Bazar , İyul 12 2020
Home / Digər / Yurddan / “Dünya gücümüzə yaxşı bələddir, hələ biçilməmiş əkilənlərik”!

“Dünya gücümüzə yaxşı bələddir, hələ biçilməmiş əkilənlərik”!

“Ey şəhid oğlu şəhid, istəmə məndən məqbər,
Sənə ağuşunu açmış duruyor Peyğəmbər”.

    Şəhidlik insanın Allaha, Vətənə, haqqa olan sevgisinin həyat-ölüm astanasında qeyd-şərtsiz şəhadət tapdığı ali məqamdır. Bu ölümsüzlük, haqqa qovuşma anında kitab-kitab söz xatirinə yazılmış “Vətənnamə”lər, boğazdan yuxarı bəlağətli nitqlər, pafoslu çağırışlar “Can Azərbaycan!” deyib can fəda etməklə heç-puç edilir. Şəhidlər Vətən-Allah, xalq-haqq savaşından məğrurluqla çıxıb, bir anın içində milyonların əzizinə, Vətən oğluna çevrilib ölümü ilə də bu torpağı şərəfləndirənlərdir. Şəhid qanı ilə suvarılmayan torpaq zəfər bayrağı bitirməz! Vətən şəhidlərin mübarək çiyinlərində sabahlayır. Buna görə də onlar and yerimiz, qürur mənbəyimizdir!

      Son günlərdəki şəhidlərimiz müstəqil Azərbaycanın müzəffər hərb tarixinin ilk səhifələrini öz qanları ilə yazaraq əbədiləşdilər, dastanlaşdılar. Bu cəsur igidlərin əksəriyyətinin yaşları onu deməyə əsas verir ki, onlar heç işğal olunan torpaqlarımızın üzünü belə görməyiblər. Amma bu Vətən sevdalıları, bu Vətən aşiqləri göz qırpmadan, ölümün üzünə dik baxa-baxa, kəfənlərini əyinlərinə geyinib şüurlu şəkildə, qələbə naminə ölümün ağuşuna atılıblar. Onların sosial şəbəkələrdəki son statusları, paylaşmaları, doğmaları ilə son yazışmaları bunu bir daha sübut edir. Son dörd günlük haqq savaşı illər öncəki “Məzlum, məğlub Azərbaycan” sindromunu məhv edərək çoxdan bəri həsrətində olduğumuz qələbənın şirinliyini dadızdırdı bizlərə, milli ruhumuzdakı məğrurluğu oyatdı. Dövlət-ordu-xalq birliyinin nələrə qadir ola biləcəyi, Azərbaycanın hərbi qüdrəti, diplomatik uğurları isbatlandı. Bu savaş dost sədaqətini təsdiqləməklə yanaşı, əksər dünya dövlətlərini Dağlıq Qarabağla bağlı tarixi həqiqəti etiraf etməyə məcbur etdi. Ən əsası isə, qeyrətli ər oğullarımızın gözüyumulu ölümə getmələri, müharibə zonasını tərk etməyən yerli əhalidəki inam və ruh yüksəkliyi, şəhidlərin dəfn mərasimindəki izdihamlar, Azərbaycan diasporunun fəallaşması, şəhid valideynlərinin o dərdin, acının içində balasından yadigar bayrağı köksünə sıxıb qəzəb və qürurla “Vətən sağ olsun!” deməsi bir daha göstərdi ki, “Azərbaycan!”, “Vətən!” anlayışı, məfhumu artıq 9 milyonluq bir xalqı birləşdirən sarsılmaz ideologiyaya, qələbə əzminə çevrilib. Şəhidlərin bəziləri öz nəşləri ilə də düşməndən nə qədər güclü, qürurlu olduqlarını sübüt etdilər. Dövlətinin, xalqının, doğmalarının iradəsini sınağa çəkmək bahasına olsa belə… Sizə belə bir şəhidimizdən, 1991-ci il təvəllüdlü, Naxçıvan şəhər sakini, leytenant Qabil Əbdüləli oğlu Orucəliyevdən söz açmaq istəyirəm.Müharibəni lənətləyənlərdən biri, bəlkə də elə birincisi idi O. Çünki atasızlığın bütün iztirab və acılarını hamıdan yaxşı bilirdi. Çox erkən yaşlarından “ailənin kişisi” yükünü çəkmişdi, bacılarına toy edib gəlin köçürmüşdü. Bacıları, ata üzü görməyən kiçik qardaşı İsa onu “Atam!”, “Dədə” deyə çağırırdılar. Gənc yaşından bir üzü qız, bir üzü gəlin, kirpiyi ilə od götürə-götürə övlad böyüdən dül qadının taleyi də yaxşı tanış idi Ona. Bütün bunlara görə də əsl kişi sənəti seçir… Anaları oğulsuz, oğulları atasız qoymamaq üçün! Həyat özü Qabili sərtləşdirmiş, mətinləşdirmişdi…

       1998-ci ildə Naxçıvan şəhərindəki 1 nömrəli orta məktəbdə təhsilə başlayan Qabil 2006-cı ildə C.Naxçıvanski adına Hərbi Liseyin Naxçıvan filialına qəbul olunur. 2009-2013-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirir, 2013-2014-cü illərdə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində zabit təkmilləşdirmə kursu keçən Qabil Azərbaycan Silahlı Qüvvələrinin tərkibində Vətənin keşiyində dayanmağa başlayır. 2014-cü ildə nümunəvi fəaliyyətinə, hərbi nizam-intizamına görə leytenant rütbəsi alır.

“Ölməyə yox, öldürməyə gedirəm”!

     Qəhrəman doğulurlar, Qəhrəman olmurlar! Azərbaycan qadınının qeyrət damarından əmdiyi süd, gənc yaşından qabarlı əlinin halal zəhməti ilə ailə saxlaması, əmisi, polis veteranı, 1990-cı il Sədərək döyüşlərinin fəal iştirakçısı Elmar Orucəliyevin təsvir etdiyi döyüş səhnələri onu Qəhrəman etmişdi. Qabillə bir yerdə döyüşən cəbhə dostları onu xasiyyətcə sadə, dürüst, mehriban və zarafatcil, eyni zamanda mərd, vətənpərvər, cəsur bir igid kimi xatırlayırlar. Hazırda Xocavənd istiqamətində Vətəni qoruyan leytenant Məmməd Babayev yazır: “Hərbçi olmağımda Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbdə məndən bir sinif yuxarı oxuyan Qabilin böyük rolu olub. Hərbi forması, vətənpərvərliyi ilə məni də bu sahəyə cəlb edib. Çox vətənpərvər, igid, ürəyiaçıq, sadə, mədəni, həm də səbrli insan idi. Oğlu olduğunu eşidib ayın 2-si, axşam saat 7-nin yarısı idi, zəng vurdum. Dedi: “Qardaşım, sonra danışarıq”. Son danışığımız oldu…”

      Bəhruz Mürşüdov isə Qabili belə xatırlayır: “Leytenant Qabil Orucəliyevlə ilk tanışlığım 2014-cü ilin iyul ayında olub. O, Naftalan şəhəri “N” saylı hərbi hissədə bizim taborda taqım komandiri idi. Mən onu özümə təkcə komandir yox, həm də qardaş bilirdim. Taborumuzdakı bütün əsgərlər Qabili çox sevirdi. Bu sevgini o, vətənpərvər söhbətləri, əsgərə qayğısı ilə qazanmışdı. 2014-cü il avqust ayının 8-də ermənilər atəşkəsi yenə pozmuşdular. Şəhid xəbəri gəlirdi. Qabil həmin axşam tabora cavabdeh idi. Mən isə bölük növbətçisi idim. Məni otağına çağırdı: “Mürşüdov, mən çox narahatam”, – dedi: “Qardaşlarımız düşmənlə vuruşurlar! Mən burda duruş gətirə bilmirəm, yuxarı qalxmaq istəyirəm”. Az keçməmiş briqadanın qərargahından xəbər gəldi: “Bütün zabir-gizir heyəti silahlansın, yuxarı qalxsın!” Qabil gözlərində sevinc: “Mürşüdov, silah otağını tez aç”, – dedi. Silahı götürdü, üzümə baxdı. “Komandir, ehtiyatlı olun”, – dedim. Əlini boynuma salıb dedi: “Narahat olma, mən ölməyə yox, öldürməyə gedirəm!”

     Hərbi Liseydən başlamış bütün hərbi təhsil illərini Qabillə bir yerdə keçirən, 2014-cü ilin iyun ayından Naftalan şəhəri “N” saylı hərbi hissədə Qabillə birgə – yaxın postlarda hərbi qulluqda olan leytenenat Cahangir Eyvazov döyüş bölgəsindən Qabil haqqında yazır: “Qabili ilk tanıdığım gündən nə qədər cəsur, mərd, vətənpərvər biri olduğuna əmin olmuşdum. Onunla bağlı bir xatirə heç yadımdan çıxmaz. Mən artıq bir ilə yaxın idi ki, postda xidmət edirdim. Adəti üzrə Qabillə Naftalan şəhərindəki görüşlərimizdən birində salam verməmiş sevinə-sevinə birinci onu dedi ki, artıq mən də post zabitiyəm! Əmrim gəlib, posta qalxacam. Postda xidmət etdiyi müddətdə həmişə yaxşı sorağı gəlirdi. Yuxarı komandanlıq tərəfindən sevilirdi, hərbçi yoldaşları arasında, yerli əhali arasında dərin hörmət qazanmışdı. Həmişə düşmənə layiqli cavab verir, postda ayıq-sayıq keşik çəkirdi. Mən dostumla fəxr edirəm. And içmişik ki, Qabilin qanını yerdə qoymayacağıq”.

“Ata olmuşam, özü də oğul atası!”

      Arzularının aşıb-daşan, ümman çağı idi. Yerə-göyə sığmayan sevincinı cəbhə dostları ilə də bölüşmüşdü. Kim bilir, nə xəyallar qurmuşdu. Ömürlük ata həsrətini, atasına arxalanmaq, qüvvətli ata əlini həmişə çiynində hiss etmək istəyini indi bir ata kimi gerçəkləşdirəcəkdi. Atasızlıqdan övladını kişi kimi böyütməklə qisas alacaqdı. Şirin körpə qığıltısını eşitmək, doyunca boyunu süzmək, qurşaq tutub biləyinin gücünü yoxlamaq keçirdi könlündən. Ona danışılası barıt qoxulu, səngər havalı, qanlı-qadalı qəhrəmanlıq nağılları o qədərdi ki… Azad etdiyi torpaqlarda oğlu ilə əl-ələ, çiyin-çiyinə gəzib: “Oğul, Vətən uğrunda nə canlar vermişik! Sən də bu torpağı sev, onu canından əziz bil, qoru!” demək arzusu ilə uçurdu. Amma… Qarşıda düşmən, arxada Vətən vardı! Düşməndən qaçılmaz, Vətəndən keçilməz!

Qabil Orucəliyev Vətən uğrunda ölümü ilə əbədiləşən qəhrəmanlardandır

“Şərəfsiz yaşamaqdansa, şərəfli ölümü üstün tutun!”

     Bu, Qabilin bütün hərbçi yoldaşlarına da təlqin etdiyi yeganə amalı idi. Vaxt olmuşdu təhlükəsiz arxa postlardan birinə dəyişilmək şansını da rədd etmişdi. Onun üçün təlaş, nigarançılıq keçirən doğmalarına əvvəlcə iki barmağını cütləyib: “Bu mənim doğmalarım”, sonra isə yumruğunu düyünləyib ürəyinin başına qoyaraq: “Bu isə Vətəndir! Vətəni biz qorumasaq, kim qoruyacaq?!” – deyərmiş! Və o gün – mübarək Şəhidlik məqamına yüksəlmə anı gəldi!

    Qabilin nəşini gətirmək üçün Tərtər rayonuna gedən əmisi Elmar Orucəliyev komandanlığın, döyüş yoldaşlarının onun haqqında dediklərindən iftixarla, qürurla danışır: “Kəşfiyyat qrupu erməni postunu almaq üçün hücuma keçməyə hazırlaşanda Qabil də könüllü olaraq onlara qoşulmaq istəyir. Gecə hücüm əmri gəlir. Qabil israr və təkidlə: “Əgər mənim postumdan hücüma keçilirsə, mən öndə getməliyəm!” – deyib döyüşə atılır. Komandir geriyə qayıdış əmri versə də, arxadan vurulmamaq üçün söyə-söyə: “Erməni kimdir ki, mən onun qabağından qorxub qaçım!” – deyə biçə-biçə irəliləyir. Qabil, baş leytenant Cavid Dədəkişiyev və müddətdən artıq hərbi xidmətdə olan hərbi qulluqçu Adil Adilzadə 8 nəfər əsgər yoldaşını arxada qoyaraq təxminən 15 km irəliləyirlər. Kəşfiyyatçılar onlara gözləmək tapşırığı versələr də, qayıdanda onları orda görmürlər. Rəhbər, baş leytenant Azad Əliyevin dediklərinə görə, getdikləri erməni postunu darmadağın edirlər, sağdakı erməni postuna özləri girir, çoxlu sayda erməni dığası məhv edirlər. Kəşfiyyatçılardan aralı düşən üçlük sonda düşmən pusqusuna rast gəlir. Təxminən 1-ə qalmış Qabilə hərbçi yoldaşlarından zəng gəlir. Qabil: “Dədədkişiyev yaralanıb və biz deyəsən mühasirədəyik!” – deyir. Sonra ona zəng çatmır. Qabil və yoldaşları şəhid olur… Şəhidlərimiz bu Vətən uğrunda qurban gedibər! Onların qanı yerdə qalmayacaq!” Erməni saytlarının antitəbliğat məqsədilə ən çox paylaşdıqları şəkillərdən birnin Qabilin nəşinin şəkillərinin olmasını, Qabilin nəşinin ən sonda qaytarılmasını, təkcə onun nəşinin əsir düşmüş erməni murdarlarının bir neçəsi (!) ilə əvəzlənməsini isə şərh, izah etməyə lüzüm görmürəm.

“Dünya gücümüzə yaxşı bələddir,
Hələ biçilməmiş əkilənlərik”!

      Bu da bir təsəllidir ki, Qabil özündən sonra Vətəninə, yurduna sahib çıxacaq davamçısı, övladı olduğunu bilərək şəhid oldu. Gözü arxada qalmadı… Bu gün bu evdə mışıl-mışıl uyuyan körpə Qabil atasının general olmaq, oğlunu da hərbçi kimi yetişdirmək istəyni həyata keçirəcək, şəhidin anası Nuriyyə xanımın da dediyi kimi, düşmənə ən böyük göz dağı olacaq: “Qoy düşmən sevinməsin. Bir Qabilim qəhrəmancasına döyüşüb Vətən uğrunda şəhid oldu. Amma mən bu Qabilimi də igid, cəsur, qorxmaz, mərd, vətənpərvər böyüdəcəm. Körpə Qabilim böyüyəndə fəxr edəcək ki, onun atası Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olub”.

      Unutmamalıyıq ki, şəhidlərimiz canlarından əziz Vətənlə yanaşı, ciyərparalarını da bizlərə əmanət qoyub gediblər. Bu əmanətə təkcə dövlət yox, xalq olaraq da sahib çıxmağı bacarmalıyıq. Anası, bacıları Təhminə və Şövkət xanım, yoldaşı Tükəzban xanım, əmisi uşaqları istiqanlı, qayğıkeş, mehriban, mərd, Vətənini sevən Qabildən danışmaqdan doymurlar. Göz yaşlarını qəlblərindəki qisas alovu qurudan bu insanların qüruru qarşısında baş əyməmək əldə deyil …

      Düşmən bilsin!… Bilsin ki, bu gün şəhid balasının tabutunu şərəflə öz çiynində son mənzilə yola salan AZƏRBAYCAN ANASI gün gələcək, şəhid balasından yadigar üçrəngli bayrağı, bir də ciyərparasını başı üzərinə alıb həsrət qaldığımız o torpaqlarda yüyürəcək! Onun qədəmindən, sevinc göz yaşlarından yuyulacaq, paklaşacaq, halallaşacaq bu Vətən torpağı! Onda Vətən göylərində dolaşan nigaran şəhid ruhları biz bu günkü şahidləri də sabahkı qaziliyimizə bağışlayacaq:

O gün gələcək qəm yemə, qəm yemə.
O vaxt dönəcəm mən sənə, mən sənə.
Hələ yad əldədi yurdumuz-yuvamız,
Bitib tükənməyib o qan davamız.
Hay ver mənə, cənab leytenant,
Hay ver mənə, leytenant.
Xoş müjdəli bir savaşdan,
Pay ver mənə, leytenant!

  Mehriban Sultan
Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti,
Azərbaycan Jurnalistlər Birliyinn üzvü,
filologiya üzrə fəlsəfə doktoru
Dia.az

Həmçinin oxuyun

Kürdəmirdə “ASAN xidmət” mərkəzi istifadəyə verildi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 12-də Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılışında iştirak edib. MediAktiv.az …