Çərşənbə , İyun 26 2019
Home / Digər / Sevgidir bütün gözəlliklərin mayəsi

Sevgidir bütün gözəlliklərin mayəsi

      İlk olaraq gözəllik haqqında fikirlərimi bölüşmək istərdim. Çünki gözəllik olmazsa, sevgi də olmaz.

      Gözəl və ya gözəllik sözləri çox böyük bir məfhumdur. Yaşadığımız mühitdə hər şey – dağlar, çaylar, ana təbiət, bəzən eşidilən, bəzən görülən və bəzən insanlar da gözəlliyin simvoludur. Dönüb ətrafımıza baxsaq görərik ki, Tanrı necə də gözəl yaradıb dünyamızı. Sizcə, yayın ən qızmar günlərində belə başından qar əksik olmayan dağlar, buz kimi bulaqlar, qışın soyuq günlərində qarlar arasından boylanan novruzgülünün özü belə gözəlliyin bir nümunəsi deyilmi?! Gözəlliyə bu kimi bir çox və mən deyə bilərəm ki, xeyli misallar çəkmək mümkündür. Qışda ağacların öz donunu dəyişməsi, yarpaqlarını tökməsi, yazda yenidən çiçəklənməsi, quşların soyuq obalardan köçüb gəlməsi, yayda buz kimi bulaqların şırıltısı, payızda isə xəzəlin al-əlvan rəngləri və xışıltısı bütün şairlərin, rəssamların ilham mənbəyi, gözəllik qaynağıdır.

       Və Tanrı ən gözəl məxluq – insanı dünyaya bəxş edib. Onu elə gözəl yaradıb ki, qaşı, gözü, saçları, əqli və bəzən duruşu, baxışı belə gözəlliyin ən üstün simvoludur. Həyatda tanıdığımız bütün insanlara ilk növbədə xarici görkəminə görə qiymət veririk. Əgər “Bir insanda nə daha çox önəmlidir?” – deyə soruşsalar, mən, “xarici görkəm önəmlidir” – deyərəm. Çünki insanın geyimi-keçimi nə qədər səliqəli, təmiz olarsa, qarşıdakı insana daha çox xoş təsir bağışlayar və ilk görüşdən gözəl düşüncələr yaradar. Daha sonra ünsiyyət qurduqca onun xarici qarşıdakı insan üçün ikinci planda qalar. Çünki xoş xasiyyət, səmimi insanları daima ətrafımızda görmək istəyərik. Amma bəzən də xarici görünüş bizim üçün daha da əhəmiyyətli olur.

     Deyirlər insanın xarici onun daxili aləminin göstəricisidir. Bu söz nə dərəcədə düzgündür, bilmirəm. Amma bəzən birinin insanlığına, səmimiyyətinə şübhə etməsək belə xarici görünüşü heç cürə ürəyimizə yatmır. Belə bir söz – çirkin insan yoxdur, çirkin əməlləri olan insan var. Bu sözün mənim həyatımda çox böyük rolu var. Gəlin bir insan xəyal edək. Bu insan çox fitnə-fəsad işlərlə məşğul olan biridir. Lakin Tanrı ona elə gözəl sima, gözəllik bəxş edib ki, bütün hamını özünə valeh edir. İlk xaricinə fikir verdiyimiz üçün xaricdən xoş gəlir adama. Lakin tanıdıqca, xasiyyətinə bələd olduqca o gözəllik gözümüzdə bir heçə çevrilir. Əməlləri onun o gözəl simasını elə örtür ki, sanki dünyanın ən çirkin insanıdır. Həqiqətən də bu belədir. Gözəllik çox vaxt qüsurları gizlədən bir örtükdür. İnsanı ucaldan da, gözdən salan da onun əməlləridir. Hər bir insanın daxili və xarici gözəlliyi hər zaman bir-birini tamamlamalıdır.

     Tanrı bəşəriyyəti 2 bədənli, 2 cinsli yaratdı. İlk nəslin ilk nümayəndələri isə Adəm və Həvva oldu. Bununla da dünyada sevginin və gözəlliyin əsası qoyuldu.

      Gözəllik sözü deyiləndə ağıla ilk gələn qadınlar olur. Bir qadının ən gözəl olduğu an onun xoşbəxt olduğu, gülümsədiyi andır. Deyirlər bütün qadınlar gözəldir, lakin onlara gözəllik verən sevgidir. Konfutsiyə görə “qadın dünyanın ən gözəl və ən qiymətli varlığıdır.” Şekspir isə “mən qadınlarda zahiri gözəlliyi deyil, ruhun gözəlliyini axtarıram” – deyib.

    Qadın övlad yanında ana olur, qardaş yanında bacı olur, həyat yoldaşı, qeyrətli kişi yanında və qayğı əhatəsində qadın olur – zəif, zərif, gözəl qadın… Bütün qadınlar həmişə mənəvi dayağa, ülvi məhəbbətə, ilıq nəfəsə ehtiyac duyurlar. Bu sevgini isə onlara ən əsası sevdiyi şəxs hiss etdirir.

     Bəs sevgi nədir? Sevgi — elə   bir hissdir ki, insanı o hissiz təsəvvür etmək mümkün deyil. Sevgi – ən zəif nöqtəmiz, ən güclü yerimizdir. Sevgi – “səni sevirəm” sözünü demədən qəlbdə hiss edilən bir duyğudur. Sevgi – “səni sevirəm” sözünü eşidəndə gözdən süzülən yaşdır. Sevgi – inamdır. Sevgi – hər səhvə rəğmən bağışlamaqdır. Ən əsası sevgi tək qəlb, tək ruhdur.

    Gözəllik və sevgi vəhdət halındadır. Mənim fikrimcə, sevgi haqqında hekayələr, dastanlar yazmaqla bitməz. Dillərə dastan olmuş Leyli və Məcnun, Xosrov və Şirin və bu kimi əsərlər sevginin ən gözəl nümunəsidir.

Həmçinin oxuyun

Məşhur rəssamı qəbirdən çıxaracaqlar

Məhkəmə Salvador Dalinin məzarının açılmasına qərar verib. Mediaktiv.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Madriddə məhkəmə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir