Bazar , Oktyabr 25 2020
Home / Dünya / Maraqlı / Dərdlərə dərman – Camış südü

Dərdlərə dərman – Camış südü

Camışçılıq təsərrüfatı Azərbaycanda, həmçinin Naxçıvan Muxtar Respublikasında geniş yayılmışdır. Bu təsərrüfat sahəsi əhalinin ərzaq məhsulları ilə təmin olunmasında hər zaman mühüm rol oynamışdır. Camışlar keyfiyyətli yemə az tələbkardır. Bu heyvanlar ən keyfiyyətsiz yemləri belə yeyirlər. El arasında “Camışa qamış ver, ət və süd al” kəlamı əbəs yerə yaranmamışdır. Camışın mədə-bağırsaq sistemi yaxşı inkişaf etdiyinə görə qaba yemləri yaxşı həzm edir, hətta qüvvəli yemlərin çatışmadığı vaxtlarda da qaba yemlərin hesabına məhsulvermə potensialını saxlayır. Buna görə də təsərrüfat sahibləri həmişə camışın qədrini bilmiş, onu qoruyub saxlamış, bu sahəni daim inkişaf etdirmişlər. Təzə camış südü çox ləziz olur. Camışlar inəklərə nisbətən az süd verirlər. Sağmal camışlardan gündə 3-4 litr süd sağılır. Muxtar respublikamızda camış südündən yerli əhalinin çox sevdiyi əla keyfiyyətli qatıq və süzmə, əvəzsiz qaymaq, ayranından isə dadlı şor alınır. Camış qatığı inək və qoyun qatığından qatı, dadlı, yağlı və qiymətlidir. Qaramaldan fərqli olaraq camış südünün tərkibində yağ faizi çox yüksək, orta hesabla 8-12 faiz arasında olur. Camış südündə yağ faizi sağım dövrünün 3-cü ayından başlayaraq daha da yüksəlir. Azərbaycanda camış südünün standart yağlılığı orta hesabla 6-7, inək südü isə 3,5-4,5 faiz qəbul edilmişdir. Çox nadir hallarda olsa da, bəzi təsərrüfatlarda südündə yağ faizi daha çox olan camışlara da təsadüf olunur. İnək südünün 22-24 litrindən 1 kiloqram yağ alındığı halda, bu qədər yağı 11-12 litr camış südündən əldə etmək mümkündür. Camışlar 300 günlük sağım dövründə, yemləmə və saxlama şəraitindən asılı olaraq, 700-1500 litr və daha çox süd verirlər. Azərbaycanda müasir şəraitdə saxlanılan camışların hətta 2000-3000 litr süd verməyə qabil olduqları da müəyyən edilmişdir. Təcrübə göstərir ki, camışlar istədikləri qədər su içdikdə süd məhsulunu ilk gündən 8- 10 faiz artırırlar. Camış südündən həm də keyfiyyətli pendir alınır. Camış südündə yağın miqdarı çox olduğuna görə pendir emalında əvvəlcə südün üzü alınaraq az yağlı, (3 faizli) normal hala gətirilir. Beləliklə, camış südündən həm yağ, həm də normal yağlılığı olan pendir hazırlanır ki, bu da son dərəcə mənfəətlidir. Gündə bir stəkan camış südü içmək insan orqanizminin ehtiyacı olan qidanın böyük bir hissəsini ödəyir. Vitamin və zülal anbarı sayılan camış südündə yağ nisbəti çox olsa da, xolesterin səviyyəsi digər südlərə görə azdır. Bu da xərçəng və ürək-damar xəstəliklərinə qarşı faydalıdır. B12 vitamini olduqca yüksək olan camış qatığı həmçinin mineral maddələrlə, dəmir, kalsium və fosforla da zəngindir. Camış südündən hazırlanan qatığın tərkibində olan A və E vitaminləri orqanizmə kənardan daxil olan bakteriya və viruslara qarşı mübarizə apardığından onu təbii antibiotik kimi də qiymətləndirmək olar. Camış südündən və qatığından keyfiyyətli yağ istehsal olunur. Yerli üsulla, yəni nehrə çalxalamaqla hər 100 litr camış südündən orta hesabla 20,2 kiloqram şor alınır. Bu, camış südünün tərkibində olan quru maddənin miqdarı ilə əlaqədardır. Camışların orta sağım dövrü, inəklərdən fərqli olaraq, 8 aydan çox çəkir. Lakin mart-aprel aylarında doğan camışlarda sağım dövrü 10 ay davam edir. 8- 9 yaşdan sonra qocalma ilə əlaqədar camışlarda süd məhsuldarlığı azalır. Muxtar respublikamızda heyvandarlığın bu sahəsinin inkişaf etdirilməsi üçün süni mayalanma işi uğurla həyata keçirilməkdədir. Camış cinslərinin süd məhsuldarlığını yüksəltmək və diri çəkisini artırmaq məqsədilə muxtar respublikamızda səyyari süni mayalama xidmətini həyata keçirən texniklərimiz tərəfindən “Murrah” cinsli törədici kəl toxumlarından istifadə edilir. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, bu yolla alınan mələzlərin süd məhsuldarlığı 20-30 faiz, diri çəkisi isə 10- 15 faiz yüksək olur. Avropa ölkələri, beynəlxalq təşkilatlar və yüksək səviyyəli elmi dairələr camışçılığın dünyada inkişafına, camış məhsulları istehsalının artırılmasına böyük önəm verirlər. Alimlər etiraf edirlər ki, xəstəliklərə dözümlü olduqlarına, saxlanma və yemləmə şəraitinə az tələbkar olduqlarına görə heyvandarlığın gələcək inkişafı camışçılıqdan asılı olacaqdır.

Elnur ƏLİYEV

Həmçinin oxuyun

Yaponiya Ayda zavod tikəcək

Yaponiya Ayda yanacaq zavodunun tikintisini planlaşdırır. MediAktiv.az xəbər verir ki, bu barədə “Kyodo” agentliyi bildirib. …