Çərşənbə , Avqust 21 2019
Home / Dünya / Göydəki nurun yerdəki əksi

Göydəki nurun yerdəki əksi

    İlin 4 fəslindən hər biri özünəməxsus gözəlliyi, rəngi, insanlara bəxş etdiyi əhvali-ruhiyyə ilə digərlərindən fərqlənir. Lakin fəsillər arasında bir fəsil var ki, təbiətin ən şıltaq olduğu ana təsadüf edir. Bu elə bir fəsildir ki, kainatı bəmbəyaz bir örpəyə bürüyür. Sanki nağıllar, xəyallar aləmindəymişsən kimi ruha qida mənbəyi, qəlbə fərah, xoş hisslər, insana pozitiv enerji bəxş edir. Qış – bu nağıl kimi fəsil bir növ cizgi film mənzərəsini bizə xatırladır. Günlərlə yağan qar adamda xoş emosiya yaradır. Qar aram-aram elə gözəl yağır ki, sanki göydən yerə nur səpələnir. Bu gözəl mənzərənin sükutunu heç pozmaq istəmirsən. Lakin gəzintiyə çıxarkən ayaq altında qalan qarın xışıltısı qulaqlarda səslənən ən gözəl musiqi zümzüməsi kimi insanlarda xoş ovqat yaradır.

    Soyuq qış günlərində havanı azacıqda olsa mülayimləşdirən qar dənəcikləri füsunkar gözəlliyi ilə adamı valeh edir. Dan yeri ağaran vaxt pəncərələrdən qarın yağdığını görəndə neçə yaşda olmağımızı unudub uşaqlar kimi sevinirik. Bir an öncə hər tərəfi ağ qarlar içərisində görmək istəyirik.

    Qar həmdə bizim içimizdəki kiçik bir uşağı ortaya çıxarır. Qar topu oynamaq həvəsini məncə, heç bir hiss əvəz edə bilməz. Hələ qar dənəciklərindən yuvarlanaraq hazırlanmış qardan adamı demirəm. Qar topalarını üst-üstə qoyaraq, kökdən burun, düymələrdən göz, vedrədən papaq taxaraq düzəldilən qardan adam fiquru qış fəslinin ən gözəl nümunəsidir. Qar həmdə bolluq və bərəkət rəmzidir. İnanclara görə qışda nə qədər qar çox yağarsa, həmin il bol ruzili, bol bərəkətli olar.

     Qış axşamlarının ayrı bir ləzzəti var. Astaca yağan qar axşamlar daha valehedici mənzərə yaradır. Belə ki, ağ örpəyin arasından görsənən rəngarəng işıqlar xüsusi bir həzz qaynağıdır. Belə havada gəzintiyə çıxmaq adamın ruhunu dincəldir, stressini azaldır və bir müddətlikdə olsa bütün problemlərini unutdurur. Bəzən psixoloqlar öz xəstələrinə qar terapiyasını da məsləhət görürlər.

    Elə bu xoş ovqatdan, qar mənzərələrindən şairlər, yazıçılar da çox gözəl bəhrələnərək öz əsərlərində istifadə edirlər. Mən yazım üçün axtarış edərkən gözümə bir şer sataşdı.

Hər tərəf bəmbəyaz, göylər pərişan,
Çəmənə qar yağır, çölə qar yağır.
Narahat ürəyin döyüntüsünə,
Sinədə qıvrılan telə qar yağır.

    Sanki bu sözlər mənim qəlbimə toxundu. Görünür bu gözəlliyə şair də səssiz qala bilməyib.

   İndi gəlin qış fəslinin əsrarəngiz möcüzəsi qar haqqında bilmədiklərmizi öyrənək. Yerdə əsrarəngiz görkəm yaradan qar, əslində ağ rəngdə deyil. O, kiçik buz kristallarından yaranmışdır. Bildiyimiz kimi buz da şəffaf rəngdə olur. Qara ağ görünüşü verən isə işıq şüalarıdır. Deyilənlərə görə, heç bir qar dənəciyi bir birinə bənzəmir və onlar yer səthinə yağarkən bir –birinə toxunmur. Sizcə bu, möcüzə deyilmi?! Qar Tanrının bizə bəxş etdiyi ən gözəl təbiət hadisəsidir.

Həmçinin oxuyun

Xəstə olduğunuz zaman başınızı şimal tərəfə qoymayın: Şərq təbabətinin 10 SİRRİ

Şərq təbabətinin sadə qaydaları ömrü uzadır. MEDİAKTİV bu yazıda oxucuları Şərq təbabətinin 10 sadə müalicə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir