Şənbə , İyun 6 2020
Home / Dünya / Maraqlı / BEYİN VƏ KOMPÜTER…

BEYİN VƏ KOMPÜTER…

“İxtisaslaşmış sistemlər qura bilərik, diaqnoz qoya bilən,
şahmat oynayan və ya maqnetik rezonans alətlər yarada bilərik,
amma beş yaşlı uşağın düşüncəsinə ya da bir yarasanın mühərrik
qabiliyyətinə sahib ola bilən bir şey yaratmaq
mümkün deyildir”… Skot E. Falman

Kompüterlərin həyatımıza daxil olması ilə birlikdə, önəmli bir sual çoxumuzun zehnini məşğul etməyə başladı:
“Kompüter beyni əvəz edə bilərmi?” ya da ümumiyyətlə, düşünməkdən çəkindiyimiz başqa bir ifadə tərziylə:” “Kompüterin idarə etdiyi robotlar insanların yerini tuta bilərmi?”
Məşhur fizik və tanınmış yazıçı İsaak Asimov bu suala, kompüterlərin insan beynini əvəz etməyəcəyini qəti şəkildə söyləməklə cavab verir: “Robotların hakim olduğu planetlər haqqında yazılan kitablar bu mübahisələri qızışdırmaqla birlikdə, ortada aydın bir həqiqət var: insan oğluna Yaradıcı tərəfindən bəxş edilən bu heyrətamiz orqan, eynilə təqlid edilməsə də elm adamlarının ondan öyrənib tətbiq edə biləcəyi çox şey var.” Fizika, kompüter və sinir mütəxəssisləri beynin dərinliklərindəki sirləri araşdırır və faydalı nəticələr əldə etmək üçün modelləmə işləri aparırlar.
Beyin çox mürəkkəb quruluşa malik bir orqandır və bu xüsusiyyəti ilə çox kompleks bir model təşkil edir. Sinir sistemi və informasiyanın ötürülməsi məlumat işləmə professor Kristof Koç: “Quruluşu etibarı ilə beyin və kompüter tamamilə fərqlidir”, – deyir. Beyin sinir impulslarının ötürülməsini və daxili xəbərləşməni kimyəvi maddələr vasitəsilə həyata keçirir və çox dəyişkən bir xüsusiyyət göstərir. Bir neyronu (sinir hüceyrəsi) bu an və iki həftə sonra tədqiq edərkən çox fərqli nəticələr alacağımız yəqindir. Hüceyrənin sıxlığı daimi olaraq dəyişkənliyə uğrayır.
Beynin ən mühüm xüsusiyyəti onun kompleks quruluşudur. Beyni əmələ gətirən milyardlarla hüceyrənin hər biri, başqa minlərlə hüceyrəyə bağlıdır. Tək bircə purkinye hüceyrəsi (yüksək səviyyəli sinir hüceyrəsi tipi) siqnal ötürən 90 000-ə yaxın sinapsa malikdir. Xatırlama, görmə, eşitmə və düşünmə əsnasında beynimiz minlərcə əməliyyatı paralel olaraq yerinə yetirir.
Bu quruluş beyinə böyük bir elastiklik və özünübərpa qabiliyyəti verir. Məsələn, içki içən bir adam bir dəfəyə təqribən yüz min beyin hüceyrəsinin ölümünə səbəb olur, fəqət sadəcə baş ağrısı hiss edir.
Kompüter isə gördüyü işi pillə-pillə çox sürətlə həyata keçirir. Lakin bir problemin həlli üçün lazım olan pillələrdən sadəcə biri əskik olarsa, dünyanın ən sürətli kompüterinin çipləri belə çarəsiz qalır. Əməliyyatları bir-birinin ardınca həyata keçirmək prinsipi ilk dəfə riyaziyyatçı Von Neyman tərəfindən işlədilmiş və kompüter texnologiyasında böyük inkişafa səbəb olmuşdur. Fəqət çox təəssüflər olsun ki, kompüterlərin əl-qolunu bağlayan ən önəmli faktor elə budur.
Bunu aydınlaşdırmaq üçün belə bir misal göstərək. Fərz edək ki, minlərlə maşınımız var. Əgər onların hamısını bir tuneldən keçirmək məcburiyyətindəsinizsə və sizin bu tunelə sığmayacaq böyük bir yük maşınınız varsa, maşınların nə qədər sürətli olmasının heç bir əhəmiyyəti yoxdur, onsuz da tuneldə sıxışıb qalacaqsınız. Beyindəki şəbəkələr isə yan-yana minlərlə tunelə sahibmiş kimi çalışır. Bu cür nizamla yayılmış və geniş miqyasda paralel əməliyyat həyata keçirmək prinsipi kompüterlərə tətbiq oluna bilsə, kompüterlərin inkişafında böyük bir sıçrayış ola bilər.
Kompüterləri məhdudlaşdıran faktorlardan biri də əməliyyat elementlərinin fiziki ölçüləridir. Daha sürətli çiplər yarada bilmək üçün elementlərin və bunların arasındakı ötürücü yolların mümkün qədər kiçildilməsi lazım gəlirdi. Lakin müəyyən bir nöqtədən sonra sürət və təhlükəsizlik arasında bir seçim etmək qaçılmazdır.
Son dövrlərdə insan beynini xatırladan kompüter çipi yaradılmışdır. Alimlər tərəfindən işlənib hazırlanmış çip insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilər.
Ənənəvi kompüter ayrıca yaddaş və prosessor modullarına malikdir, bununla əlaqədar olaraq bütün məlumatlar həmin modullar arasında ötürülməlidir. İnsan beyni bu cəhətdən, hətta ən müasir kompüterləri geridə qoyur, çünki o, informasiyanı bir yerdə (neyronlar arasında birləşmələrdə və ya sinapslarda) emal edir və saxlayır. Almaniya və Böyük Britaniyadan olan alimlərdən ibarət beynəlxalq komanda insan beynini xatırladan kompüterlərin yaradılmasının əsasını təşkil edə bilən aparat təminatı yaratmağa müvəffəq olub. Alimlər işıqla işləyən, neyron və onların sinapslarının davranışını təqlid edən süni neyron şəbəkəsindən ibarət çip istehsal etməyə nail olublar.
Kompüterlərlə beyin arasındakı bu bənzətmə çalışmalarının haraya qədər gedəcəyini və harada bitəcəyini Duqlas R. Hafstadler belə izah edir: “Proqram təminatı ilə təchiz olma (proqram) və beyin-kompüter analogiyasını qəbul etdiyimiz anda beynin quruluşunu modelləmə və ya təqlid etmənin mümkün olduğu nəticəsi ortaya çıxır. Lakin bunu da demək məcburiyyətindəyik ki, zəka deyilən şey, düşünməni, hissi cavab verməyi, gözəlliyi tanımağı, özünü, hiss etmə xüsusiyyətini əhatə edir. Bu da mümkün olmadığına görə…”
Onunla eyni fikirdə olan tədqiqatçı Skot E. Falman da belə demişdir: “İxtisaslaşmış sistemlər qura bilərik, diaqnoz qoya bilən, şahmat oynayan və ya maqnetik rezonans alətlər yarada bilərik, amma beş yaşlı uşağın düşüncəsinə, ya da bir yarasanın mühərrik qabiliyyətinə sahib ola bilən bir şey yaratmağımız mümkün deyildir”.
Müəyyən bir nöqteyi-nəzərdən baxsaq, kompüterlər tamamilə məntiqi bir vasitədir. Gördükləri iş sadəcə müəyyən bir yerdə müəyyən bir şərtin təmin edilib-edilmədiyinə nəzarət etməkdir. Başqa sözlə, lazım olduğu kimi istehsal edilmiş bir kompüter xəta etməyəcəkdir. Halbu ki, praktikada məsuliyyətlərini anlayan kompüter mütəxəssisləri xalqa, kompüterlərin xəta etməsinin qaçılmaz olduğu barədə xəbərdarlıq edirlər. Kompüterlər sadəcə müəyyən bilik və şərtlər topluluğu üçün proqramlanmışdır. Həyatda qarşılaşdığımız məlumat və metodların mürəkkəbliyi, çoxunun da nizamdan məhrum olmaları, bunları dəyərləndirəcək proqramların çox kompleks olmasını tələb edir. Bu proqramların təməlində “əgər-isə” məntiqi dayanır. Bütün fərziyyələr müəyyən bir məlumat kombinasiyaları üçün planlaşdırılmışdır və digər kombinasiyaları nəzərə almazlar. Bu şəraitdə hər bir maşın günlərin birində proqramlanmadığı bir vəziyyətlə qarşılaşmağa məhkumdur və bu vəziyyətdə onun nə edəcəyi məlum deyildir.
Hər gün bir-birindən müxtəlif səviyyələrdə fərqliliklər göstərən vəziyyətlə üzbəüz qalan insan beyni isə, sahib olduğu adaptasiya qabiliyyəti ilə bu vəziyyətə uyğun çıxış yolu tapır…

Lamiyə Quliyeva
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi
Kəmalə İbrahimova
Naxçıvan Müəllimlər İnstitutunun baş müəllimi

Həmçinin oxuyun

Üzüm qabığının bu faydasını bilirdinizmi?

İsveçrə alimləri aşkar ediblər ki, üzüm qabığının tərkibində olan “resveratrol” adlı güclü təbii antibiotik ən …