Bazar , Sentyabr 26 2021
Home / Dünya / Siyasət / Malayziyanın dövlət informasiya agentliyi: Azərbaycan beynəlxalq səviyyədə böyük dəstək qazanır

Malayziyanın dövlət informasiya agentliyi: Azərbaycan beynəlxalq səviyyədə böyük dəstək qazanır

Malayziyanın dövlət informasiya agentliyi BERNAMA Ermənistanın Azərbaycana qarşı apardığı hərbi təcavüzkarlığı fonunda məqalə dərc edib.

MediAktiv.az xəbər verir ki, Azərbaycanın Malayziyadakı səfirliyindən verilən məlumata görə, noyabrın 3-də yayılmış məqalədə hazırda Ermənistan və Azərbaycan arasında müharibə getdiyi qeyd olunaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qətiyyətli siyasi mövqeyini əks etdirən vacib məqamlara yer verilib. Bu səpkidə, dövlət başçımızın noyabrın 2-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibi Bağdad Amreyev və Türkiyə, Özbəkistan və Qırğızıstanın ticarət və sənaye palatalarının rəhbərləri ilə keçirdiyi görüşdə səsləndirdiyi fikirlər malayziyalı oxuculara çatdırılıb.

Qeyd olunub ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzkarlığı müqabilində Azərbaycan dünya miqyasında çox böyük dəstək almışdır. Bu səpkidə, 120 ölkəni özündə birləşdirən və BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatı, eləcə də İslam Əməkdaşlıq Təşkilatı Azərbaycana dəstək nümayiş etdirmişdir. Həmçinin Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası tərəfindən də Azərbaycana dəstək göstərildiyi, bu məqsədlə önəmli məqamları özündə əks etdirən bəyanatın qəbul edildiyi bildirilib.

Eyni zamanda, məqalədə Azərbaycan Prezidentinə istinad edilərək, Ermənistan-Azərbaycan müharibəsinin artıq bir aydan çox müddətdən bəri davam etdiyi, bu dövr ərzində Azərbaycanın işğal altında olan bir çox yaşayış məntəqəsinin düşməndən azad olunduğu vurğulanıb. Prezident İlham Əliyevin nitqindən aşağıdakı sitata yer verilib: “Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq. Artıq bir çox yaşayış məntəqəsi işğaldan azad edilibdir. Hər həftə onlarla yeni yaşayış məntəqəsi – şəhərlər, kəndlər, qəsəbələr işğalçılardan azad edilir və Müzəffər Azərbaycan Ordusu öz uğurlu əməliyyatlarını davam etdirir”.

Məqalənin sonunda Ermənistan-Azərbaycan münaqişəsinin qısa tarixçəsi barədə məlumat verilərək, işğal altındakı Dağlıq Qarabağ və ətraf rayonların beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tərkib hissəsi kimi tanındığı vurğulanıb.
https://www.bernama.com/en/world/news.php?id=1896576

Həmçinin oxuyun

Tehranda Azərbaycan, Türkiyə və İran XİN başçılarının görüşü keçiriləcək

Nyu-Yorkda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian arasında görüş keçirilib. MEDIAKTIV.AZ xəbər verir …