Cümə , Sentyabr 18 2020
Home / Manşet / Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib – FOTO

Naxçıvanda payız-qış mövsümünə hazırlıqla bağlı müşavirə keçirilib – FOTO

MediAktiv.az NAXCİVANXEBERLERİ.COM-a istinadən xəbər verir ki, avqustun 12-də Naxçıvan Muxtar Respublikasında 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar müşavirə keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirəni açaraq deyib ki, hər il muxtar respublikada payız-qış mövsümünə hazırlıq məsələləri diqqətdə saxlanılır, müşavirə keçirilərək aid qurumlara müvafiq tapşırıqlar verilir. Müəssisə və təşkilatların qışa hazırlığı, müşahidə olunan problemlərin aradan qaldırılması mövsümü uğurla başa vurmağa, əhalinin qış aylarında rahatlığının təmin olunmasına imkan verir. Qış mövsümünə hazırlıqla bağlı muxtar respublikada elektrik enerjisi, təbii qaz, içməli su və istilik təminatı sahələrində müvafiq işlər görülür. Enerji təhlükəsizliyinin təmin olunması inkişaf deməkdir. Muxtar respublikada enerji təhlükəsizliyi tam təmin olunmuş, bu ilin ötən dövründə Kəngərli rayonunda 3 meqavatlıq Günəş Elektrik Stansiyası istifadəyə verilib, Tivi Su Elektrik Stansiyasının təməli qoyulub. Şərurda da 5 meqavatlıq Günəş Elektrik Stansiyasının qurulması nəzərdə tutulub. Eyni zamanda təbii qaz təchizatının yaxşılaşdırılması məqsədilə İğdır-Naxçıvan qaz xətti çəkiləcək.

Müşavirədə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Naxçıvan Muxtar Respublikası Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov payız-qış mövsümünə hazırlıqla əlaqədar çıxış ediblər.

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar naziri Şamı Abdullayev, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səhət Həbibbəyli və Naxçıvan Muxtar Respublikası baş nazirinin birinci müavini Elşad Əliyev aidiyyəti üzrə məlumat veriblər.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edərək deyib: Ulu öndərin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin qayğısı ilə muxtar respublikada ümumi inkişafın əsas göstəriciləri olan əhali rifahı, ərzaq, enerji və müdafiə təhlükəsizliyi tam təmin olunmuşdur. İstilik sistemlərinin yenilənməsi, yaşayış məntəqələrində aparılan quruculuq işləri, müasir təhsil, səhiyyə və nəqliyyat infrastrukturunun yaradılması, çəkilən yeni yollar və mövcud şərait payız-qış mövsümündə müşahidə olunan problemləri aradan qaldırıb. Muxtar respublikada elektrik enerjisinə və qaza olan gündəlik tələbat tam ödənilir. Lakin muxtar respublikada məskunlaşmanın ilbəil artması, yeni yaşayış məhəllələrinin salınması, sənaye və digər enerji tutumlu müəssisələrin istifadəyə verilməsi elektrik enerjisinə və təbii qaza olan tələbatı da ilbəil artırır. Bu gün muxtar respublikada alternativ və bərpa olunan enerji mənbələri ümumi tələbatın 70 faizindən çoxunu ödəyir. Ordubad və Tivi su elektrik stansiyaları istifadəyə verildikdən sonra isə enerji tələbatı tamamilə bərpa olunan enerji mənbələri hesabına ödəniləcəkdir. Qaza artan tələbat isə İqdır-Naxçıvan qaz kəmərinin tikintisi başa çatandan sonra təmin ediləcəkdir. Hər il payız-qış mövsümünə hazırlıqla bağlı müşavirənin keçirilməsi, xüsusilə qabaqlayıcı tədbirlərin görülməsi də əhali rahatlığının təmin olunmasına xidmət edir. Ona görə də 2020-2021-ci illərin payız-qış mövsümünə hazırlıq məsələsi diqqətdə saxlanılmalı, aid strukturlar tərəfindən zəruri tədbirlər görülməlidir.

Ali Məclisin Sədri deyib: Dövlət Energetika Xidməti istehlakçıları payız-qış mövsümündə fasiləsiz elektrik enerjisi ilə təmin etmək üçün istifadəyə yararsız avadanlıq və xətlərin yeniləri ilə əvəz olunması işlərini davam etdirməli, mövsümi hazırlıqla bağlı zəruri ehtiyat yaradılmalıdır. Həmçinin enerji israfçılığının qarşısı alınmalı, texniki itki minimuma endirilməlidir. Noyabr ayından etibarən qəza-bərpa briqadaları təşkil olunmalı, işçilərə qış mövsümünə uyğun xüsusi geyimlər verilməli, Ordubad və Tivi su elektrik stansiyalarının tikintisi, eləcə də smart-kart tipli sayğacların quraşdırılması mövsüm şərtlərinə uyğun davam etdirilməlidir.

Qeyd olunub ki, Qaz İstismar Xidməti qış mövsümündə təbii qazın nəqli ilə əlaqədar hazırlıq işlərini vaxtında başa çatdırmalı, xətlərdə təzyiq tələbata uyğun tənzimlənməli, meydana çıxan texniki itki normaları minimal həddə saxlanılmalıdır. Təbii qazın dəyəri istehlakçılar tərəfindən tam ödənilməli, qanunsuz istifadə hallarına nəzarət gücləndirilməli, qaz çəkilişi ilə bağlı müraciətlər dərhal həll edilməlidir. Qaz təsərrüfatında, xüsusilə qəza xidmətində çalışanlar peşə kurslarına cəlb edilməli, işçilər mövsümi geyim və avadanlıqlarla təmin olunmalıdırlar. Cari il noyabr ayının 1-dək qış mövsümünə hazırlıq işləri başa çatdırılmalıdır. Şəhər və rayon icra hakimiyyətləri bu dövrdə bütün yaşayış məntəqələrində hazırlıq işləri görməli, istilik təsərrüfatlarında çatışmazlıqları aradan qaldırmalı, qazanxanaların təbii qazla yanaşı, mazut və dizel yanacağı ilə də işləyə bilməsi təmin edilməli, qənaət rejimində fəaliyyətinə nəzarət olunmalıdır. Eyni zamanda ictimai yaşayış binalarında mövsümə uyğun tədbirlər görülməli, kommunal xidmət texnikaları saz vəziyyətə gətirilməlidir. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə içməli su və kanalizasiya sistemlərinin qışa hazırlıq vəziyyətini yoxlamalı, payız suvarma mövsümü bitdikdən sonra hidrotexniki qurğular növbəti ilə hazırlanmalı, su bəndləri vaxtında bağlanmalı və anbarlarda su ehtiyatı yaradılmalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublikada az sayda müəssisə və təşkilatın qızdırılmasında maye qaz və neft məhsullarından istifadə olunur. Həmin müəssisə və təşkilatların fəaliyyətinin qış mövsümündə fasiləsizliyini təmin etmək məqsədilə Neft və Qaz Məhsulları Təminatı Müəssisəsi tələb olunan maye qaz və neft məhsullarının tədarükünü aparmalıdır. Təhsil Nazirliyi tədris prosesi başladığı dövrdən etibarən ümumtəhsil məktəblərində əsas diqqəti dərslərin davamlılığına, eləcə də mövcud vəziyyətə uyğun olaraq müəllim və şagirdlərin sağlamlığının qorunmasına yönəltməli, qazanxanalar işlək vəziyyətə gətirilməli, peşə kursu keçmiş və sertifikat almış ocaqçılar işə götürülməlidir. Səhiyyə Nazirliyi tələbata uyğun dərman preparatları və tibbi avadanlıqlarla təminatı davam etdirməlidir. Səhiyyə maarifinə diqqət artırılmalı, əhali mövsümi xəstəliklərlə bağlı məlumatlandırılmalı, gigiyena və epidemiologiya mərkəzləri tərəfindən qrafikə uyğun dezinfeksiya işləri aparılmalıdır. Muxtar respublikanın mədəniyyət və idman müəssisələrinin davamlı fəaliyyəti diqqətdə saxlanmalı, Mədəniyyət, Gənclər və İdman nazirlikləri tərəfindən hazırlıq işləri görülməli, çatışmazlıqlar vaxtında aradan qaldırılmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsi inzibati binalara, sosial obyektlərə və məktəb binalarına baxış keçirməli, ehtiyac olan təmir işləri müəyyənləşdirilməli və noyabrın 1-nə qədər başa çatdırılmalıdır.

Müşavirədə tapşırılıb ki, Dövlət Nəqliyyat Xidməti qış aylarında sərnişindaşıma xidmətinin davamlı həyata keçirilməsinə nail olmalı, nəqliyyat vasitələri mütəmadi texniki baxışdan keçirilməli, yaşayış məntəqələri arasında hərəkət qrafik üzrə tənzimlənməlidir. Avtomobil Yolları Dövlət Agentliyi avtomobil yollarında tələb olunan təmir-tikinti işlərini aparmalı, qartəmizləyən texnikaların işlək vəziyyətdə olmasını təmin etməli, qum ehtiyatı tədarük olunmalıdır. Naxçıvan Beynəlxalq Hava Limanı qış aylarında uçuşların təhlükəsizliyi ilə bağlı işləri nəzarətdə saxlamalı, maşın-mexanizmlərin, elektrik və işıqlandırma sistemlərinin, rabitə qurğularının texniki cəhətdən sazlığını yoxlamalı, tələbata uyğun yanacaq və material ehtiyatı yaratmalıdır. “Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyəti vaqon və lokomotivləri mövsümə uyğun saz vəziyyətə gətirməli, istilik sistemləri yoxlanılmalı, yol təsərrüfatının saxlanmasına, material ehtiyatının yaradılmasına diqqət artırılmalıdır. Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri mövsümi qazanxana işçilərini əvvəlcədən təlimatlandırmalı, bütün ocaqçılar müvafiq kurslara cəlb olunmalı, yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülməli, dezinfeksiya işləri davam etdirilməlidir. Fövqəladə Hallar Nazirliyi, Dövlət Gömrük Komitəsi, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti standartın tələblərinə cavab verməyən və sənaye üsulu ilə hazırlanmayan elektrik və qaz məişət cihazlarının muxtar respublikaya idxalının, satışının və istismarının qarşısını almalıdır. Fövqəladə Hallar Nazirliyi yaşayış məntəqələrində təbii qazdan təhlükəsiz istifadə ilə bağlı işlər görməli, xüsusi təhlükəli obyektlərdə reydlər keçirilməlidir.

Muxtar respublikada dövlət ehtiyatlarının yaradılması ilə bağlı aidiyyəti üzrə tapşırıqlar verən Ali Məclisin Sədri deyib ki, İqtisadiyyat Nazirliyi bazarın vəziyyətini təhlil etməli, mövsümə uyğun əsas ərzaq məhsullarına olan tələbatı müəyyənləşdirməli, kənd təsərrüfatı məhsulları soyuducu anbarlara tədarük olunmalı və ehtiyat yaradılmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan bərpa müəssisələrinin, eləcə də Ahıllar Evinin qış mövsümünə hazırlığı ilə bağlı müvafiq tədbirlər görməlidir. Sosial könüllülüklə bağlı layihələr və hərbi hissələr üçün yun corabların toxunması işi davam etdirilməlidir. Rabitə və Yeni Texnologiyalar Nazirliyi yaşayış məntəqələrində sakinlərə kəsintisiz rabitə və internet xidmətlərinin göstərilməsinə diqqəti artırmalı, mal-material ehtiyatı yaradılmalı, “Naxçıvanpoçt” publik hüquqi şəxsi tərəfindən fasiləsiz poçt xidmətləri göstərilməlidir. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti cəzaçəkmə müəssisələrinin istiliklə təmin olunmasını, məhkumların isti geyim və ərzaqla təchizatını diqqətdə saxlamalıdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisindəki hərbi hissələrdə qış mövsümü üçün tələb olunan ehtiyatların, eləcə də sərhəd zonalarındakı hərbi hissələrin yanacaq və ərzaq təchizatı vaxtında başa çatdırılmalıdır. Əlahiddə Ümumqoşun Ordu Naxçıvan Qarnizonu üzrə qışa hazırlığın yekun vəziyyəti barədə Ali Məclisə məlumat verməlidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi payız aylarında yeni yaşıllıqların salınması ilə bağlı hazırlıqlar görməli, qurumuş ağaclar kəsilərək hərbi hissələrə və odun kömürü müəssisəsinə verilməli, qış mövsümündə muxtar respublika faunasının qorunması üçün müvafiq tədbirlər görülməlidir. Kənd Təsərrüfatı Nazirliyi və Dövlət Baytarlıq Xidməti heyvandarlıq, quşçuluq və arıçılıq təsərrüfatlarının qışlamaya hazırlanmasını diqqətdə saxlamalı, təsərrüfatlarda maarifləndirici görüşlər keçirilməli, mövsümə uyğun baytarlıq nəzarəti tədbirləri davam etdirilməlidir. Maliyyə Nazirliyi dövlət müəssisələrində enerji daşıyıcılarından istifadə zamanı limitə və borc qalığının yaranmamasına nəzarət etməli, payız-qış mövsümünə hazırlıqla bağlı tələb olunan mal-materialın alınması üçün lazım olan vəsaiti ayırmalıdır.

Ali Məclisin Sədri deyib: Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti istilik sistemi olmayan müəssisələr üçün tələb olunan yanacağın və digər mal-materialın bölgüsünü təsdiq etməli, istilik sistemlərindən istifadə limiti müəyyənləşdirilməli, payız-qış mövsümünə hazırlıqla bağlı aid mərkəzi və yerli icra hakimiyyəti orqanlarında müzakirələr aparılmalı, görülən işlər barədə cari ilin oktyabr ayının sonunadək Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə məlumat verməlidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı payız-qış mövsümünə hazırlıqla bağlı verilən tapşırıqların icrasını diqqətdə saxlamalı, mövsüm ərzində bu məsələ ilə bağlı daxil olan müraciətlər, eləcə də ərizə və şikayətlər dərhal araşdırılmalı və aidiyyəti üzrə məlumat verilməli, problemlər qısa müddətdə aradan qaldırılmalıdır.  

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin icrasında müşavirə iştirakçılarına uğurlar arzulayıb.

Həmçinin oxuyun

“Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyəti üçün müasir iş şəraiti yaradılıb – FOTOLAR

Ölkə Prezidenti cənab İlham Əliyev informasiya texnologiyalarının əhəmiyyətini qeyd edərək deyib: “Bu gün müasir texnologiyalar …