Bazar ertəsi , Aprel 19 2021
Home / Digər / Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

Xocalı soyqırımı – ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən ağır cinayətdir

Tarixin müxtəlif dövrlərində ermənilər tərəfindən soyqırımına məruz qalan Azərbaycan xalqı növbəti belə faciə ilə XX əsrin sonlarında Xocalıda üzləşdi. Bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biri və Ermənistanın ölkəmizə hərbi təcavüzünün kulminasiya nöqtəsi idi. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transpartyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılan və digər ağır işgəncələrə məruz qalanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində rəsmi rəqəmlərə görə, 613 nəfər öldürülmüşdür ki, onlardan 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri isə qocalar idi. Bunların içərisində 8 ailə tamamilə məhv edilmiş, 56 insan işgəncə ilə öldürülmüş, 27 ailənin yalnız 1 üzvü sağ qalmış, 25 uşaq hər iki valideynini itirmiş, 130 uşaq valideynlərindən birini itirmiş, 230 ailə öz başçısını itirmiş, 487 insan şikəst olmuş, 1275 insan əsir götürülmüşdür. 150 nəfərin isə taleyindən indiyə kimi heç bir xəbər yoxdur. Ermənilərin Xocalıda törətdikləri soyqırım və vandalizm aktı indiyədək bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir.

Bütün dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə yenidən qayıtdıqdan sonra açıqlanmış, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir. 1994-cü ilin fevralında Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikasının Milli Məclisi Xocalıda baş vermiş hadisələri təhlil edərək, ermənilərin törətdikləri cinayət əməllərinin azərbaycanlılara qarşı soyqırım olduğunu beynəlxalq hüquq məsuliyyəti baxımından təsbit etmiş və 26 fevral tarixinin “Xocalı soyqırımı günü” kimi qeyd olunması haqqında qərar vermişdir. Məhz 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi altında Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində olduqca əhəmiyyətli işlərin görülməsinə başlanılmışdır. Bundan əlavə, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırım ilə əlaqədar Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla 31 mart – Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla yanaşı, 2002-ci il fevralın 25-də Ümummilli Lider Heydər Əliyev Xocalı soyqırımının 10-cu ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində bu amansız kütləvi qırğının tarixi-siyasi mahiyyətini göstərək demişdir: “Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni şovinist-millətçiləri tərəfindən azərbaycanlılara qarşı müntəzəm olaraq həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin davamı və ən qanlı səhifəsidir”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində ardıcıl fəaliyyətini davam etdirir. 2012-ci il yanvarın 17-də Azərbaycan Prezidenti İlham Əliyevin “Xocalı soyqırımının iyirminci ildönümü haqqında” Sərəncamında Azərbaycan dövlətinin Xocalı soyqırımının beynəlxalq ictimaiyyət tərəfindən tanınması istiqamətində fəaliyyətini davam etdirməsinin əhəmiyyəti bir daha vurğulanır. Bu baxımdan Heydər Əliyev Fondu, onun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gördüyü işlər xüsusilə təqdirəlayiqdir. Fond bəşəriyyətin ən böyük faciələrindən olan Xocalı soyqırımı haqqında faktların dünyaya çatdırılması istiqamətində sistemli və ardıcıl fəaliyyət göstərir. Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı faciəsinin 20-ci ildönümü 2012-ci ildə dünyanın 100-dən artıq nöqtəsində qeyd olunmuşdur. Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər ciddi nəticələr verməkdədir. Soyqırımın ildönümləri dəfələrlə Türkiyədə, Rusiyada, Almaniyada, ABŞ-da, Ukraynada, Qazaxıstanda, Gürcüstanda, Küveytdə və dünyanın bir çox ölkələrində qeyd olunmuş, dünyanın ayrı-ayrı şəhərlərində “Xocalı həftəsi” adlı tədbirlər proqramı çərçivəsində müxtəlif anım mərasimləri, aksiyalar keçirilmiş və bu tədbirlər hər il davam etməkdədir.

         Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Dünya bilməlidir ki, bu cinayət təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün dünya sivilizasiyasına, bəşəriyyətə qarşı törədilib. Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə – Xocalı soyqırımına əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidir.

Dövlət başçısının həyata keçirtdiyi uğurlu siyasət nəticəsində və şəhidlərimizin qanı bahasına Xocalı ilə yanaşı işğal altında olan əzəli torpaqlarımız işğaldan azad olundu. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsini daim əziz tutur, onları ehtiramla yad edir. Bu gün Xocalı soyqırımından 29 il ötsədə Azərbaycan xalqı bu amansız və qəddar, xain təcavüzü heç vaxt unutmur və unutmayacaqdır.

İnanıram ki, Xocalı soyqırımının törədilməsində iştirak etmiş bütün şəxslər hüquq-mühafizə orqanları tərəfindən qısa müddət ərzində cinayət məsuliyyətinə cəlb olunacaqlar, artıq bu istiqamətdə müvafiq işlər görülməkdədir.

Nəriman VƏLİYEV

Culfa rayon prokurorluğunun

müstəntiqi vəzifəsi üzrə stajor

Həmçinin oxuyun

ABŞ-ın 8 məmurunun Rusiyaya girişinə qadağa qoyulub

Rusiya 8 ABŞ məmuruna ölkəyə girişə qadağa qoyub.  MEDİAKTİV.AZ Rusiya Xarici İşlər Nazirliyinə istinadən verdiyi məlumata …