Bazar , İyul 12 2020
Home / Digər / Yaradılan şərait yeni uğurlara yol açır

Yaradılan şərait yeni uğurlara yol açır

    Dünyanın məşhur siyasət xadimləri, uzaqgörən ziyalıları hər bir xalqın, dövlətin tərəqqisini təhsilin inkişafı ilə əlaqələndiriblər, bu sahəyə diqqət və qayğını prioritet vəzifə sayıblar. Ümummilli liderimiz Heydər Əliyev də  təhsil sahəsini strateji sahə hesab edir, onun inkişafına böyük önəm verirdi. Dahi rəhbərin “Təhsil millətin gələcəyidir” şüarı bu gün hər bir Azərbaycan vətəndaşının beyninə qızıl hərflərlə həkk olunub. Bu gün ümummilli liderin layiqli davamçısı, Azərbaycan Prezidenti Cənab İlham Əliyev ulu öndər Heydər Əliyevin bu şüarını əsas götürərək  parlaq gələcək naminə sağlam gənclik yetişdirmək yolunda böyük işlər görür. Buna yeni tədris ocaqlarının tikilib istifadəyə verilməsi, mövcud məktəb binalarının müasir tələblərə cavab verən arxitektura üslubunda yenidən qurulması, məktəblərin maddi-texniki bazalarının gücləndirilməsi, təhsil müəssisələrinə yüksəs ixtisaslı müəllim kadrlarının cəlb edilməsi kimi tədbirləri misal göstərmək olar.

    Elə bu ayın 11-də Naxçıvan şəhərindəki 3 nömrəli rus tam orta məktəbin binasının əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi də sadalanan tədbirlər sırasındadır. Məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirak etməsi məktəb kollektivinin məsuliyyətini daha da artırıb.

    Açılışdan sonra biz də məktəbdə olduq. Qapıdan içəri girdiyimiz andan bəri məktəbdə atdığımız hər addımda müasirlik gördük. Müəllim və şagirdlərin baxışlarında yeni məktəb binasının açılışının yaratdığı təbəssümü hiss etmək çətin deyildi. Məktəbin direktoru Pərvin Mirzəyeva məktəb barədə bizə ətraflı məlumat verdi:

    – Ölkəmizdə 300-dən çox məktəbdə tədris rus dilində aparılır ki, bunlardan biri də Naxçıvan şəhərindəki bu məktəbdir.  Vaxtilə çoxmillətli məktəb kimi tanınan bu təhsil ocağı 1939- cu ildən sırf rus məktəbi kimi öz işini davam etdirir.  Burada uşaqlara rus dili, rus ədəbiyyatı ilə yanaşı öz ana dilimiz də tədris olunur, ikinci bir xarici dil kimi isə fransız dili öyrədilir. 600 şagird yerlik məktəbdə oxuyan 460 şagirdin  təhsili ilə 59 müəllim məşğul olur. Keçən il ali məktəblərə qəbul imtahanında iştirak edən 23 şagirdin 15- i öz arzularına çataraq tələbə adını qazanıb ki, onlardan da 5-i 500-dən yuxarı bal toplayıb.

    Builki məzunlardan bundan da yüksək nəticə gözlədiklərini deyən direktor bildirdi ki, məktəbdə 2 hazırlıq qrupu var. Burada 5 yaşında olan uşaqlar məktəbə hazırlaşdırılır, onlarda ilkin təsəvvürlər yaradılır. Məktəbin yeni binasının açılışından sonra övladlarının burada təhsil alması üçün müraciət edən valideynlərin sayı xeyli artıb. Hazırda məktəbimizdə  5-i elektron lövhəli olmaqla 32 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinə, internetə qoşulmuş 42 kompüterin olduğu iki kompüter, müəllimlər, şahmat otaqları, kitabxana, bufet və idman zalı fəaliyyət göstərir. Məktəbin kitabxana fondunda 16871-i dərslik, 8410-u bədii, ədəbiyyat, 252-si uşaq ensiklopediyası, 83-ü xəritə, 3-ü kitab disk olmaqla 25640 ədəbiyyat yer alıb. Belə bir məktəb binasının ixtiyarımıza verilməsi bizi çox sevindirdi. Məktəbin açılışında cənab Prezident İlham Əliyevin iştirakı isə kollektiv üçün çox qürurverici bir haldır və bizim çiyinlərimizə böyük öhdəliklər qoyub. Açılışı yaddaşlarda qalan bir məktəbin kollektivi olaraq bundan sonrakı işimizdə daha fəal olmalı, bizə göstərilən etimadı doğrultmalıyıq.

     Məktəbdə fəaliyyət göstərən müəllimlərin bəziləri orta təhsillərini bu məktəbdə alıblar. Onlardan biri ibtidai sinif müəllimi Xalidə Abbasovadır. 1964-cü ildə məktəbin birinci sinifinə qəbul edilən müsahibim 1981-ci ildən bu məktəbdə müəllim işləyir. Xalidə müəllimənin söhbəti:

    – Sözümə cənab Prezidentin məktəbin açılışındakı çıxışından bir neçə cümlə ilə başalmaq istəyirəm. “Naxçıvanda belə bir məktəbin fəaliyyət göstərməsi onun göstəricisidir ki, rus dilinin öyrənilməsinə təkcə Bakıda deyil, Naxçıvanda və başqa bölgələrdə də maraq var. Mən bunu alqışlayıram. Bizim vətəndaşlarımız nə qədər çox müxtəlif dil bilsələr, onlar üçün bir o qədər yaxşı olacaq. Əlbəttə, qonşu ölkələrin dillərini bilməliyik ki, onlarla ünsiyyət saxlayaq, dostluğu möhkəmləndirək. Bu, həm də dövlətlərarası münasibətlər üçün mühüm amildir. Arzu edirəm ki, bu məktəbin məzunları Azərbaycanın layiqli vətəndaşları olsunlar”.

    Bəli, bu gün müasir standartlara cavab verən binada öz müəllimlik vəzifəmi yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Ümumiyyətlə, kollektiv bir amalla yaşayır: məktəbin şagirdləri vətənə, millətə xeyirli övladlar  olub, gələcəkdə ölkəmizi xarici ölkələrdə layiqincə təmsil edə bilsinlər. Hər gün qapıdan içəri keçdiyim anda məktəbin lap əvvəlki, mənim təhsil aldığım 70-ci illərdəki şəraitsiz vəziyyəti- üstü didilmiş partaları, qışda yanan kömür sobaları, yeriyəndə səs salan döşəməsi gözlərim önündə canlanır. Məktəbin o zamankı görkəmini indiki vəziyyətilə müqayisə belə etmək mümkün deyil. Belə şəraitli bir binada bundan sonrakı fəaliyyətimizin yüksək səviyyədə olacağına inanır, göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə kollektivimiz adından minnətdarlığımı bildirirəm.

    Məktəb fəaliyyəti dövründə çoxlu nailiyyətlərə imza atıb.Təhsil ocağının şagirdləri bir çox yarışlarda, müsabiqələrdə, fənn olimpiadalarında, viktorinalarda iştirak edib, layiqli yerlər uğrunda mübarizə aparıblar və istəklərinə nail olublar. Ötən il Dövlət Bayrağı Günü münasibətilə keçirilən rəsm müsabiqəsində məktəbin şagirdi Selcan Hacıyeva, yüngül atletika üzrə yarışda Rüstəm Baxşıyev birinci yerə layiq görülüblər. Xalid Əliyev, Ümid Məmmədov, Məlahət Hacıyeva, Atilla Möhsünlü, İlham Zeynalov, Hidayət Əliyev, Renat Hacıyev və başqaları şahmat yarışlarında yaxşı nəticələr qazanıblar.

    Fərdi şəkildə qazanılan uğurlarla yanaşı, məktəbin bəzi kollektivlərinin  əldə etdikləri nəticələr də sevindiricidir. Belə ki, son yarışlarda məktəbin basketbol komandası üçüncü, qızlardan ibarət voleybol komandası üçüncü, “Şən startlar” adlı məktəblərarası keçirilən idman yarışında birinci, “Biz vətənin müdafiəsinə hazırıq” adlı hərbi oyunda isə məktəbin komandası ikinci yerə layiq görülüb.

    Təhsil  yaşadığımız cəmiyyətin inkişaf səviyyəsini müəyyən edən başlıca amildir. Çünki, təhsildə irəli getmədən qarşımızda duran problemlərimizi, yaxud da həlli vacib olan məsələlərimizi həll edə bilmərik. Son illər respublikamızda təhsilin inkişafı yönündə keçirilən tədbirlər bir məqsəd daşıyır: savadlı, yüksək intellektə malik, dövlətçiliyə sadiq vətəndaşlar yetirmək. Sevindirici hal da odur ki, təhsilə sərf edilən maddi-mənəvi heç nə əbəs yerə getmir, öz bəhrəsini verir və nəticə etibarı ilə qarşıya qoyulan məqsədə nail olunur. Naxçıvan şəhərindəki 3 nömrəli tam orta məktəbin kollektivi də yaradılmış şəraitdən səmərəli istifadə edərək göstərilən etimadı doğrultmağa səy göstərir.

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …