Cümə , Aprel 16 2021
Home / Dünya / Siyasət / Naxçıvanla tanışlıq qonaqlarda xoş təəssürat yaradıb

Naxçıvanla tanışlıq qonaqlarda xoş təəssürat yaradıb

Xəbər verdiyimiz kimi, fevralın 18-də İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına rəsmi səfərə gəlib. Səfər proqramı çərçivəsində qonaqlar Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində olublar.

Möminə xatın türbəsi ilə tanışlıq zamanı bildirilib ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi, Şərq memarlığı incilərindən biri olan bu türbə 1186-cı ildə tikilib. İslam memarlığında ən uca və incə kompozisiyalı türbələrdən olan Möminə xatın türbəsi yeraltı, yəni sərdabə və yerüstü hissələrdən ibarətdir. Xalqın yaddaşında zaman-zaman “Atabəy günbəzi” adı ilə qalan abidənin baş tağında kufi xətti ilə bu sözlər yazılıb: “Biz gedirik, ancaq qalır ruzigar. Biz ölürük, əsər qalır yadigar”.
Kompleksdəki “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2010-cu il 23 oktyabr tarixli Sərəncamı ilə yaradılıb, Ali Məclis Sədrinin 2015-ci il 2 fevral tarixli Sərəncamına əsasən bu mədəniyyət müəssisələri artıq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyətini davam etdirir. Qeyd olunub ki, muzeyin yerləşdiyi bina XVIII əsrə aid tarixi-memarlıq abidəsidir. Bina 1760-cı illərdə Naxçıvan xanı Ehsan xanın atası Kalbalı xan Kəngərli tərəfindən tikdirilib. Şərq memarlığı üslubunda tikilmiş abidə XVIII əsrin ortalarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlarının yaşayış yeri olub, həmçinin xanlığın siyasi iqamətgahı funksiyasını yerinə yetirib. Hazırda 9 ekspozisiya zalından ibarət olan muzeydə Naxçıvan xanlığı, Kəngərlilər sülaləsi, bu sülalənin tanınmış nümayəndələri haqqında yazılı materiallar, çap əsərləri, fotoşəkillər, xatirə əşyaları sərgilənir.
Həmin gün Culfa rayonuna səfər edən İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnouri və onun başçılıq etdiyi heyət Culfa Dəmiryol Stansiyasının inzibati binası ilə tanış olub. Burada qonaqlara dəmiryol stansiyasının infrastrukturu haqqında məlumat verilib, Azərbaycan, Rusiya və İran İslam Respublikası ilə əlaqələrdə əhəmiyyətindən bəhs edilib.
Sonra qonaqlar Araz çayı üzərindən keçən Culfa-Culfa dəmiryol xəttinə baxıb, Culfa Gömrük İdarəsinin fəaliyyəti ilə tanış olub.
İran İslam Respublikasının İslami Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctəba Zonnourinin başçılıq etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri həmin gün başa çatıb.
Qeyd edək ki, qonağı səfər zamanı İran İslam Respublikası İslami Şura Məclisinin deputatları Əli Əlizadə, Mahmud Abbaszadə Meşkini, İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin müavini Seyid Əhməd Musəvi Məliki, beynəlxalq ekspert Əlirza Pişəvər, İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Seyid Əhməd Hüseyni müşayiət ediblər.

 Səbuhi HƏSƏNOV

Həmçinin oxuyun

Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq – Belarus Prezidenti

Bizim razılığa gəldiyimiz bütün məsələlər reallaşacaq. MEDİAKTİV.AZ-ın məlumatına görə, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin …