Çərşənbə , İyun 26 2019
Home / Digər / Təbrik

Təbrik

    Saytımızın təqdimat mərasimində iştirakı və çıxışı ilə bizləri sevindirən şair, tədqiqatçı-publisist Elxan Yurdoğlu mərasimindən dərhal sonra öz qələmi ilə saytımızı bir daha təbrik etdi. Biz mediaktiv.az saytı olaraq Elxan müəllimə göstərdiyi bu səmimi davranışından ötrü öz təşəkkürümüzü bildiririk. İndi isə o təbriki sizlərə təqdim edirik:

Media aktivləşir

Naxçıvanda yeni bir media qurumu, internet saytı fəaliyyətə başladı.

Həm də aktiv şəkildə.

Və bu aktivlik həmin saytın bütün sferalarında özünü göstərdi. İstər adında (mediaktiv.az), istər uzun müddətdir arxa plan çalışmalarının nəticəsi olaraq bu gün reallaşan sadə və diqqətçəkən təqdimat mərasimində, istər saytın fəaliyyətə başlaması üçün seçilən tarixdə — (17 noyabr), istərsə də…

Hə, bu yerdə deyiləcək o qədər söz var ki.

Şablon cümlələrdən qaçmağa çalışsaq da, şablonşan müsbət reallıqları qeyd etmədən keçmək olmur. Texnika əsrində, sürət zamanında, rəqabət şəraitində, vaxtın ən dəyərli və tapılmaz nəsnə olduğu dövrdə yaşayırıq. Günlük həyatımızı bizdən alan və bizə ən qısa vaxt ərzində geri qaytarıb işlərimizi sürətləndirən və asanlaşdıran sosial şəbəkələr, internet resursları, telefon proqramları yaşayışımızın vazkeçilməzlərindən olub. Bu sırlamaya lap yaxınımızdan tutmuş dünyanın o biri başında baş verən hadisələri anında öyrənmə istəyimizə elə anındaca cavab verən xəbər saytlarını, informasiya portallarını da əlavə etməliyik.

Mediaktiv.az məhz son sırlamadakı funksiyanı yerinə yetirmək üçün bu gün KİV aləminə qədəm qoydu.

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən televiziya və radiolar sayt və qəzetlər cərgəsinə hələlik sonbeşik kimi qatılan Mediaktiv.az saytının bu cəhətdən öz aktiviliyi ilə seçiləcəyinə şübhəm yoxdur. Niyə yoxdur? Bu sualımın cavabına yuxarıda qismən işarə vurmuşdum… Hə, bu yerdə deyiləcək o qədər söz var ki—cümləsiylə..

Mediaktiv.az-da cəmləşən heyət əsasən gənclərdən, nəinki əsasən, elə tamamilə gənclərdən yığılıb. O gənclərdən ki, hər biri muxtar respublikada kifayət qədər tanınırlar, təhsil aldıqları ali məktəblərdə, çalışdıqları sahələrdə həmişə öz aktiv fəaliyyətləri ilə, yeni ideyaları və bu ideyalarını reallığa çevirmələri ilə adlarından söz etdiriblər.

Sayta rəhbərlik edən, təsisçi və baş redaktor Elvin Budaqovun komandasında cəmləşən Elnurlar, Elvinlər, Pınarlar, Fəridlər, Nigarlar, Naillər, Rəhimlər, İsmayıllar, Aysellər KİV aləmində yeni addımlarını atan Mediaktiv.az saytını qısa zamanda böyük uğurlara aparacaqlar. Bu inamı onlar muxtar respublikada cəmiyyət arasında fərqli istedadları və potensial sahibləri kimi seçilmələriylə qazanıblar.

Düzdü, aktiv gənclərin komandasında jurnalsitika sahəsində təcrübəsi az olan, yaxud yetərincə olmayanlar da var. Bu da təbiidir. Uğur birdən birə əldə edilmir. Uğurun əsas şərtləri inadkarlıqdır, çalışmaqdır, öyrənməkdir və mübarizə aparmaqdan çəkinməməkdir. Bu gənclərdə olduğu kimi…

Bir çoxunu şəxsən, digərlərini qiyabi olaraq tanıdığım bu gənclərlə mediamız aktivləşəcək. Biz yeni qələm sahiblərini kəşf edəcəyik, fərqli mövzularda müxtəlif yanaşmaları oxuyacağıq.

Təqdimat mərasimində həmişəki lətifəbazlığından qalmayan jurnalist həmkarımız Səməd Canbaxşıyevin eyhamı da öz aktuallığını qoruyacaq—gənc həmkarlarımıza dəstək olacağıq.

Bu yolda onlara uğurlar diləyir və bu gün atdıqları ilk addımın sağlam və uğurlara aparan addım olmasını arzulayıram.

Əziz mediaktiv.az komandası!

Qələminiz iti, saytınız oxunaqlı, oxucunuz bol olsun.

Mediamızı aktivləşdirin, lap bizi də mediaktivləşdirin…

Həmçinin oxuyun

Ordumuzun arsenalında olan ən dəhşətli silah – Video

Azərbaycan ordusunun arsenalında elə silahlar var ki, onlar haqqında bir çoxlarının nəinki məlumatı, heç təsəvvürü …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir