Bazar ertəsi , Oktyabr 18 2021
Home / Təbiət / Naxçıvanda yeni quş növü aşkar olunub

Naxçıvanda yeni quş növü aşkar olunub

Naxçıvan Muxtar Respublikasının əlverişli təbii-coğrafi şəraiti, yaşayış mühitinin müxtəlifliyi, bölgənin köçəri quşların Avrasiya-Afrika köç yolu üzərində yerləşməsi burada zəngin növmüxtəlifliyinə malik quşlar faunasının formalaşmasına zəmin yaratmışdır. Bu məqsədlə AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən uzun illər bölgə ornitofaunası üzrə xüsusi tədqiqat işləri aparılmış və dəyərli elmi nəticələr əldə edilmişdir.

İnstitut əməkdaşlarından kiçik elmi işçi Hüseyn Rəsulzadə apardığı tədqiqatlar işləri ilə faunamız haqqında bilikləri yeni elmi məlumatlarla zənginləşdirir.  Belə ki, gənc ornitoloq bir neçə gün öncə Araz su anbarının aşağı hissəsinin sol sahil düzənliyində, Araz SES-ə yaxın ərazidə ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası faunası üçün yeni quş növünü – Üçbarmaq qağayını aşkar edib.

Üçbarmaq qağayı Cüllütkimilər dəstəsinin Qağayılar fəsiləsinə mənsubdur.  Ədəbiyyat məlumatlarına əsasən faunamızın yeni sakininin həyatı açıq su hövzələri ilə bağlıdır və Holarktika zoocoğrafi vilayətində geniş yayılmış quşdur. 2018-ci ildə ilk dəfə Azərbaycanda Beşbarmaq Dövlət Təbiət qoruğunda müşahidə edilib. Ortaboylu quş olub digər qağayı növlərindən qara pəncələri və uçuş lələklərinin qara uclarında ağ ləkələrin yoxluğu ilə fərqlənir. Pəncələrdə arxa barmağın yoxluğu əsas təyinedici əlamətdir, onun yerində kiçik qabarıq görünür. Boynunda halqa şəklində qara zolaq vardır. Bədənin rəngi quşun fərdi inkişafı ilə əlaqədar olaraq dəyişilir. Quyruğun sonundakı qara zolaq mərkəzdən kənarlara doğru ensizləşir və quyruqda çökək görünüş təəssüratı yaradır. Quşun qidasını başlıca olaraq kiçik balıqlar, xərçənglər və molyusklar təşkil edir, ovunu suya baş vuraraq əldə edir.

Yeni aşkarlanmış Üçbarmaq qağayının həyat tərzinin bioloji və ekoloji xüsusiyyətlərinin muxtar respublika şəraitində izlənilməsi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, H.Rəsulzadə apardığı tədqiqatlar nəticəsində bu ilin fevral ayında daha bir yeni quş növünü – Bozumtul çalağanı aşkar etmişdir.

Akif Bayramov

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun əməkdaşı,

Biologiya üzrə fəlsəfə doktoru, dosent

Həmçinin oxuyun

“Google” Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə “dudl” həsr edib

Dünyanın aparıcı internet-axtarış saytı olan “Google” oktyabrın 18-də qeyd olunan Azərbaycanın Müstəqilliyinin Bərpası Gününə xüsusi …