Cümə axşamı , May 13 2021
Home / Digər / Vətənə sevginin şəhid Sədi Musayev nümunəsi

Vətənə sevginin şəhid Sədi Musayev nümunəsi

…Şamxal Nağıyev: “2017-ci il idi. Dayım Sədiyə zəng vurdum ki, bəs gəlirəm Bakıya. Dedi, gəl. Sonra Füzuliyə – Horadiz qəsəbəsinə yola düşdüm. Bir neçə gün qaldım onlarda. Bir gün mənə zəng vurdu ki, hazırlaşın, gəlirəm sizi aparam gözəl bir məkana. Və bir azdan da gəldi, mən və oğlu Süleymanı götürüb apardı Lələtəpəyə – müqəddəs məkan adlandırdığı o zirvəyə. Qürurluydu Lələtəpənin azad olunduğuna görə. Axı o özü də oranın alınmasında böyük şücaət göstərmişdi, mərdliklə vuruşmuşdu. Bütün torpaqlarımızın azad ediləcəyinə böyük inam bəsləyirdi. Dedi ki, az qalıb, bütün torpaqlarımızda üçrəngli bayrağımızın dalğalanmağına. O gün bir daha anladım ki, dayım öz torpağına necə də vurğundu, onun azadlığı üçün canından keçməyə hazırdı. O, Vətəninin hər qarışını müqəddəs hesab edirdi və müqəddəs torpaqlarımız uğrunda da canından keçdi – şəhidlik mərtəbəsinə yüksəldi”. Polkovnik-leytenant Sədi Musayev ömrünün 24 ilini Vətənə xidmətlə keçirdi. 1978-ci ilin 1 aprelində Kəngərli rayonunun Qıvraq qəsəbəsində başladığı ömür yolunu müqəddəs Qarabağ torpağının azadlığı uğrunda sonlandırdı. Hər bir insanın həyat amalı olur. Xüsusilə də qəhrəman xarakter və güclü iradə sahiblərinin həyatı bu amalla bağlı cərəyan edir. Sədi Musayevin həyat amalı isə Vətən torpaqlarının azadlığa qovuşması uğrunda mübarizədən ibarət idi. Elə bu səbəbdən idi ki, o, hərb sənətini seçmişdi. Və elə bu səbəbdən idi ki, o, fəaliyyətinin böyük bir hissəsini ön xətdə keçirmək istədi, düşmənin fəaliyyətini yaxından izlədi. Sədi Musayevin məqsədi tez, ən tez bir zamanda düşmən üzərinə hücuma keçmək, onu darmadağın və məhv etmək üzərinə köklənmişdi. Bu qəhrəman Vətən övladı da yalnız və yalnız bu haqda düşünür, müvafiq tapşırıqları gözləyirdi. İlk dəfə belə bir tapşırıq Aprel döyüşlərində gəldi. Beləliklə, Sədi rəhbərlik etdiyi qrupla birlikdə düşmən üzərinə rəşadətlə hücum təşkil edən, Lələtəpə və ətraf ərazilərin düşmən işğalından azad edilməsində yüksək qəhrəmanlıq göstərən igid döyüşçülərdən oldu. Bu döyüşlərdə düşmən mərmisinə tuş gələrək yanan tankın içərisindən beş hərbçi yoldaşını çıxarmağı bacaran, hətta düşmənlə əlbəyağa döyüşən Sədi Musayev hələ o zamandan artıq hamının cəsur döyüşçü kimi tanıdığı bir zabitə çevrildi. Aprel döyüşlərindəki qələbədən sonra Milli Ordumuz bütünlüklə işğal altındakı torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün Ali Baş Komandanın müvafiq əmrini gözləməyə başladı. Və gözlənilən gün 2020-ci ilin sentyabrın 27-də gəldi. Genişmiqyaslı hərbi əməliyyatların başlanılması və işğal altındakı əzəli torpaqlarımızda azadlığın təmin edilməsi göstərişini alan Azərbaycan Ordusu düşmənə qarşı güclü əks-həmlə hücumuna başladı. Tariximizə Vətən müharibəsi kimi daxil olan və qəhrəmanlıqlarla müşayiət olunan 44 günlük hərbi əməliyyatlara, beləliklə, start verildi. Müharibənin ən çətin mərhələsi 30 ilə yaxın bir müddətdə hazırlanan və keçilməz sədd adlandırılan düşmən müdafiə xəttinin yarılması idi. Bu səddin yarılmasında isə Sədi Musayev və onun rəhbərlik etdiyi qrup böyük şücaət göstərdi. İlk hücumdaca düşmənin müdafiə xətti yarıldı, düşmən geri çəkildi, qaçmağa üz qoydu. Artıq ordumuzun önü açılmışdı. Qarabağ torpağı igid oğullarımızın yolunu gözləyirdi. Amma təəssüf ki, müharibənin ən çətin mərhələsi hesab edilən müdafiə xəttinin yarılması uğrunda gedən döyüşlərdə Sədi Musayev 28 sentyabr 2020-ci il tarixində şəhadət şərbəti içdi. O, çox sevdiyi Vətəni, onun müqəddəs torpaqları uğrunda canından keçdi. Ömrünün 24 ilini Vətənə xidmətin ən ali məqamı olan hərbçi sənətinə həsr edən Sədi Musayevin xidməti müddəti artıq 4 ilə yaxın idi ki, başa da çatmışdı. Ehtiyata buraxılma vaxtının üzərindən bir neçə il keçməsinə baxmayaraq, o, ömrünü həsr etdiyi ordusundan ayrıla bilməmişdi… Könül sevgidən necə ayrılsın?!.. Neçə dəfə demişdilər doğmalar, dosttanışlar, ay Sədi, artıq bəsdi, çıx təqaüdə. Ailəuşağın da üzünü görsün, sən də bir onlara vaxt ayır. Amma nə fayda?! Həmişə sözü bu olurdı: Yaxşı… Şəhid anası Nəsibə Musayeva: “Sədi Vətənini çox sevirdi. Hərb sahəsinə isə dərindən bağlı idi. Zəng vururdum, Sədi, necəsən, nə edirsən?-deyirdim. Həmişə sözü bu olardı: – Vətənimə qulluq edirəm. Bir dəfə dedim ki, sən başqa cümlə bilmirsən? Dedi, bilirəm: – Vətənimin keşiyində dururam… Danışığımızda deyərdim, Sədi, bəsdi, neçə ildir, qulluq edirsən, daha bəsdi. Belə deyəndə isə bir cavab verərdi – Yaxşı. Mənə yox deyə bilmirdi, ona görə də bu sözü işlədirdi. Sədimin “Yaxşı”sında mən “Ana, məndən bunu istəmə, Vətənimə xidmətdən necə əl çəkim?!” düşüncəsini oxuyurdum. Daha üzərinə getmirdim”. Bu gün İkinci Fəxri Xiyabanda qürurla yatan Sədi Musayevdən geriyə nümunəvi 43 illik ömür və 24 illik şərəfli hərbi xidmət qalır. Eyni zamanda, çox sayda medallar, təltiflər bu qəhrəman Vətən övladının geriyə buraxdıqlarındandır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Qüsursuz xidmətə görə” II və III dərəcəli medallar, Azərbaycan Silahlı Qüvəllərinin 90, 95 və 100 illik yubiley medalları, şəhadətə ucaldıqdan sonra isə “Vətən uğrunda” medalı, “Azərbaycan bayrağı” ordeni və “Füzulinin azad olunmasına görə” medalı Sədi Musayevin qəhrəmanlıqlarla dolu zabitlik həyatının qürur səhifələrini təşkil edir. Sədi Musayev şəhadət şərbətini içsə də, onun ruhu şaddır. Çünki həyat amalına çevirdiyi torpaqlarımızın azadlıq məsələsi indi artıq öz həllini tapmışdır. Qarabağımızda, ətraf rayonlarımızda üçrəngli bayrağımız dalğalanır. Kim bilir, bəlkə də, Sədinin ruhu da işğaldan azad olunan torpaqlarda gəzir, uca zirvələrdən gözəl Qarabağımızın seyrinə dalıb…

Anar QASIMOV

Həmçinin oxuyun

Prezident “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir

Prezident İlham Əliyev “Xarıbülbül” musiqi festivalında iştirak etmək üçün Şuşaya gedir. MEDIAKTIV.AZ xəbər verir ki, bu …