmuş Dövlət müəllim öz yazılarında belə xatırlayır:  “Heydər Əliyevlə mən yaxından dostluq edirdik. Hələ o, zamanlar bizim aramızda xüsusi hörməti olan Heydər Əliyevin istedad və qabiliyyətini müəllimlərimiz çox yüksək qiymətləndirirdilər və ona böyük ümidlər bəsləyirdilər. Onun dərin zəkası qarşısında biz heyran qalırdıq…” Bəli, özünün iti zehni, xüsusi natiqlik qabiliyyəti və bacarığı ilə yaşıdlarını geridə qoyan Heydər Əliyevin peşə seçimində doğulub boya-başa çatdığı əsrarəngiz Naxçıvan təbiətinin və böyük qardaşı, xalq rəssamı Hüseyn Əliyevin təsiri danılmazdır.

     O, uşaqlıq illərində Naxçıvanda yaşadığı zaman tez-tez təbiət qoynuna çıxar, etüdlər edər, tarixi-memarlıq abidələrinin şəklini çəkərdi. Rəssamlıq sənətinə məhəbbət onun ürəyində əbədi məskən saldı və sonadək onu tərk etmədi. Ulu öndərin rəssamlıq təhsili alması və gələcəkdə rəssam olmaq istəyi sonralar onun fəaliyyətində yüksək yaradıcılıq əzmini, qurub-yaratmaq şövqünü həmişə qüvvətləndirmişdir. Qeyd etmək lazımdır ki, ulu öndərin həm də tarixçi və iqtisadçı ixtisaslarına yiyələnməsi də bu dahi şəxsiyyətin ictimai fəaliyyətinin daha səmərəli və peşəkarcasına yönləndirilməsini şərtləndirmişdir. Onun yüksək liderlik qabiliyyətinə malik şəxsiyyət olduğunu  sübut etmək üçün isə ölkəmizin 1969-1982-ci illərini və müstəqillik dövrünü qeyd etmək kifayətdir.

    Dahi öndərin çoxşaxəli həyat fəaliyyətində elə bir sahə tapmaq olmaz ki, o sahədə Azərbaycan üçün taleyüklü məsələlər öz həllini tapmasın. Bu ali keyfiyyət ilk növbədə dahi şəxsiyyətin təbiətindən-ona ilahidən verilən fitri istedaddan irəli gəlirdi.

    Heydər Əliyevin incəsənətimizin inkişafı və tərəqqisi naminə atdığı səmərəli addımlar bu sahənin böyük bir epoxasını yaratmışdır. Onun apardığı uğurlu  siyasət Azərbaycan mədəniyyətinə və incəsənətinə  də özünün intibah mərhələsini yaşatmaqdadır. Biz burada sadəcə ulu öndərin sayı onlarla hesablanan mədəniyyət obyektlərinin – teatr, konsert, qalereya, sərgi salonlarının, mədəniyyət evlərinin, kinoklub və bu kimi digər ocaqların tikintisinə, yenidən qurulmasına və əsaslı təmirinə ayırdığı diqqəti nəzərdə tutmuruq. Eyni zamanda onun ölkəmizdəki yaradıcılıq ittifaqlarının maddi-texniki bazalarının yaxşılaşdırılmasına, sənət adamlarının – şair, yazıçı, bəstəkar, rəssam, rejissor, aktyorların Prezident təqaüdlərinə, yüksək  orden və medallara layiq görülməsinə, onların yubileylərinin keçirilməsinə, incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsinə  dair imzaladığı sərəncamları xüsusi qeyd etmək lazımdır. Ulu öndərin bu sahədəki fəaliyyətindən bütövlükdə danışsaq, o zaman yüzlərlə şərəfli və yaddaqalan səhifələri vərəqləyəcəyik. Təkcə təsviri sənətimizin inkişafı ilə bağlı ulu öndərin siyasətinin  bəzi ştirixlərini vurğulamaqla fikrimizi təsdiq edə bilərik.

    Hələ sovet dönəmində Azərbaycanın tanınmış sənət adamlarına göstərdiyi diqqət və qayğı, yaradıcı şəxslərlə yaxın dostluq əlaqələri Heydər Əliyevə  böyük sənət adamları arasında dərin hörmət və nüfuz qazandırmışdı. Azərbaycanın tanınmış sənət adamları-Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Böyükağa Mirzəzadə, Oqtay Sadıqzadə, Nadir Əbdürəhmanov, Mirəli Mirqasımov, Ömər Eldarov və başqa rəssamlarla şəxsən görüşərək onların yaradıcılıqları ilə yaxından maraqlanan, ünsiyyət yaradan ümummilli lider bu addımıyla milli mədəniyyətimizin daha da inkişaf etməsi üçün stimul yaradırdı. Digər tərəfdən, bəlkə də yaradıcı adamlara bu qədər xüsusi münasibətin göstərilməsi Heydər Əliyevin rəssamlıq təhsili alması, onun incəsənətin-bədii yaradıcılığın çətin və özünəməxsus incəliklərindən praktiki xəbərdar olmasından irəli gəlirdi.

    Ulu öndərin mədəniyyətimizə, incəsənətimizə göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir ki, rəssamlarımız bu dövlət qayğısından ilham alaraq gözəl rəsm əsərləri yaradırlar.

    Bu rəsm əsərləri içərisində ulu öndərə həsr olumuş rəsm əsərləri də öz xüsusi gözəlliyi və mövzu baxımından zənginliyi ilə seçilir.

    Xalq rəssamı Hüseynqulu Əliyevin ümummilli lider Heydər Əliyevə həsr etdiyi rəsm əsəri bir neçə cəhətdən diqqəti cəlb edir. Əlbəttə, rəssam çox doğru olaraq ulu öndərin ayaqüstü rəsmini yer kürəsinin fövqündə təsvir etmişdir. Bu məqam rəssam təxəyyülünün məhsulu olsa da, dünyaşöhrətli siyasətçi Heydər Əliyev dühasının hüdudlarını canlandırmaq baxımından olduqca düşündürücüdür. Xalq rəssamı istər ulu öndərin rəsmini, istərsə də onun başı üzərinə ucaltdığı Azərbaycan bayrağının təsvirini hərəkətdə canlandırmışdır. Əlbəttə ki, bütün bunlar dahi öndərə bütöv bir xalq məhəbbətini ifadə etməkdədir.

    Xalq rəssamı böyük dahinin simasını canlandırarkən bütün rənglərin mayasında dayanan ağ rəngdən xüsusi ustalıqla istifadə etmişdir. Daha doğrusu həmin ağ rəng portretdə Heydər Əliyev dünyagörüşünün, fəlsəfəsinin, həyata baxışının tamamilə nurdan ibarət olmasını canlandırmağa xidmət etmişdir. Əslində portretin açıq səma fonunda canlandırılması Heydər Əliyev dühasının ayrıca bir kainat olmasına işarədir. O kainatda bütün rənglər nur saçmaqdadır.

    Xalq Rəssamı Hüseynqulu Əliyevin rəngkarlıq sahəsində tablolarının böyük əksəriyyətini portret janrında olan uğurlu işləri təşkil edir. Bu janrda Hüseynqulu Əliyev tarixi portretlərə-tarixi şəxsiyyətlərin, siyasi xadimlərin təsvirinə böyük yer verir.

    Xalq rəssamı Hüseynqulu Əliyev “Sərgidə” adlı rəsm əsərində ümummilli lider Heydər Əliyev ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun portretlərini yaratmışdır. Əsərdə ideya-məkan prinsipləri ustalıqla həll edilmişdir. Xalq rəssamı ümummilli lider Heydər Əliyevlə  Ali Məclis Sədrinin sərgidə iştirakını fırçaya almaqla sənətə göstərilən qayğını ifadə etmişdir. Sənətşünas Səyyarə Sadiqovanın qeyd etdiyi kimi rəsmdə fonda Azərbaycan bayrağı olmaqla xəritəsini təsvir edən rəngkarlıq tablosu işlənmişdir. Bununla da sənət tarixində nadir hallarda rast gəlinən “əsər içərisində əsər” yaranmışdır. Əsərin ideyasına görə hər iki dövlət qurucularının fonunda təsvir olunan çiçəklənmə bu rəhbərlərin  qurduğu dövlətçiliyin nəticəsidir. Rəssam çiçəklənən Azərbaycan səhnəsini onların kürəyinin arxasında verməklə Azərbaycanın önündə rəhbər, eyni zamanda rəhbərin də dayağında Azərbaycan xalqının durduğuna işarə etmişdir. Tabloda təsadüfi heç bir detal yoxdur. Hər bir yaxı belə düşünülmüş şəkildə işlənmişdir. Əsərdə 4 ikilik təsvir olunmuş, mükəmməl bənzətməyə yol verilmişdir – iki nəhəng dağ, iki möhkəm divar və iki tarixi şəxsiyyət. Fonun sol tərəfində çəkilmiş tabloda biri digərinə söykənmiş möhtəşəm dağlar görmək olar. Dövlət qurucularının arxa fonunda təsvir olunmuş bitişik divarlar isə Azərbaycan quruculuğunda iki böyük divarın möhkəmliyi, bir–birinə dayağı və bağlılığıdır. Təsvirdə bu liderləri görənlər fonda çiçəkli Azərbaycanı görür. Rəssam personajların üzlərini ön tərəfdən işıqlandırmışdır. Əsərin koloritində istifadə olunan tutqun rəng çalarları ilə əlvan boya ahənginin kəmiyyət nisbəti eynilik təşkil edir. Hazırda bu əsər Naxçıvan Dövlət Rəsm Qalareyasında sərgilənir.

    Əməkdar rəssam Ülviyyə Həmzəyevanın yaradıcılığı özünəməxsus dəsti-xətti ilə seçilir. Onu başqa həmkarlarından fərqləndirən xüsusiyyətlərdən biridə çəkdiyi rəsm əsərlərində mahiyyəti təkcə rənglərlə deyil, həm də özünəməxsus ştrixlərlə çatdırmağa çalışmasıdır. Bu poeziyada və yazılı ədəbiyyatda sözaltı mənaya bənzəyir. Necə ki, şairlər öz fikirlərini sözlərin altında gizlədirlər, Ülviyyə xanım da öz fikirlərini boyaların və özünəməxsus ştrixlərin vasitəsilə təsvir edir. Düzdür, dünya rəssamlığında bu üsluba müraciət edənlər çoxdu, amma Ülviyyə xanımın üslubunda millilik və soykökə bağlılıq var.

    Məsələn, götürək Ülviyyə xanımın yaratdığı ümummilli liderimiz Heydər Əliyevin portretini. Əslinə baxanda, Ülviyyə xanımın çəkdiyi bu əsərdə dahi şəxsiyyətin demək olar ki, bütün özünəməxsus  xüsusiyyətləri verilib. Sanki rəsm əsərinə baxanda tamaşaçı istər-istəməz ovsunlanır və rəssamın göstərmək istədiyi məqamlarla üz-üzə qalır. Kompozisiyada təsvir olunan hər bir cizgi, hər bir naxış bir məna kəsb edir. Tamaşaçı dahi şəxsiyyətin Azərbaycan xalqı üçün, millətimiz üçün etdiyi xoş əməllərlə üz-üzə qalır.

    Əməkdar rəssam Həbibə xanım gənc olmasına baxmayaraq demək olar ki, rəssamlığın sirlərinə yiyələnməyi bacarıb. Rəssamın müxtəlif janrlarında çəkdiyi rəsm əsərləri mükəmməlliyi ilə seçilir. Amma rənglərin dilini tapmaq və onların dili ilə qəlbindən keçəni təsvir etmək xoşbəxtliyi bu gün Həbibə xanıma məxsus olan ən dəyərli keyfiyyətlərdəndir. Onun natürmortları da, təbiətdən çəkdiyi etüdləri də digər rəssamların əl işlərindən xeyli dərəcədə fərqlənir. Rəssamlıqda portret janrına müraciət edənlər çox olub. Amma etiraf etməliyik ki, bu hər rəssamda uğurlu alınmır. Amma Həbibə xanımın çəkdiyi portretlər bənzəmələri ilə yanaşı həm də canlılıqları ilə tamaşaçını özünə cəlb edir. Portret janrında çəkdiyi əsərlərdə Həbibə xanımın özünəməxsus üslubu diqqətdən yayınmır.

    Məsələn, götürək onun “İki böyük türk dövlətinin liderləri” portretini. Bu tabloda nəhəng köklü, gövdəli bir ağac təsviri var. Bu ağac Ordubad çinarları kimi çox möhtəşəmdir. Və ağacların budaqları altında türk dünyasının liderlərini–Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin və Türk Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün rəsmləri təsvir olunmuşdur. Həbibə xanım bu tablosunda hər iki liderin portretini o qədər canlı təsvir etmişdir ki, tablonun önündə bir neçə dəqiqə ovsunlanıb qalırsan. Dahilərin üz cizgiləri yerli-yerində təsvir olunub, amma bununla yanaşı onların məğrurluqları, qeyri–adi şəxsiyyət olmaları, xilaskarlıq missiyaları, xalq, millət yolunda etdikləri əzmkarlıqlar da rəssam tərəfindən özünəməxsusluqla təsvir edilmişdir. Rənglərin seçimi və ideya isə başqa bir aləmdir. Tabloda artıq rəng yoxdur. Rəssam bunu təbii ki, bilərəkdən edib. Burada əlvan rənglər sanki bir tamlıq yaradır, insan həyat eşqi aşılayır. İstər–istəməz rəng koloritinin təsiri altına düşürsən. Bəzən əlvan rənglər həddindən artıq çox istifadə olunanda tamaşaçıda ikrah hissi yaradır. Amma bu tabloda rənglər o qədər yerli–yerində istifadə olunub ki, insana xoş  ovqat bəxş edir.

    Dahi fenomen şəxsiyyət Heydər Əliyev obrazı əməkdar rəssam Cavid İsmayılovun yaradıcılığında da öz zəngin bədii həllini tapmışdır.

    Əməkdar rəssam “Ömür yolları” əsərində yığcam kompozisiyada ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xoşbəxt ailə portretini təsvir etmişdir. Bu xoşbəxtlik onların üzündəki təbəssüm və bir–birinə qarşı isti münasibətinin təsvirində açıq–aydın hiss olunur. Sənətşünas Səyyarə Sadiqovanın vurğuladığı kimi rəssam personajlarının daxili nikbinliklərini yaz fəsli ilə ustalıqla əlaqələndirmişdir. Belə ki, rəssam akademik Zərifə Əliyevanın fonunda təsvir olunmuş çiçəklənən ağac və ulu öndərin qarşısında olan masa üzərindəki çiçəklərlə onların daxili əhval–ruhiyyələri arasında bənzətmə yaratmışdır. Obrazların fonundakı rəsmdə Naxçıvanın möhtəşəm təbiət incilərindən olan Haçadağın təsviri heç də təsadüfi deyildir. Bu əzəmətli dağ onların möhkəm ailə bağlarını simvolizə edir. Əsərin koloriti olduqca əlvandır. Bu əlvanlıq əsərin mövzusu ilə ahəngdar surətdə səsləşərək xüsusi nikbinlik ifadə edir. Kompozisiyanın mərkəzi fiqurlarından biri olan akademik Zərifə Əliyevanın geyiminin rəngi əsərin sağ tərəfindəki asılmış pərdə ilə sol tərəfdə güldandakı çiçəklərlə harmoniya təşkil edir. Rəssam çəhrayı rəngin tünd çalarlarından istifadə etməklə kompozisiyanın bütövlüyünü saxlaya bilmişdir. Eyni zamanda ulu öndər Heydər Əliyevin tünd göy rəngdə geyimini masa üzərindəki güldanın rəngi ilə ustalıqla uyğunlaşdırmışdır.

    Əməkdar rəssam Cavid İsmayılovun ulu öndərə həsr etdiyi, digər bir rəsm əsəri olan “Müstəqillik yollarında” əsərində kompozisiyanın mərkəzində Azərbaycan bayrağının rəmzi təsviri fonunda ulu öndər Heydər Əliyevin, prezident İlham Əliyevin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun portretləri işlənmişdir. Rəssam siyasi xadimlərin hər birini Naxçıvan Muxtar Respublikasının möhtəşəmlik atributları olan Haçadağ, Nəhəcir və Əlincə qalasına bənzətmişdir. Əsərdə ön planda verilmiş güllü–çiçəkli düzənlik, fonda təsvir olunan memarlıq abidələri müstəqilliyimizin qurucuları olan bu şəxsiyyətlərin əməyinin nəticəsi kimi dəyərləndirilmişdir. Bu fikri sənətşünas Səyyarə Sadiqova ifadə edir. Azərbaycan bayrağının rənglərindən ibarət olan işıqlar personajların simalarını nurlandırmışdır. Rəssam bununla demək istəyir ki, çiçəklənən Azərbaycanı işıqlı gələcəyə aparan yol bu şəxsiyyətlərin misilsiz zəhmətindən və siyasi fəaliyyətindən keçir.

   Ümummilli lider Heydər Əliyev şəxsiyyətinin obrazlı ifadəsi gənc rəssamlarımızın yaradıcılığında da özünü göstərməkdədir.

    Rəssam Fizzə Quliyevanın “Mənim Universitetim” adlı rəsm əsəri tarixi–portret janrında işlənmişdir. Həm tarixi janrı, həm də qrup portretlərini özündə əks etdirir. Bu əsər ulu öndər Heydər Əliyevin 1997-ci il Naxçıvan Dövlət Universitetinin əsas korpusunun açılış mərasimində iştirakını əks etdirən bir əsərdir. Taxta üzərində yandırma üsulu ilə işlənmiş bu əsərdə təsvir olunmuş şəxslərin portret cizgiləri olduqca ifadəli işlənmişdir.

    Bir sözlə rəssamlarımızın yaradıcılığında ulu öndər Heydər Əliyev mövzusu, Heydər Əliyev şəxsiyyəti xüsusi çəkiyə malikdir.  Bu əsərlərdə ulu öndərin mükəmməl obrazı yaradılmışdır.

    Zəmanəmizin ən böyük azərbaycanlısı, dünyaşöhrətli siyasətçi, dahi fenomen şəxsiyyət, ulu öndər Heydər Əliyevin xalqı üçün qoyub getdiyi zəngin irsi bundan sonra da araşdırılacaq, elmi müstəvidə təhlil ediləcək, rəssam və heykəştaraşlar tərəfindən ulu öndərin yeni bədii obrazları yaradılacaqdır.

Həmçinin oxuyun

Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində hər bir kəsin marağına səbəb olacaq yeni sərgi açılır. Mediaktiv.az APA -ya …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir