Çərşənbə , Noyabr 25 2020
Home / Dünya / Siyasət / Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı

Azərbaycan XİN Ermənistanın Bərdəyə raket hücumu ilə bağlı məlumat yaydı

Oktyabrın 27-də Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın Bərdə rayonuna “Smerç” yaylım atəşli reaktiv sistemdən atılan raket atəşləri nəticəsində 4 nəfər mülki şəxs, o cümlədən azyaşlı uşaq həyatını itirib və aralarında uşaqlar və qadınlar olmaqla 13 nəfər ciddi xəsarət alıb.

Xarici İşlər Nazirliyindən (XİN) MediAktiv.az-a verilən məlumata görə, bu, son günlər ərzində beynəlxalq vasitəçilərin davamlı səyləri ilə üçüncü dəfə razılaşdırılmış humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistanın beynəlxalq humanitar hüquq öhdəliklərini heçə sayaraq törətdiyi növbəti müharibə cinayətidir.

İki ölkənin Xarici İşlər nazirlərinin Cenevrədə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə keçirəcəyi görüşü ərəfəsində Ermənistan silahlı qüvvələri tərəfindən növbəti qanlı cinayətin törədilməsi, təcavüzkar Ermənistanın münaqişənin siyasi həllində maraqlı olmadığının və hər vəchlə danışıqlara maneə törətmək məqsədi güddüyünün bariz göstəricisidir.

Azərbaycanın dinc əhalisinə qarşı insanlıq əleyhinə cinayətin törədilməsinə görə Ermənistanın siyasi-hərbi rəhbərliyi tam məsuliyyət daşıyır. Cinayətkarların ədalət məhkəməsi qarşısında cavab verməsini təmin etmək üçün beynəlxalq ictimaiyyəti qəti mövqe sərgiləməyə çağırırıq.

Həmçinin oxuyun

İşğaldan azad olunmuş Kəlbəcərə doğru irəliləyən bölmələrimizin videogörüntüsü

Müdafiə Nazirliyi işğaldan azad olunmuş Kəlbəcər rayonuna doğru irəliləyən bölmələrimizin videogörüntüsünü yayıb. MediAktiv.az həmin görüntünü təqdim …