Şənbə , Fevral 20 2021
Home / Digər / Yerli partladılmış qarğıdalı istehsalına başlanılıb

Yerli partladılmış qarğıdalı istehsalına başlanılıb

Ailə təsərrüfatı institutu Naxçıvan Muxtar Respublikasında geniş yayılmış fəaliyyət sahələrindən biridir. Artıq bir neçə ildir ki, muxtar respublikada ailə təsərrüfatlarının inkişafı istiqamətində sistemli tədbirlər həyata keçirilir, istehsalın genişləndirilməsi, əhali məşğulluğunun artırılması diqqət mərkəzində saxlanılır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 22 noyabr və 2019-cu il 18 yanvar tarixli sərəncamları ilə “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” Tədbirlər planlarının təsdiq olunması, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatları ili” elan edilməsi belə təsərrüfatların fəaliyyəti üçün geniş imkanlar açıb. Digər tərəfdən, onların fəaliyyətinin bir-biri ilə koordinasiya baxımından əlverişliliyini təmin etmək üçün Ailə Təsərrüfatları İctimai Birliyinin yaradılması, hər il “Ailə təsərrüfatı məhsulları” festivallarının keçirilməsi, dövlət dəstəyi nəticəsində ailə təsərrüfatları məhsullarının qablaşdırma və dizaynlarının tərtib edilməsi və sair bu fəaliyyət sahəsinə marağı daha da artırıb. Buna görədir ki, hər il muxtar respublikamızda yeni ailə təsərrüfatlarının yarandığının şahidi oluruq. Onlardan biri də bu yaxınlarda yeni fəaliyyətə başlamış, Naxçıvan şəhər sakini Anar Əzizova məxsus ailə təsərrüfatıdır.

Fevralın əvvəllərindən fəaliyyətə başlayan bu ailə təsərrüfatı partladılmış qarğıdalı – popkorn istehsalı ilə məşğuldur. Anar Əzizov­dan belə bir istehsala marağının haradan qaynaqlandığını soruşduq.
Bildirdi ki, partladılmış qarğıdalını çoxları kimi o da uşaqlıqdan sevib. Elə indinin özündə də o, eləcə də ailə üzvləri tez-tez bu məhsula müraciət edirlər. Onun dediklərindən:
– Qarğıdalı bu gün məişətimizdə ən çox istifadə etdiyimiz kənd təsərrüfatı məhsuludur. Onun yağından, toxumundan, yaşıl kütləsindən geniş istifadə olunur. Tək elə qarğıdalı toxumlarından müxtəlif növdə yeyinti məhsulları hazırlanır. Popkorn isə onlar içərisində daha geniş yayılanıdır. Bunun da sevilən olmasının səbəbi odur ki, gəzintidə, eləcə də hər hansı bir idman oyunu və ya film izləyərkən, ya da digər asudə vaxtlarda ondan istifadə insanlar üçün sevimli məşğuliyyətdir. Günəbaxan tumlarından fərqli olaraq, ondan istifadə edərkən əlavə tullantılara ehtiyac yaranmır. Bu isə popkornun ən çox istifadə olunduğu açıq məkanların (küçə, park və sair ) çirklənməsinə də imkan vermir. Digər tərəfdən, qiymət baxımından müxtəlif çərəz çeşidlərindən ucuz olması da ondan istifadəni kütləviləşdirir. Ancaq burada diqqət edilməli məsələlərdən biri qarğıdalının, duz istisna olunmaqla, heç bir əlavə qatılmadan qovurulmasıdır. Ancaq, təəssüf ki, bunu xarici istehsalçılar haqqında demək olmur. Buna görə də ailə üzvlərimizlə birgə qərar verdik ki, bu işə başlayaq, öz məhsulumuzu özümüz istehsal edək. Nəzərə alaq ki, son illərdə muxtar respublikamızda qarğıdalı əkinlərinə maraq çoxalıb. Bu isə o deməkdir ki, popkorn hazırlamaq üçün yerli məhsulumuz var. Beləliklə, ilk olaraq bu işi həyata keçirmək üçün kiçik bir avadanlıq aldıq. Şərur rayonundan isə bu növ qarğıdalı yetişdirən bir zəhmətkeş insanla tanış olduq və ilk məhsulu da ondan alıb istehsala başladıq.

– Bəs müvafiq dövlət qurumları tərəfindən sizə hansı köməkliklər olundu? – sualımıza isə müsahibim belə cavab verdi:
– Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat ­Nazirliyi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən lazımi dəstək göstərildi. Xüsusilə məhsulun qablaşdırılması, onlar üçün müvafiq emblemlərin hazırlanması və digər istiqamətlərdə bizə köməkliklər olundu.
Müsahibimiz onu da deyir ki, bu gün artıq 40, 65 və 115 qram yüksəkkeyfiyyətli kağız qablaşdırmalarda popkornlar ticarət şəbəkələrinə paylanılır. Yerli məhsulun alıcılar tərəfindən razılıqla qarşılandığını deyən ailə təsərrüfatı başçısı bunu da vurğulayır ki, muxtar respublikamızda ailə təsərrüfatlarına göstərilən hərtərəfli dövlət qayğısı istehsal olunan məhsulların satışı üçün də geniş imkanlar açır. Belə ki, bu gün muxtar respublikanın bütün satış obyektlərində ailə təsərrüfatı məhsulları üçün xüsusi guşələr yaradılıb. Bu isə o deməkdir ki, istehsal olunan məhsulun gündəlik satışı üçün heç bir problem yoxdur. Ailə təsərrüfatlarının inkişaf etdirilməsi üçün yaradılmış bu cür şəraitə görə dövlətimizə minnətdarlığımızı bildiririk. Biz də bunun qarşılığında çalışacağıq ki, yerli və keyfiyyətli məhsul istehsalında öz sözümüzü deyək, daxili bazarın təmin olunmasına töhfəmizi verək.

 Səbuhi HƏSƏNOV

Həmçinin oxuyun

Yağış sularından istifadə ilə bağlı qanun layihəsi hazırlanır

Azərbaycanda şirin su qıtlığının qarşısını almaq məqsədilə yağış sularından istifadə ilə bağlı dövlət tərəfindən qanun …